QAFSAM-ın sədr müavini: "Ermənistan reallığında hər şey mümkündür... Moskvanı prosesdən kənarda qoymaqla sülhlə bağlı müsbət nəticə əldə etmək mümkün görünmür"
Dünən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüssel şəhərində növbəti dəfə bir araya gəldilər. Axşam saatlarında keçirilən üçtərəfli görüş 4 saatdan çox davam etdi. Görüşdən sonra Ş.Mişel bəyanat yayıb. Bəyanatda vurğulanır ki, Aİ gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz regionunu təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayır.
"Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər", - deyə sənəddə qeyd edilib.
Prezident Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.
Ş.Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.
Bəyanatda ən önəmli məqamda qeyd edilir ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; 2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı təşviq edib. Aİ özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə qarşılıqlı əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.
"Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər", - Mişelin yaydığı bəyanatın sonunda qeyd edilib.
Görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. Mişelin bəyanatına uyğunluğu ilə seçilən açıqlamada qeyd edilib ki, liderlərin Brüssel görüşü Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.
Əsas vasitəçilərdən olan Rusiya tərəfindən də Brüssel görüşü ilə bağlı açıqlama verilib. "Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir sənədin imzalanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır. Bu, alqışlanır”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Brüssel görüşü və əldə olunan razılıqla bağlı fikirlərini AYNA ilə bölüşən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy deyib ki, sülhə doğru irəliləyişin müxtəlif mərhələləri var:
- Son dövrlər Aİ də, bu prosesə qoşulub. Həm Azərbaycanın manevr imkanları baxımından, həm gündəm baxımından, həm regionun gələcəyinə Aİ-nin verə biləcəyi töhfə baxımından Brüsselin prosesdə iştirakı vacibdir.
Brüssel görüşü ilə bağlı iki məqam var ki, onlara toxunmaq lazımdır. Son dövrlər istər Azərbaycan ictimaiyyətində, istərsə də Ermənistan cəmiyyətində belə fikirlər formalaşıb ki, Brüssel danışıqları, sülh prosesi istiqamətində atılan addımlardan Rusiya və Türkiyə kənarda qalıb. Bu, düzgün yanaşma deyil. Çünki regionda sülh və əməkdaşlığın davamında əsas problemlər təhlükəsizlik məsələsidir ki, bunun həllində Rusiya və Türkiyə önəmli faktordur. İkinci Qarabağ müharibəsində də müşahidə etdik ki, əsas söz sahibi bu iki ölkədir. Rusiya və Türkiyənin kənarda qaldığı sülh danışığının heç bir perspektivi yoxdur. Ona görə də, Moskva və Ankaranın prosesdən uzaqlaşdırıldığı fikri doğru deyil.
Əlbəttə, Azərbaycan maraqlıdır ki, bütün tərəflər, bütün güclər yekun sülh prosesində iştirak etsin. Bu, bir qədər də məsuliyyət bölgüsü yaratmaqdır. Bundan sonra Moskvada, hətta Türkiyədə də liderlərin, XİN başçılarının görüşlərinin keçiriləcəyini istisna etmirəm. Qarşıdakı aylarda biz liderlərin Moskvada, Soçidə, yaxud Peterburqda, eyni zamanda, Ankarada, İstanbulda, yaxud Antalyada görüşlərinin şahidi olacağıq. Yenə deyirəm, regionda əsas problem təhlükəsizliklə bağlıdır. İstər sərhəd məsələsi olsun, istər atəşkəsin saxlanılması ilə bağlı olsun, bir sözlə, sülhün əsas komponentləri təhlükəsizliklə əlaqəlidir. Təhlükəsizliyə təminatçı güc isə Rusiya və Türkiyədir ki, bu ölkələri gözardı etmək reallıqdan uzaqdır. Bütün razılaşmaların praktiki müstəviyə keçməsi həm Rusiyanın, həm də Türkiyənin mütləq iştirakı və zəmanəti ilə bağlıdır.
- Eləcə də, Qərbi gözardı etməyək?
- Təbii ki, Aİ ilə müzakirələrin sürdürülməsi, Qərbin təşəbbüsü ilə sülh danışıqlarının davam etdirilməsi çox lazımlıdır. Bu, həm Azərbaycan üçün, həm də Ermənistan üçün vacib amildir. Geosiyayasi, iqtisadi, mədəni baxımdan Aİ-nin təşəbbüslərinə müsbət cavab verilməlidir. Bir məqamı qeyd edim: Brüssel görüşünün bəyanatında Soçi görüşünə, Moskva görüşünə referans var. Yəni ki, Aİ də anlayır ki, Rusiyanı da, Türkiyəni də gözardı etmək olmaz. Daha bir məqam isə bəyanatın sonlarında qeyd olunan məsələdir. Orada bildirilir ki, tərəflər arasında iqtisadi proseslərin həlli ilə bağlı məsələlər də müzakirə edilməli, həll olunmalıdır. Məncə, ən əhəmiyyətli məqamlardan biri də, məhz budur.
- Sərhədlərin delimitasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının çağırılmasını, tərəflərin XİN başçılarına sülh sazişinin üzərində işləmək tapşırığını necə qiymətləndirirsiniz?
Razılaşmalar özlüyündə çox müsbət və vacibdir. Delimitasiya məsələsi əvvəlki razılaşmaların praktik mərhələsinə keçməsidir. Sülhlə bağlı müzakirələrin razılaşdırılması da önəmlidir, amma düşünürəm ki, bu, başlanğıcdır. Müzakirələr xeyli müddət davam edəcək. Mişel də müsahibəsində konkret tarix deyə bilmədi ki, bu, normaldır. XİN başçıları davamlı görüşəcəklər, müzakirə aparacaqlar. Ola bilsin ki, nazirlərin Fransada, Rusiyada, Türkiyədə görüşləri keçirilsin.
- Bundan əvvəl də bəyanatlar, razılaşmalar olub. Amma həmin razılaşmaların icrasını görmürük. Məsələn, Moskvada, eləcə də, Brüsseldə keçirilən bundan əvvəlki görüşdə kommunikasiyaların açılması razılaşdırılmışdı, lakin əsasən Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması səbəbindən icrası mümkün olmur. Son razılaşmalar da əvvəlkilərin taleyini yaşamayacaq ki?
- Baxın, razılaşmanın icrası zaman alan məsələdir. Məsələn, kommunikasiyanın açılması, dəmiryolunun işə düşməsini götürək. Qərarı verdikdən qısa müddətdə onu icra etmək praktik cəhətdən mümkün deyil. Tutaq ki, Azərbaycan və Ermənistan bəyanat verdi ki, dəmiryolunu açırıq, bu, bir aya, 5 aya necə mümkündür? Azərbaycan əraziləri minalarla doludur, təmizləməklə bitmir. Ermənistan tərəfində dəmiryolu yoxdur, olanı da söküb aparıblar. Zəngəzurdan qatarın keçməsi üçün əvvəlcə relslər olmalıdır. Prosesi izləsəniz görərsiniz ki, yolun açılması ilə bağlı hər iki tərəfdə addımlar atılır. Azərbaycan Prezidenti bildirdi ki, Ağbəndədək dəmiryolu iki ilə tamamlanacaq. Bu o deməkdir ki, tikinti 2023-cü ilədək başa çatacaq. Ermənistan tərəfi də yolla bağlı hökumətlə qərarlaşdırıb, bunun üçün maliyyə ayırıb. İşlər o tərəfdə də addımlar atılır, Paşinyan xüsusi komissiya yaradıb. Dediyim odur ki, razılığın icrasını görmək üçün səbrli olmaq lazımdır. Texniki məsələlər var ki, əvvəl onlar həllini tapmalıdır.
- Maraqlıdır ki, belə görüşlərdən, razılaşmalardan sonra Ermənistan rəsmilərindən, siyasilərindən zidiyyətli bəyanatlar səsləndirilir. Eyni zamanda, hərbi təxribatlara əl atırlar. Məsələn, dünənki Brüssel görüşündən 24 saat keçməmiş Ermənistan Silahlı Qüvvələri sərhədin Tovuz istiqamətində mövqelərimizi atəşə tutub. Görünən odur ki, nələrəsə "hə" deyən İrəvan razılaşmalardan yayınmaqla, vaxt uzatmaqla məşğuldur...
- Əlbəttə ki, sülh prosesini pozmaq istəyənlər, başlayan prosesi əngəlləmək istəyənlər var. Xüsusilə, Ermənistan tərəfində razılaşmaları, sülhün əldə olunması istiqamətindəki prosesi sabotaj etmək istəyənlər çoxdur. Həm Ermənistan ordusunda, həm siyasətçilər arasında, həm inzibati bürokratik sistemdə sülhün əldə olunmasını arzulamayanlar mövcuddur. Eyni zamanda, Paşinyan hakimiyyəti prosesdən qaçırmış görüntüsü yaradacaq. Bu, həm erməni ictimai rəyini çaşdırmağa hesablanıb, həm də Azərbaycan qarşısında manevr etmək üçün ediləcək. Amma proses gedəcək. 2023-cü ilin sonunadək kommunikasiyaların blokdan çıxarılmağa hazır olduğunu görəcəyik.
- Ermənistanla Azərbaycan bir dəfə sülhə bu qədər yaxın olublar, o zaman Ermənistanda hakimiyyət dəyişdi, ardınca parlament bombalandı, proses pozuldu. İndi sülhə yaxınlaşma, bəzi məsələlərdə razılaşma əldə olunur. Ola bilərmi ki, Paşinyan Ter-Petrosyanın 1997-ci ildəki taleyini yaşasın, 1999-cu ildə parlamentdə baş verən ssenari yenidən təkrarlansın?
- Ermənistan tərəfinin nala-mıxa vurmasının əsas səbəbi də odur ki, proses 1997 və 1999-cu ildəki kimi sabotaj olunmasın. Ermənistan reallığında hər şey mümkündür. Ona görə tərəflər mümkün olduğu qədər ehtiyyatlı davranış sərgiləyirlər. Eyni zamanda, prosesə Rusiya, Türkiyə, Avropa, hətta İran da cəlb edilir ki, hamı sülhün, təhlükəsizliyin təminində maraqlı olsun. Kimsə hansısa formada prosesi poza, sabotaj edə bilməsin. Əvvəldə də dediyim kimi, Moskvanı prosesdən kənarda qoymaqla sülhlə bağlı müsbət nəticə əldə etmək mümkün görünmür. Hesab edirəm ki, prosesin pozulmaması üçün hər iki tərəf, xüsusilə də, Azərbaycan yetərincə peşəkar diplomatik addımlar atır. Rəsmi Bakı istəyir ki, sülhü pozacaq hansısa hadisə olmasın. Belə deyək ki, "yolda qəza baş verməsin". Prosesin ləng getməsi həm də bunun sabotaj edilmə ehtimalı ilə bağlıdır.