Şirnikləndirici iş elanlarının qurbanları, diləndirilən uşaqlar və... - İNSAN ALVERİ 

Cəmiyyət

05.05.2022 - 14:10

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Bu gün Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Məlumatı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı, milli koordinator Seyfulla Əzimov təqdim edib. Koordinator deyib ki, fundamental insan hüquq və azadlıqlarını pozan insan alveri transmilli cinayətlərin ən təhlükəli növlərindən biridir. 

General: "Küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb"

Nazir müavininin sözlərinə görə, buna qarşı regional və dünya miqyasında tədbirlər görülməlidir: “Azərbaycanda insan alveri cinayətlərinin qarşısının alınması davam edir. Bu sahədə aidiyyəti qanunvericilik bazası 2021-ci ildə də təkmilləşdirilib. 2021-ci ildə insan alveri cinayətlərinin aşkarlanması sahəsində tədbirlər davam etdirilib”.

"Küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb", deyən S.Əzimovun sözlərinə görə, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb: "Müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı ilə bağlı yerli icra hakimiyyətinə müvafiq tədbirlər haqqında tövsiyələr göndərilib. Uşaqların sonrakı taleyi ilə bağlı addımlar atılıb".

Deputatdan ABŞ Dövlət Departamentinə tənqid: "Bu, necə ola bilər?

Koordinator məlumatı təqdim etdikdən sonra sənəd deputatlar tərəfindən müzakirəyə çıxarılıb. Müzakirə zamanı ABŞ Dövlət Departamenti tənqid edilib. Belə ki, deputat Azay Quliyev Dövlət Departamentinin Azərbaycandakı insan hüquqları və media azadlığının vəziyyətinə dair hazırladığı hesabatların həqiqətə söykənmədiyini vurğulayıb: "Həmin hesabatda bəzi Afrika ölkələri indekslərdə öndə göstərilir, bu, necə ola bilər?”. 

Millət vəkili onu da qeyd edib ki, insan alveri cinayətləri bəzən internet üzərindən həyata keçirilir: “Vətəndaşlar çox zaman internetdən bu kimi elanlara aldanırlar. Eyni zamanda, şirnikləndirici iş elanları var ki, bunlar da araşdırılmalıdır”.

“Erməni quldurlar itkin düşmüş azərbaycanlılardan insan alverində istifadə ediblər”

“İnsan alveri cinayətlərinin artması dünyada baş verən proseslərlə də bağlıdır. Hər bir vətəndaş bununla mübarizəyə öz töhfəsini verməlidir. ABŞ Dövlət Departamenti 10 il əvvəlki hesabatını hər il yenidən verir. Antimilli olan Milli Şuranın donosları ilə yazılan bu hesabatlarda heç Avropada baş verən problemlər yer almır. Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşməsi niyə araşdırılmır? İndi kütləvi məzarlıqlar aşkarlanır. Əminəm ki, itkin düşən 4000-dək azərbaycanlının bəzisi erməni quldurlar tərəfindən insan alverində istifadə edilib. Amma Avropada, beynəlxalq tribunalarda bunlarla bağlı heç nə səsləndirilmir". Bu sözləri isə müzakirə zamanı deputat Siyavuş Novruzov deyib.

Spiker Dövlət Departamenti barədə deputatlara tapşırıq verdi

Millət vəkili qeyd edib ki, bu gün çox çətin proseslər gedir: "Biz var qüvvəmizlə çalışmalıyıq ki, bu səpkili işlərə qarşı mübarizə aparaq. Bunun üçün dəqiq qeydiyyat işlərinə fikir verməliyik. Ölkəyə daxil olan miqrantlar, ölkənin özünün daxilində regionlardan şəhərə gələnlər bəzi hallarda insan alverinin qurbanına çevrilirlər”.

Milli Məclisin Sədri Sahibə Qafarova ABŞ dövlət Departamentinin Azərbaycanla bağlı hesabatları haqqında deputatlara tapşırıq verib. S.Qafarova Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı məsələlər düzgün qeyd edilmədiyi haqqında deputatların fikirlərinə toxunub: "Bizim beynəlxalq təşkilatlarda təmsil olunan deputatlarımız var. Onlar təşkilatlarda, beynəlxalq konfranslarda Azərbaycanla bağlı məsələlərə xüsusi diqqət etməli, xarici həmkarlara geniş məlumat verməlidirlər".

"Pandemiya zamanı insan alveri nəinki azalıb, əksinə, onun yeni trendi - “online, kiber insan alveri” sürətlə inkişaf edib"

Müzakirəyə qoşulan deputat Zahid Oruc bildirib ki, sürətlə böyüyən bu gəlirli qlobal cinayətin, insan alverinin illik dövriyyəsi 150 milyard dollar təşkil edir: "BMT dünyada insan alverinin son 13 ildə rekord həddə yüksəlməsini qeydə alıb. BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin son hesabatına görə, dünyada müəyyən edilmiş hər 10 qurbana təxminən 5 qadın və 2 qız düşür. Cinsi istismar insan alverinin ən çox müəyyən edilmiş forması olaraq qalır: "Ümumilikdə müəyyən edilmiş qurbanların 50 faizindən çoxu cinsi istismar məqsədi ilə insan alverinə məruz qalıb. Hətta qlobal pandemiya zamanı insan alveri nəinki azalıb, əksinə, onun yeni trendi - “online, kiber insan alveri” sürətlə inkişaf edib. Bura insan alverini həyata keçirən qrupların maddi sıxıntı yaşayan ailələri hədəfə alması, işə götürmək adı ilə saxta təklifləri və s. əlavə olunub. Bu da insan alverinə qarşı yeni qlobal səyləri ortaya qoymağı tələb edir”.

"44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan yalnız haqq-ədaləti bərpa etməyib, Azərbaycan eyni zamanda, nəinki regionda, bütövlükdə dünyada insan alveri bəlasına qarşı mübarizəyə böyük töhfə verib. 30 il boyunca qanunsuz məskunlaşma, qaçaqmalçılıq və bu kimi transmilli cinayətlərin “boz zonasına” çevrildiyi Qarabağın azad olunması dünyada insan alverinə qarşı mübarizəyə dövlətimizin töhfəsidir”, - deyə Z.Oruc əlavə edib.

Maraqlı sual: "Cinayətlərin illik sayının artması kontekstində məsuliyyətə cəlb edilmiş şəxslərin sayının azalması nə ilə bağlıdır?"

Deputat Vüqar Bayramov isə bildirib ki, insan alveri sahəsində Milli Fəaliyyət Planının icrası əsas prioritetlərdən hesab olunur: "Bununla yanaşı, daha məqsədə uyğun olardı ki, Fəaliyyət Planında nəzərdə tutulan konkret istiqamətlər üzrə təhlil aparılaraq mövcud vəziyyət, əldə edilən uğurlar və çağırışlar təqdim olunsun".

"İnsan alverinə qarşı mübarizədə preventiv tədbirlərin həyata keçirilməsi vacib istiqamətlərdəndir. Hesabatda da qeyd olunduğu kimi, bu istiqamətdə də fəaliyyətlər gücləndirilib. Bununla yanaşı, sənəddə həyata keçirilən preventiv tədbirlərin siyahısı və onların potensial təsirləri barədə daha geniş məlumat verilməsi məqsədə uyğun olardı. Hesabatda təhsil müəssisələrində keçirilmiş 700-ə yaxın maarifləndirmə tədbirləri barədə məlumat verilib. Maarifləndirmə tədbirləri olduqca təqdirəlayiqdir. Bununla yanaşı, daha məqsədəuyğun olardı ki, burada maarifləndirmə keçirilən müəssəsisələrə təhsil pillələrinə uyğun olaraq təsnifləşdirilərək təqdim olunsun", - millət vəkili qeyd edib.

V.Bayramovun sözlərinə görə, insan alveri cinayətlərinin növləri son il üzrə qeyd olunur: "Yaxşı olardı ki, bu strukturun son illər üzrə necə dəyişməsinin təhlili aparılsın. Hesabatdan aydın olur ki, insan alveri cinayətlərinin sayında son illər artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu rəqəm 183 idisə daha sonra artan tendensiya ilə 2021-ci ildə 202-dək yüksəlib. Bununla belə, insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sayında azalma qeydə alınıb. 2018-ci ildə bu rəqəm 34 idisə, 2021-ci ildə 13-dək azalıb. Cinayətlərin illik sayının artması kontekstində məsuliyyətə cəlb edilmiş şəxslərin sayının azalması nə ilə bağlıdır? Son 3 ildə insan alveri qurbanlarının sayı 91-dən 95-dək yüksəlib. Maarifləndirici və preventiv tədbirlərin bu saya təsirləri ayrıca olaraq qiymətləndirilib".

Deputatların müzakirəsindən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu