“Səfirliyə basqın edən “Mehdinin Nökərləri” İranın dəstəklədiyi proksi qruplardandır”

Aktual

06.08.2022 - 10:24

Rəşid Hacılı: “Bu, Britaniya adına böyük skandaldır, çünki diplomatik korpusların təhlükəsizliyinin, normal işləməsinin təmin olunması yerləşdiyi ölkənin birbaşa vəzifəsidir”

Avqustun 4-də Azərbaycanın Böyük Britaniyanın paytaxtı Londonda yerləşən səfirliyinə radikal dindarların hücumu, bunun səbəbləri barədə bir sıra suallar var ki, hələlik bu suallar açıq qalır. Hücumun təşkilatçıları – radikal dini təşkilat kimi tanınan “Mehdinin Nökərləri” Birliyi olub. Birliyin saytında yerləşdirilən bəyanatda radikallar bu barbarlığın səbəblərini qismən açıqlayıblar. Onların iddialarına görə, guya “Azərbaycanda şiələrin hüquqları pozulur” və bunlar da sözügedən aksiyanı keçirməklə “hüququ pozulan şiələr üçün etiraz səslərini ucaldır, bunun qarşısını almaq” istəyirlər.

Bir çox ekspertlər isə bu fikirlərin absurd olduğunu bildirməklə yanaşı, sözügedən vəhşi aksiyanın təşkilində maraqlı qüvvələrin olduğunu bildirirlər. Bununla yanaşı, “Mehdinin Nökərləri”nin səfirliyə hücumunun qarşısının İngiltərə hüquq-mühafizə orqanları tərəfindən zamanında alınmaması da açıq qalan suallar arasındadır.

Hadisə ilə bağlı mülahizələrini AYNA-ya söyləyən Media Hüququ İnstitutunun rəhbəri, Avropada yaşayan ictimai xadim Rəşid Hacılı deyib ki, radikalların səfirliyə barbar hücumu çox yerə yozula bilər:

- Gerçək faktlara söykənən bir mühüm səbəb isə ortadadır: İranın şiəliyi siyasi silaha çevirməsi və bundan Azərbaycan dövlətinə qarşı İranın dövlət maraqlarını təmin etmək üçün fəal istifadə etməsi. Azərbaycanda şiələrlə sünnilərin sayının bir-birinə yaxın olmasına, fəal dindar olmayanların, heç dindar olmayanların sayının onlardan daha çox olmasına baxmayaraq, çoxsaylı dini və siyasi aksiyaları ilə məhz şiə qrupları seçilir. Onlar çox fəaldırlar, mütəşəkkildirlər, bütün hadisələrdə özlərini göstərirlər, effektiv media resurslarına sahibdirlər. Bunun bircə səbəbi var - İranın fəal iştirakı və dəstəyi.

Yüzlərlə gənci İranda təlimlərə cəlb etməklə, Qum və başqa mərkəzlərdə dini təhsil verməklə, maddi və sair dəstəklə onları rəy sahiblərinə çevirirlər. Üstəlik, İranda məhz Azərbaycandan olanların iştirakı ilə qruplar, mərkəzlər fəaliyyət göstərməkdədir. Olan və olmayanı düzüb-qoşub Azərbaycandakı dindarların beynini yumaqdadırlar. “Hüseynçilər”, “Zeynəbçilər” və s. kimi qrupları məhz onlar idarə edir və media dəstəyi verirlər. Son günlər isə Binədə hasarın üzərinə “Ləbbeyk ya Hüseyn” yazan qadının videosuna çürbəcür yalan təfərrüatlar qoşaraq yayırdılar. Yəni dünyaboyu şiə radikallarını Azərbaycana qarşı zəhərləyən məhz İrandır, onun yaradıb himayə etdiyi qruplardır.

- Amma belə məlumatlar var ki, “Mehdinin Nökərləri” İran hakimiyyətinə qarşıdır, İranın Ali Rəhbərini bəyənmir...

- Nəzərə almaq lazımdır ki, Londonda Azərbaycan səfirliyinə hücum etmiş, özünü “Mehdinin Nökərləri” adlandıran qrupun lideri də məhz İranın Qum şəhərində ruhani təhsili almış şəxsdir. O, böyük Ayətullah Şirazinin tələbəsidir və özünü onun ideyalarının davamçısı sayır. Həm də onun yaxın qohumudur. Ayətullah Şirazi İranda böyük nüfuz sahibi olan din xadimidir və həm Qum, həm də Şiraz şəhərində mədrəsələri var. Düzdür, Ayətullah Şirazi İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyini tənqid edir, özəlliklə onun dini və dünyəvi hakimiyyəti bir əldə cəmləşdirməsini qəbul etmir. Bu səbəbdən Xameneyiçilər onu tənqid edir, ona müxtəlif damğalar yapışdırmağa çalışırlar. Amma fakt faktlığında qalır ki, Londondakı “Mehdinin Nökərləri” qrupunun lideri həmin Şirazi ilə sıx bağlıdır.

“Mehdinin Nökərləri” eyni zamanda, İranın xaricdə dəstəklədiyi proksi qruplardan biri sayılır. Yadınıza salım ki, sovet dönəmində SSRİ-nin dəstəklədiyi sosialist və kommunist internasionalı var idi. Oradakı qrupların bəziləri Moskvanı bu və ya digər məsələlərdə kəskin tənqid edirdilər. Amma çoxları “KKB”-nin çətiri altından çox uzağa gedə bilmirdilər.

- Bu qrupun digər xarici ölkələrin xüsusi xidmət orqanlarının təsirində olması mümkündürmü?

- Əlbəttə, mümkündür. Belə radikal qruplar bəzən bir neçə dövlətin xüsusi xidmət orqanlarının təsir dairəsində olur. Onları başqa xüsusi xidmətlər də istifadə etmiş ola bilər. Hər bir halda ən birinci ehtimal İranın üzərinə düşür. Bu hücumun üzdə görünən səbəbi, guya ki, Azərbaycanda hasara “Ləbbeyk Ya Hüseyn” yazanın, şiə fəalların müdafiəsidir. Amma siz dediyiniz kimi, bu, həm də radikal dini qrupları idarə edən kənar dövlət adından xəbərdarlıq kimi də qəbul edilə bilər. Azərbaycanda baş verənlər təkcə Azərbaycanla Ermənistan arasındakı savaş deyil. Təkcə Azərbaycanla Rusiya arasında dartışma da deyil. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, içindəki illərin yarasını tam təmizləmək üçün inamlı addımlar atması, bölgədə srtateji əhəmiyyətinin yüksəlməsi və güclənməsinin İranın necə narahat etdiyini onun dövlət rəsmilərinin, siyasilərinin bəyanatlarından aydın görməkdəyik.           

- Britaniya hüquq-mühafizə orqanlarının bunun qarşısını almaması, yaxud ala bilməməsi sual doğurur. Doğrudanmı, Britaniya kəşfiyyatı be vandal aksiya barədə əvvəlcədən məlumatlı olmayıb?

- Bu, Britaniya adına böyük skandaldır. Elçiliklərin, diplomatların güvənliyinin, normal işləməsinin təmin olunması yerləşdiyi ölkənin Vyana Konvensiyasından irəli gələn vəzifədir. Bu, kənardan durub şüar demək, hətta yumurta atmaq məsələsi deyil. Bir ölkənin səfirliyinin binasına soxulmaq, onu tutmaq, dağıtmaq vandalizm aksiyasıdır. Britaniya hökumətinin bununla bağlı zəruri araşdırma aparacağını, Azərbaycanı təmsil edən şəxslərin tam güvənliyinə təminat verən şərait yaradacağını gözləyirəm. Güman edirəm ki, daşın haradan atıldığını bilmək üçün zəruri məlumatları da Azərbaycan tərəfinə verəcəklər.

- Britaniyadakı səfirimiz açıqlamasında bildirib ki, “təzyiq və təhlükələrə baxmayaraq, fəaliyyətimizi davam etdiririk”. Sizcə, diplomat hadisələrin təkrarlana biləcəyi mesajını vermədi ki?

- Şübhəsiz, bu, diplomatlar və səfirlik əməkdaşları üçün şokedici hadisədir. Şükür ki, heç kim xəsarət almayıb. Əməkdaşlar təmkinli davranıblar, protokola əməl ediblər. Amma etiraf edək ki, güvənlik hissi itib. Bundan sonra daha ehtiyatlı olmaq məcburiyyətində qalacaqlar - işdə də, evdə də, ölkə içində hərəkət edəndə də. Bu, əlbəttə, çətindir. Oxşar hadisələri başqa ölkələrdəki səfirliklərdə də törətmək çəhdləri ola bilər.

Azərbaycanın xarici kəşfiyyatına məsul olanlar bütün belə marginal dini qrupların Azərbaycana qarşı istifadə oluna biləcəyini nəzərə almalı, maksimum göz önündə saxlamağa çalışmalıdırlar. Həm Türkiyə, həm də digər dost ölkələrin təhlükəsizlik qurumlarının Azərbaycana bu işdə yardım edəcəyi şübhəsizdir.

Hadisə öz-özlüyündə elə də böyük bir şey deyil. Amma növbəti təxribatlar daha zərərli ola bilər. Eyni zamanda, hadisənin Azərbaycanın içində də nəticələri olacaq. Xüsusilə, bu, radikal dini qruplara, radikal şiələrə qarşı mənfi aura yaradacaq. Bir sıra məhdudlaşdırmalar da olacağını gözləmək olar. Amma hər bir halda bütün addımlar Konstitusiya və qanunlar çərçivəsində, ədalətlə, insan hüquqlarına əməl olunmaqla atılmalıdır.

Müəllif: Anar Bayramoğlu