Sabiq dövlət müşaviri: “Mən Tehran tərəfindən atılan heç bir addıma təəccüblənmirəm”
Politoloq: “Niyə son 30 il ərzində İranın Azərbaycandakı səfirləri Ermənistanın sərhədimizi pozmasına görə həmin bölgələrə səfər etmədilər?”
Bu günlərdə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zöhuri Azərbaycanla sərhədə gəlib. Ermənistanın təxribatları nəticəsində silahlı gərginlik yaşanan Kəlbəcər istiqamətinə gələn İran səfiri erməni hərbçilərlə birlikdə Azərbaycan mövqelərini izləyib.
Zöhuri daha sonra Ermənistan-Azərbaycan sərhədi, sülhlə bağlı açıqlama verib. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, diplomat deyib ki, İran Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım etməyə hazırdır.
“İran səfiri iki ölkə (Ermənistan və Azərbaycan – A.B.) arasında sərhəd mübahisələrinin davam etməsi ilə bağlı narahatlıq ifadə edib, tərəflərin təmkinlilik nümayiş etdirməsinin və mövcud mübahisələrin sülh yolu ilə həllinin zəruriliyini bəyan edib”, - deyə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Diplomat qeyd edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi region xalqlarının maraqlarından irəli gəlir. O, İranın bölgədə uzunmüddətli sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu vurğulayıb.
Zöhurinin indiki məqamda Ermənistanın Azərbaycanla sərhədinə heç bir zərurət olmadan səfər etməsi bir çox suallara səbəb olub. Maraqlıdır, onun Azərbaycan torpaqlarını 30 il ərzində işğal edən və bugünlərdə də türk-müsəlman əhaliyə qarşı düşmənçilik edən Ermənistan ordusunun generallarının müşayəti ilə Qeqarkunik bölgəsinə səfəri hansı zərurətdən qaynaqlanır? Zöhurinin tarixi Azərbaycan torpaqlarında duraraq durbinlə sərhəddəki ərazilərimizə baxması, diplomatın ölən ermənilərin ailələrinə başsağlığı verməsi rəsmi Tehranın siyasətinə qarşı Azərbaycan ictimaiyyətinin narazılığını artırır.
Məsələni AYNA-ya şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, bu, İran tərəfinin Azərbaycana qarşı ilk belə addımı deyil: “Hələ Qarabağ münaqişəsi başlayan ilk illərdən Tehran proseslərə Azərbaycanın əleyhinə addımlar atmaqla qarışıb. Söhbət Birinci Qarabağ müharibəsindən gedir. Birinci müharibədə də İranın Ermənistana dəstək verdiyi haqqında əsaslı məlumatlar var idi. Məsələ burasındadır ki, Tehran Azərbaycanın müstəqilliyini heç zaman həzm edə bilməyib. Bu, bir çox amillərlə bağlıdır ki, mən onların hamısını burada sadalamaq istəmirəm”.
“İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə də İran və Ermənistan Azərbaycanın əleyhinə və ermənilərin xeyrinə birgə hərəkət edirdi. Molla rejimi bu gün də özünün bütün imkanlarından istifadə edərək Ermənistana, Qarabağ separatçılarına yardım əlini uzadır. Vətən müharibəsində sosial şəbəkələrdə İran üzərindən Ermənistana və Qarabağ separatçılarına yük daşıyan maşınların kadrlarını hər kəs gördü. Bu baxımdan, Zöhurinin indi sərhədə gəlməsi, Kəlbəcəri durbinlə izləməsi təəccüblü olmamalıdır. Şəxsən mən Tehran tərəfindən atılan heç bir addıma təəccüblənmirəm”, - deyə analitik bildirib.
Səfirin regionda sülh və sabitliklə bağlı verdiyi bəyanatın da qeyri-səmimi olduğunu deyən sabiq dövlət müşavirinin sözlərinə görə, İran heç zaman istəməyib ki, Azərbaycan işğalda olan ərazilərini azad etsin: “Yenə deyirəm, biz bunu 30 illik işğal dövründə də, Vətən müharibəsində də müşahidə etdik. Daha doğrusu, rəsmi Tehran tərəfindən atılan addımlar bunun əyani sübutudur. Müharibədə Azərbaycanın qalib gəldiyi reallığını dərk etdikdən sonra isə bu dövlətin rəsmiləri məcbur olub “təbrik” açıqlamaları verdilər. Eyni zamanda, İran regiondakı proseslərdən yenə də kənarda qalmamaq üçün rəsmi Bakının mövqeyinə yaxın bəyanatlar səsləndirdi”.
“İranın bundan sonrakı vasitəçiliyinə gəldikdə isə, ümumiyyətlə, İran heç bir prosesə Azərbaycanın haqlı mövqeyindən çıxış edərək vasitəçilik edən deyil. Biz Tehranın vasitəçilik cəhdlərini də, vasitəçiliyini də görmüşük – Şuşa işğal olunan zaman”, - deyə Hüseynli fikrini tamamlayıb.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə AYNA-ya şərhini sualla başlayıb: “Niyə son 30 il ərzində İranın Azərbaycandakı səfirləri Ermənistanın sərhədimizi pozmasına görə həmin bölgələrə səfər etmədilər? Niyə məscidlərdə donuz saxlayan və müsəlman dövlətinin torpaqlarını işğal edən ermənilərə İslam Respublikası tərəfindən bir dəfə də çağırışlar edilmədi?”.
“Əvəzində isə, torpaqların işğaldan azad edilməsindən sonrakı dövrdə İranın ayrı-ayrı dövlət xadimləri Azərbaycan və Ermənistan arasında sərhəddəki gərginliklər fonunda "sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi" haqqında ultimatum tipli bəyanatlar səsləndirməkdədirlər. 2020-ci ilin noyabrına qədər 30 il ərzində Azərbaycan sərhədlərinin zorla Ermənistan tərəfindən dəyişdirilməsinə göz yuman İrandakı bəzi dairələr bu gün Bakının beynəlxalq hüquqa söykənən sərhədlərin demarkasiyası, delimitasiyası istəklərindən narahatdırlar”, - deyə politoloq əlavə edib.
Məmmədov qeyd edib ki, özünü Azərbaycanın dostu və qardaşı adlandıran və bu illər ərzində doğrudan da, Azərbaycandan əsl dostluq və qardaşlıq görən Tehran ölkə daxilində müəyyən qrupları bu kimi zərərverici əməllərdən çəkindirməlidir: “Azərbaycan ilə İran arasında münasibətlər dərin köklərə malikdir və tərəfləri bir-biri ilə təkcə coğrafi qonşuluq deyil, daha dərin və geniş dəyərlər bağlayır. Müsəlmanlara qarşı tarixən nifrət hissi bəsləyən, Azərbaycana qarşı hələ də işğalçılıq planları olan Ermənistan tərəfindən bizim əsgərlərimizə durbinlə baxmaq ikitərəfli əlaqələrə xələl gətirir”.