“Putin müharibədən qabaq Paşinyanı devirmək istəyirdi, amma bu gün əksinə”

Aktual

01.12.2020 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

Elxan Şahinoğlu: “Erməni cəmiyyətinin bir hissəsi açıq səsləndirməsə də, daxilən sevinir ki, Qarabağ yükündən canları qurtardı”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən televiziya vasitəsilə erməni xalqına müraciət edib. İşğalçı ölkənin rəhbəri İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə Ermənistanın qarşısında duran hədəfləri açıqlayıb. Deyib ki, bu gün ölkə qarşısında duran ən vacib vəzifə Qarabağda əldə olunmuş sülhün qorunmasıdır: “Əldə edilmiş sülhü qorumaq, onu davamlı və daimiyə çevirmək çox vacibdir”.

 

Baş nazir Ermənistan və Qarabağ ətrafında sabitliyin, Laçın dəhlizinin fasiləsiz işinin təmin edilməsini və insanların Qarabağa qayıtmasını ən mühüm hədəflər adlandırıb. Hökumət əleyhdarlarının hakimiyyət və xalq arasında “ayırıcı xətt” yarada bilmədiyini deyən Paşinyan hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib: “Qarabağla bağlı bəyanat qəbul edilərkən yaranan şəraitdə başqa bir çıxış yolu yox idi. Çünki hər hansı başqa variant daha pis nəticələr verəcəkdi. Mən bunu dəfələrlə bildirmişəm”.

 

Hökumət rəhbəri müxalifətin ölkədə xaos yaratmaq və müharibəni Ermənistanın içərisinə istiqamətləndirmək istədiyini iddia edib: “Ermənistan müxalifəti hər zaman olduğu kimi, qanla hakimiyyətə qayıtmaq istəyir. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Bunu biz hakimiyyətdə möhkəm qalmağımız üçün deyil, erməni xalqının bunu istəmədiyi üçün edəcəyik. Müxalifət qüvvələri bu gün hakimiyyətə qarşı dezinformasiya yayır. Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər”.

Paşinyanın istefası tələbi ilə mitinq keçirilir – Bu dəqiqələrdə

Paşinyan “Facebook” hesabında yazdığı statusunda isə bildirib ki, əsir və girovların, meyitlərin qaytarılması üçün daxili siyasi birlik vacibdir. Onun iddiasına görə, guya, Azərbaycan tərəfi əsir və girovların, cəsədlərin dəyişdirilməsini ona görə ləngidir ki, Ermənistanda xaotik vəziyyət daha da dərinləşsin, etirazlar güclənsin.

 

Qeyd edək ki, Ermənistanda 17 müxalifət partiyası Baş nazir Nikol Paşinyan tərəfindən Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanata etiraz edərək İrəvanda mitinqlər keçirir. Müxalifət Baş nazirin istefasını, xilasetmə komitəsinin yaradılmasını və üçtərəfli bəyanatın bəzi müddəalarının dəyişdirilməsini tələb edir.

 

Düşmən ölkə mətbuatının yazdığına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Vətən Partiyasının sədri Artur Vanesyan deyib ki, müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan bir şəxsin Baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur: “Baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir. Yeni Baş nazir təcrübəli və qonşu dövlətlərin rəhbərləri ilə yaxşı əlaqələr qurmağı bacaran şəxs olmalıdır. Paşinyan istefa verməsə, Ermənistan siyasi böhrandan çıxa bilməyəcək. Siyasi böhran ölkə dağılanadək davam edəcək”.

 

Xatırladaq ki, müxalif partiya lideri olan Vanesyan da tərəfdarları ilə birgə noyabrın 29-dan paytaxt İrəvanda kütləvi etiraz aksiyasına başlayıb. Onlar Paşinyanın istefasını tələb edirlər. Aksiyaya Qarabağ müharibəsi zamanı ölmüş və itkin düşmüş əsgərlərin valideynləri də qoşulublar. Aksiya iştirakçıları polis zorakılığına məruz qalıblar.

 

“Paşinyan məğlubiyyətini etiraf etmək əvəzinə, hamını günahlandırır. Xüsusən də ölkə müxalifətini günahkar çıxarır. Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır. Yalnız bir nəfər günahkar deyil, o da Paşinyanın özüdür. Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar Baş nazirin özüdür”.

 

Bunu da Ermənistan Parlamentinin deputatı, “İşıqlı Ermənistan” Partiyasının sədri Qevorq Qarqisyan deyib. Bildirib ki, Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır: “Lakin Baş nazir müdriklik nümayiş etdirməli, istefaya getməlidir. Paşinyan erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir”.

 

Düşmən ölkənin daxilindəki çaxnaşmaları, siyasi qarşıdurmaları, Paşinyanın istefa məsələsini AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, müharibədə məğlubiyyətdən sonra müxtəlif versiyalar var idi: “Əsas versiya o idi ki, Paşinyanın hakimiyyətdən getməkdən başqa yolu qalmayıb. Bildirilirdi ki, onu ya devirəcəklər, ya da özü istefa verməyə məcbur olacaq. Paşinyanı devirmək mümkün olmadı, çünki erməni müxalifətinin özü də hazırda zəifdir. “Qarabağ klanı”nın nüfuzu isə Paşinyandan da çox aşağı düşdü. Çünki bu klanın liderləri, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana bağlı siyasi qüvvələrin reytinqi Birinci Qarabağ müharibəsindəki qalibiyyətə görə yüksək idi. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi “Qarabağ klanı”nın reytinqini sıfıra endirdi. Digər müxalif qüvvələr isə çox zəifdirlər, mitinqlərə 5-10 mindən çox adam yığa bilmirlər. Parlamentdə də Paşinyanı devirmək mümkün olmadı. Baxmayaraq, “Mənim addımım” fraksiyasının bir neçə deputatı istefa verdi, amma bu, Baş nazirin vəzifədən alınmasına yetmədi”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

Siyasi şərhçi deyib ki, bu gün Ermənistan əhalisinin 25-30 faizi hələ də Paşinyanı dəstəkləyir: “30 faiz dəstək Ermənistan üçün az deyil. Bir xüsusi məqamı da vurğulamaq lazımdır ki, erməni cəmiyyətinin bir hissəsi açıq səsləndirməsə də, daxilən sevinir ki, Qarabağ yükündən canları qurtardı. Çünki Qarabağ problemi sadə erməni xalqının bir hissəsini bezdirirdi. Uşaqları ölümə göndərilir, Ermənistan büdcəsindən separatçılara maliyyə ayrılırdı. İndi cəmiyyətin həmin kəsimi daxili rahatlıq keçirir ki, Qarabağ yükündən xilas olurlar. Belə olan halda Paşinyanı devirmək asan deyil”.

 

Qeyd edək ki, Paşinyan xalqa islahatlar da vəd edib, dağılmış iqtisadiyyatı bərpa edəcəyini bildirib. Deyib ki, islahatlar paketinin ilkin nəticəsi 6 daydan sonra özünü göstərəcək.

 

Şahinoğlu isə hesab edir ki, Paşinyan bunu deməklə cəmiyyətə 6 aya kimi məğlubiyyəti həzm etdirmək niyyəti güdür: “O demək deyil ki, 6 aya Paşinyan dağılmış iqtisadiyyatı bərpa edə biləcək, ölkəni sosial xaosdan çıxaracaq. Baş nazirin özü də anlayır ki, məğlubiyyətin fəsadlarını aradan qaldırmaq üçün onilliklər lazımdır. Sadəcə, cəmiyyəti bir az sakitləşdirmək, həm də özünü qorumaq istəyir. Çünki bu gün Paşinyan istefa versə, o, gərək ailəsini də götürüb xaricə qaça. Əks təqdirdə ona qarşı cinayət işi açılacaq, həbs ediləcək, xəyanət maddəsi ilə uzun illər içəridə çürüyəcək”.

 

“Qaldı ki, Paşinyanın hərbi əsirlərin, cəsədlərin dəyişdirilməsi məsələsinin uzanmasında Azərbaycanın maraqlı olması iddiasına, hesab edirəm ki, rəsmi Bakı bu baxımdan doğru addım atır. Ermənistanda nə qədər daxili gərginlik, xaos hökm sürsə, başları özlərinə qarışsa, bu, bizim maraqlarımıza uyğundur. Özü də bizim əlimizdə daha çox erməni əsiri var. Digər yandan, biz illərdir ki, onların əlində iki mülki şəxsimiz – Dilqəm Əsgərov və Şahbaz Quliyev girovdur. Biz dəfələrlə bildirmişik, Rusiya vasitəsilə müraciət etmişik ki, onları qaytarsınlar, amma rəsmi İrəvan bu çağırışımıza məhəl qoymayıb. Hətta, separatçıların girovlarımıza “məhkəmə” qurmasına, “hökm” oxumasına qədər imkan veriblər. Biz bu məsələni də qaldırmalıyıq, hərbi əsirlərin dəyişdirilməsi ilə yanaşı, illərdir girov saxladıqları mülki vətəndaşlarımızın verilməsini tələb etməliyik. Biz əsirləri dəyişiriksə, mütləq Dilqəm və Şahbazın azad olunması təmin edilməlidir. Paşinyan buna razılaşmasa, əsirlərin dəyişdirilməsi prosesini Azərbaycan bir müddət uzada bilər”, - deyə Mərkəzinin rəhbəri vurğulayıb.

 

Ermənistanın Baş nazirinin istefası, Ermənistandakı qarışıqlıqda Rusiyanın maraqlı olub-olmamasına gəldikdə, analitik deyib ki, müharibədən əvvəl Kreml Paşinyanın başqası ilə əvəzlənməsini istəyərdi: “Məsələn, Putin istəyərdi ki, Ermənistanda hakimiyyətə dostu, sabiq Prezident Robert Köçəryan gəlsin. Amma müharibədən sonra vəziyyət dəyişdi. Artıq Putin Paşinyanın devrilməsinin əleyhinədir. Birincisi, Köçaryanın hazırda reytinqi yoxdur. Moskva əmin deyil ki, Paşinyan devrilsə, onun yerinə Rusiyaya yaxın şəxs gələcək. Çünki Paşinyanın yerinə Qərbə meyilli şəxs də gələ bilər. Bu gün ruspərəst qüvvələrin Ermənistanda nüfuzu yoxdur ki, seçki yolu ilə həmin şəxslər hakimiyyətə gəlsinlər. Həm də, bu gün Ermənistanda Rusiyanın özünə qarşı da iradlar var, “Rusiya bizi satdı” deyirlər”.

 

“Putin və ətrafı anlayır ki, Paşinyan faktiki olaraq Rusiyadan asılı vəziyyətə düşüb. Moskva üçün Paşinyanı nəzarət altında saxlamaq daha münasibdir, nəinki onu başqa bir qərbpərəst siyasətçi ilə dəyişmək. Paşinyan devrilsə, yerinə gələn şəxs yenidən bölgədə vəziyyəti gərginkləşdirə bilər, müharibə alovlanar. Azərbaycan üçün bunun əhəmiyyəti yoxdur, çünki yenidən müharibə aparmaq gücündədir. Amma Rusiya müharibədə maraqlı deyil. Rusiya istəyir ki, Paşinyanın əli ilə məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirsin. Bu müddətdə də Paşinyan hakimiyyətdə qalsın. Digər tərəfdən, Rusiyanın elə bir nüfuzlu adamı yoxdur ki, Ermənistanda hakimiyyətə gətirə bilsin”, - deyə Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu