"Yaşlı erməni paltarı iyləyib dedi ki, "bu, türk malıdır - qan iyi verir""

Siyasət

01.09.2019 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Qafar Çaxmaqlı: "Biz Türkiyədə ermənilərə uduzuruq ki, bu da Azərbaycan dövlətinin məsələyə münasibətinin nəticəsidir"

 

Ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin Ermənişünalıq bölməsinin rəhbəri Qafar Çaxmaqlı AYNA-nın qonağı olub. Müsahibimiz Türkiyə cəmiyyətinin “erməni açılımı”, “erməni soyqırımı” məsələlərinə yanaşması, ümumiyyətlə, türk insanının ermənilərə münasibəti barədə suallarımıza aydınlıq gətirib.

 

- Qafar müəllim, bir müddət öncə Türkiyədə “erməni açılımı” məsələsi gündəmə gəldi, ancaq sonradan ortalığa sükut çökdü. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir?

 

- Bəlli zamanlarda “erməni açılımı”, “kürd açılımı” məsələsi Türkiyənin gündəmini məşğul etmişdi, bu, o vaxtkı  Baş Nazir Əhməd Davudoğlunun ideyası idi. Qonşularla “sıfır problem” siyasətini həyata keçirmək istəmişdi, amma Türkiyə bütün qonşularla problemli hala gəldi. Guya ki, Türkiyənin daxilində və xaricində olan problemlərin üzərinə getmək anlamında bu siyasət yürüdülməyə başlamışdı. Amma bunlar hamısı iflasa uğradı. Çünki həm dövlət, həm millət olaraq bu məsələyə açıq olmaq lazımdır.

 

Həmçinin qarşıdakı millətin sənə qarşı münasibətini aydınlaşdırmalısan. Öyrənməlisən ki, bu siyasəti irəli sürərkən qazancın nə olacaq, nəyi itirə bilərsən. Təəssüflər olsun ki, bunların heç biri hesablanmamışdı. Bu açılımlar Türkiyənin siyasi reytinqinə müəyyən qədər zərbə vurdu, “kürd açılımı” məsələsi, sanki terrorçularla bir əlaqə şəkli aldı, Habur qapısında terrorçular qaval- zurna ilə qarşılandılar.

 

“Erməni açılımı” məsələsi həm Abdullah Gülün, həm də Əhməd Davudoğlunun "ayağına yazılmalıdır". Əsas məqsəd ermənilərlə diplomatik əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün bir “futbol diplomatiyası” ortaya atdılar, düşündülər ki, bununla gələcəkdə əlaqələr yaxşılaşacaq. Ancaq bu da olmadı. Ola da bilməzdi. Çünki bu məsələyə də kor-koranə gedilmişdi, situasiya, məsələyə ermənilərin baxışı yetərincə öyrənilməmişdi.

 

2009-cu ildə Ermənistan-Türkiyə əlaqələrini normallaşdırmaq üçün protokolların imzalanması da yanlış idi. Ermənistan Konstitusiya Məhkəməsi - öz dövlətinin Türkiyəyə ərazi iddialarını  bəyan edən qurum onu təsdiqləyərdimi? Türkiyədə bunu da hesablamamışdılar. Və həm əlaqələrin normallaşdırılması, həm də sərhədlərin açılması ilə bağlı Sürix protokollarını, gözlənildiyi kimi, Ermənistan Konstitusiya Məhkəməsi təsdiq etmədi. 

 

Sonra bu məsələni futbol topu kimi ordan bura, burdan ora atdılar. Ermənistan bu məsələ ilə bağlı da götürdüyü şifahi öhdəliyə əməl etmədi, Dağlıq Qarabağ ərazisindən erməni ordusu çıxarılmadı. Həmin protokollar rəfə qaldırıldı. Sarkisyan da gedə-getdə Ermənistanın bu protokollardan çəkildiyini elan etdi. Bununla da Ermənistan-Türkiyə münasibətləri 1993-cü il səviyyəsində qaldı.

 

- Ermənistanla Türkiyə arasında münasibətlər əməldə də sərindir, yoxsa ancaq vəziyyət sözdə belə təqdim olunur?

 

- Ermənistanla Türkiyə arasında Gürcüstan üzərindən gediş-gəliş var. Ermənistan vətəndaşları Türkiyədə yaşayırlar, işləyirlər, İstanbuldan Yerevana təyyarə reysi var, avtobus gedir, ticarət əlaqələri mövcuddur. Ermənilər Gürcüstan üzərindən edilən ticarət əlaqələrində itirdiklərinə görə tez-tez şikayət edirlər.

- “Erməni açılımı” xalqın seçiminə buraxılarsa, Türkiyə cəmiyyəti buna razı olarmı?

 

- Biz elə toplumuq ki, tarixdə olanları unuduruq, bağışlayırıq. Əslində, insanlıq tarixində belə şeylər qəbulediləndir. Türkiyə cəmiyyətində də ermənilərə elə ciddi nifrət yoxdur. Ermənilərin tarix boyu türklərə yaşatdıqlarını müəyyən bir toplum, siyasilər bilir, amma erməni toplumuna qarşı hər hansı reaksiya yoxdur. Türkiyədə yaşayan 50-60 minə yaxın erməni özünü çox sərbəst, rahat hiss edir. Ermənistandan Türkiyəyə gedənlərə də vaxtilə qətllər törətmiş cinayətkarların nəvələri kimi baxmırlar. Bu da bəşər övladına, insaniyyətə yaraşan addımdır.

 

- Bəs, Türkiyədəki erməni toplumuna türklərə münasibəti necədir?

 

- Qarşı tərəfin Türk toplumuna münasibəti fərqlidir. Sizə bu günlərdə izlədiyim bir videodan danışmaq istəyirəm. Video Yerevanda bir mağazada çəkilib. Satıcı Türkiyə malı satır. Bir yaşlı kişi mağazaya girir, soruşur ki, satdığın əsl türk malıdır? Satıcı da and-aman edir ki, əsl türk malıdır. Yaşlı kişi köynəyi götürüb iyləyir və deyir ki, “hə, türk malıdır, çünki qan iyi gəlir”. Siz nifrətin dərəcəsinə baxın.

 

Ermənistandan Türkiyəyə gələn ermənilər də təxribata əl atırlar. Belə ki, əllərinə Ermənistanın, “Dağlıq Qarabağ”ın "bayrağını" alırlar və sanki, əzələ nümayiş etdirirlər. Ağrı dağına çıxıb, “Dağlıq Qarabağ”ın "bayrağını" sancırlar. Yəni bütün ermənilər Türkiyəyə xoş məqsədlə getmir.

 

- Sizin Anastas Mikoyanla bağlı yazdığınız kitabın ön sözündən anlaşılır ki, Türkiyə cəmiyyəti erməni vəhşilikləri barədə çox az məlumatlıdır. Səbəb nədir?

 

- Ermənilər tərəfindən Türkiyədə çox güclü təbliğat aparılır. Bir misal çəkim. Ankarada bir kitab evi var, orada kitabımı gözəgörünən yerdə qoyublar, ancaq ətrafında ermənilərin türkcə yazdıqları və ya tərcümə olunmuş kitabları düzülüb. Kitablardan ikisi bizlərə aiddirsə, onu ermənilərə məxsusdur, onların iddiasını təbliğ edən nəşrlərdir.

Qafar Chaxmaqli adlı şəxsin şəkli.

Biz Türkiyədə ermənilərə siyasətdə uduzuruq. Türkiyə televiziyalarında, mətbuatında, siyasətində ermənilərə uduzmaq Azərbaycanın zəifliydir, Azərbaycan dövlətinin bu işə münasibətinin mənfi nəticəsidir. Bu barədə tədbir görülməlidir, dövlət, səfirlik, konsulluq bununla maraqlanmalıdır. Qarsda Azərbaycan konsulluğu olmasına baxmayaraq, şəhərin küçələrində erməni bayraqları ilə gəzirlər, Vanda Axtamara yürüşlər olur.

 

Bir məsələni də qeyd edim ki, Türkiyə araşdırmaçıları Azərbaycanla bağlı çox dərin araşdırmalar aparıblar və bunu davam etdirirlər. Bizdən fərqli olaraq, bir fundamental tarix yaradıblar və o tarixin içərisində Azərbaycanın problemlərinin xüsusi yeri var. Bəzi səbəblərdən fərqli xüsusiyyətlərimiz olsa da, bu yaxınlaşma davam edir. İnanıram ki, 50 ildən sonra Azərbaycan türkü ilə Türkiyə türkünün heç bir fərqi olmayacaq.

 

- Həmin araşdırmaçıların, siyasətçilərin Azərbaycanın Ermənistanla bağlı indiki mövqeyinə münasibəti necədir?

 

- Türkiyənin yeganə mövqeyi var: Dağlıq Qarabağdan erməni qoşunları çıxmayana qədər Ermənistanla sərhədlər açılmayacaq. Dövlətin başında kimin olmasından asılı olmayaraq, bu dəyişməyəcək.

 

Əskiklərimiz ondan ibarətdir ki, biz Türkiyəni var gücü ilə sıx şəkildə Dağlıq Qarabağ probleminin üzərinə getməyə cəlb edə bilmirik. Çalışmalıyıq ki, Türkiyə Azərbaycanda da öz ölkəsində apardığı siyasəti yürütsün, Azərbaycanı yad dövlət kimi görməsin, bizim problemlərimizə daha yaxından müdaxilə etsin, Qarabağ məsələsi hər zaman Türkiyənin gündəmində olsun, Rəcəb Tayyib Ərdoğanın bütün bəyənatlarında Qarabağ problemi yer alsın. Ordumuzun gücü ilə və ya anti-terror əməliyyatlar apararaq, Qarabağ problemini həll edə bilmiriksə, Türkiyəni buna cəlb etməliyik. Çünki Türkiyə böyük gücdür, dünyada söz sahibidir, Dağlıq Qarabağ məsələsini də onların üzərinə, sanki öhdəlik kimi qoymalıyıq.

 

- Bir məsələni də soruşmaq istərdim. Türkiyədə yaşayan ermənilərin özlərinin qondarma “erməni soyqırımı” məsələsinə münasibəti necədir?

 

- Çox yaxşı sualdır. “Türkiyədə ermənilər yaxşı yaşayırlar, buna rağmən nə üçün öz dövlətlərini müdafiə etmirlər”, – deyə haqlı suallar ortaya çıxır. Öz  dövlətindən yararlanan, qaymaq kimi işlərdə işləyən erməni camaatı, din adamları var ki, buna indiyədək münasibət bildirməyiblər. Bu isə o deməkdir ki, onlar Ermənistan tərəfindən irəli sürülən ideologiyanı müdafiə edirlər. Bu, əsassız “erməni soyqırımı” iddialarıdır. Əminəm ki, onların özlərindən “erməni soyqırımı” barəsində soruşulsa, onlar da Ermənistandakı mövcud fikri dəstəkləyərlər.

 

Baxın, onların ən öndə olan şəxslərindən olan Hrant Dink deyirdi ki, “Yaxşı,qəbul edək ki, “erməni soyqırımı” olmayıb, amma Şərqi Anadoluda tutaq ki, bir milyon erməni yaşayırdı, ancaq indi həmin ermənilər yoxdur. İndi bunun adını siz qoyun, bu, soyqırımı deyilsə, nədir?" Təxminən, belə fikirlər söyləyirlər İstanbulda öndə olan ermənilər. 

 

Erməni kökənli kitab yazarları var ki, kitabların ön hissələrində bir qədər türkləri tərifləyirlər, amma XX əsrin əvvəllərinə çatanda Ermənistandakı fikirləri səsləndirirlər. Levon Panos Dabağyanın, Riçard Kirakosyanın və digərlərinin əsərlərində də bu fikir hakimdir.

- Hrant Dinkdən söz düşmüşkən, hazırda Türkiyədə ermənilərə qarşı anoloji təhlükə varmı?

 

- Məncə, yoxdur. Hrant Dinkin öldürülməsindən sonra müəyyən dərslər də çıxarıldı. Onun öldürülməsində Türkiyə dövlətinin, xalqının heç bir əli yoxdur. Bu hadisə FETÖ-nün işi idi, bunu o vaxt da demişdim. Həmçinin, Türkiyə ilə Rusiya arasındakı təyyarə qəzası, "Balyoz", "Ergenekon" məsələləri də onların işi idi.

 

- Türkiyədə FETÖ-nün kökünü kəsmək mümkün olubmu, yoxsa hələ də təhlükə var?

 

- Təhlükə hələ də var, çünki FETÖ-nün ayrı-ayrı ayaqları vardı. Bu ayaqqların bəziləri “qırıldı”, amma hələ də onların kökü kəsilməyib.

Müəllif: Rumiyyə Miraslan