Bitməyən cəhalət - <font color=red> Süd vəzisinə banka qoyan qadın əməliyyatlıq oldu</font>

Cəmiyyət

11.10.2019 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Həkim: “Qadınlar bu orqanlarını özbaşına “müalicə” etməklə, əksinə pis fəsadlara gətirə bilərlər"

 

Bir neçə gündür həkimlər süd vəzisinə banka qoyan qadını müzakirə edirlər.

 

İnsanlar xalq təbabəti adı ilə yerli-yersiz bədən nahiyələrinə banka qoymaqda davam edirlər. Bir qadın bu dəfə bankanı süd vəzisinə qoyub, nəticə isə əməliyyatla bitib.

 

Həmin qadını müayinə edən həkim-mamaloq radioloq Günel Qəmbərova AYNA-ya açıqlamasında hamının təəccübünə səbəb olmuş bu bankaqoyma prosesinə aydınlıq gətirib: “Bizdə banka qoymaq bir adətdir. Bir xanım gəldi ki, “döş nahiyəm ağrı verirdi, banka qoydum”.  Qəbula gələndə artıq qadının süd vəzisindən qanlı ifrazat gəlirdi. Bir həkim kimi hələ də təəccüb içindəyəm. Axı vəz orqanına necə banka qoymaq olar? 30 yaşlarında olan qadın həm də Bakı sakinidir, ucqar bölgədə yaşasaydı, hardasa onun məlumatsızlığını başa düşmək olardı”.

Həkimin sözlərinə görə, qadın özü yalnış addımına görə təqsirli olduğu halda, həkimlərlə ünsiyyətdə də aqqressivlik göstərib: “Biz pasiyentə məsləhət gördük ki, ətraflı müayinə lazımdır. Onun bu vəziyyətini hərtərəfli analiz etmək üçün USM müayinəsi kifayət deyil. Ancaq qadın buna razılıq vermirdi. Xeyli danışdıqdan sonra nəhayət ki, inadkar xanımı müayinəyə razı saldıq və onda ciddi nəticələr aşkarlandı. Kontrastlı mammoqrafiya (duktoqrafiya) edərək, axarlara baxdıq. Nəticədə radioloji rəyə görə məlum oldu ki, qadının süd vəzisinin birinin axarları hədsiz deformasiyaya uğrayıb, qoyulan banka nəticəsində xaotik düzülüş alıb. Digər süd vəzisində isə axardaxili papiloma  aşkarlandı”.

Həkimin sözlərinə görə, süd vəzinə qoyulmuş banka süd vəzində təzyiqi qaldıraraq bir axarı deformasiya etmiş, digər axarda isə kilinik əlamət verməyən və hədsiz kiçik ölçüdə olan papilomaları böyüdüb: “Həmin qadın üçün əməliyyat göstərişi verildi və o artıq əməliyyat olunub”.

Günel Qəmbərova söhbətimizin sonunda qadınları süd vəzisini vaxtında müayinə etdirməyi məsləhət gördü: “Qadınlar bu orqanlarını özbaşına “müalicə” etməklə, əksinə pis fəsadlara gətirə bilərlər. Mütləq həkim müayinəsi vacibdir”.

Müəllif: Raminə Eyvazqızı