“Spotify” müharibəni dəstəkləyən rusiyalı ifaçıların səhifələrini silib

Dünya

28.06.2024 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Səhifələrdəki bütün mahnılar yoxa çıxıb, bəzi hesablar isə hətta axtarışda çıxmır

"Spotify" musiqi axını xidməti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyən bir neçə rus ifaçının səhifələrini silib. AYNA xəbər verir ki, bu barədə “Rodnoy Zvuk” “Telegram” kanalı məlumat yayıb.  Səhifələrdəki bütün mahnılar yoxa çıxıb, bəzi hesablar isə hətta axtarışda çıxmır.

“Zərər görənlər” arasında Şaman, Çiçerina, Polina Qaqarina, Qriqori Leps, Oleq Qazmanov və Lyube qrupu da var idi. Onların hamısı əvvəllər Avropa İttifaqı (Aİ) sanksiyalarına məruz qalıblar: iyunun sonunda Şaman və Qaqarina, 2022-ci ilin dekabrında Leps, 2022-ci ilin oktyabrında Çiçerina, Qazmanov və Lyube lideri Nikolay Rastorquev.

Aİ-nin sənətçilərə qarşı sanksiyalar tətbiqinin səbəbi onların Kremlin təşkil etdiyi təbliğat konsertlərində dəfələrlə iştirakı, həmçinin “Rusiya Silahlı Qüvvələri üçün hərbi əyləncə tədbirləri” çərçivəsində döyüş bölgəsində çıxışları olub. Bundan əlavə, hökumət tərəfindən maliyyələşdirilən tədbirlərdən gəlir əldə etmək və ümumiyyətlə hakimiyyət orqanları ilə əməkdaşlıqdan faydalananlar sanksiya siyahısına salınıb.

Bundan əvvəl “Spotify”da bir sıra rus musiqiçilərinin, o cümlədən Slava Marlov, Soda Luv, Yaniks, Cesus və Lidanın səhifələri dağıdılıb. Hakerlər bəzi sənətçilərin avatarlarını dəyişib, Şamanın isə bütün mahnıları silinib. Ötən ilin payızında hakerlər Leps, Qazmanov və digər ifaçıların hesablarını sındırıblar. Musiqiçilərin profillərində “Ukraynada müharibəni dayandırın” başlığı ilə Lvovdan olan rəssam Klonneksin şəkli əks olunub.

“Spotify” musiqi, audiokitablar və podkastlara qulaq asa biləcəyiniz dünyanın ən böyük axın xidmətidir. 2024-cü ilin aprel ayına olan məlumata görə, onun 600 milyondan çox abunəçisi var. Rusiyada xidmət rəsmi olaraq 2020-ci ilin iyulunda istifadəyə verilib. Lakin 2022-ci ilin aprelində Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar “Spotify” Rusiyadakı fəaliyyətini rəsmən dayandırıb. Şirkət daha sonra Rusiya üzrə hüquqi şəxsi ləğv edib.

Müəllif: Ayna.az