Dünyanın gözü-qulağı Qarabağda

Aktual

21.10.2020 - 21:11

Xaricdəki soydaşlarımız haqq səsimizin beynəlxalq aləmə çatdırılması üçün səfərbər olunublar

 

Qarabağda baş verən döyüşlər, Azərbaycan Ordusunun ard-arda qazandığı qələbələr dünyanın diqqət mərkəzindədir. Haqlı davamızın beynəlxalq aləmə olduğu kimi çatdırılması, Qarabağda gerçəkdə nələr yaşandığından dünyanın agah olması üçün diaspor fəallarımızın üzərinə böyük məsuliyyət düşür. AYNA bu istiqamətdə xaricdəki soydaşlarımızla silsilə söhbətlərini davam etdirir.

 

Gürcüstanda yaşayan, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva: “Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları səfərbər olub, tədbirlər, mitinqlər, aksiyalar keçirir. Bir çox görüşlər təşkil olunur. Gürcü dostlarımızın fikirləri də bizim üçün çox vacibdir. İctimaiyyətlə görüşüb, bütün həqiqətlərimizi onlara çatdırırıq. Artıq torpaqlarımızın qaytarılmasının vaxtı gəlib çatıb. Bu mübarizədə Azərbaycan dövlətinə və ordusuna uğurlar arzulayırıq. Əminik ki, Azərbaycan xalqının arzuları yerinə yetəcək”.

 

Oman Sultanlığı Qaboos Dövlət Universitetinin müəllimi, pianoçu, beynəlxalq müsabiqələr laureatı Vüsalə Əmirbəyova: “Özüm də Zəngilan bölgəsindəm. Omanda nə Azərbaycan, nə də Ermənistan tərəfindən hansısa bir xəbər yayılır. Siravi vətəndaşlara gəldikdə, ətrafımda olan tələbələrə, iş yoldaşlarıma bu müharibə barədə geniş məlumat verirəm, sosial şəbəkələrdə aktiv olaraq həqiqətlərimizi çatdırmağa çalışıram. Oman müsəlman ölkəsi olduğu üçün bizim haqq səsimizə daha çox inanırlar. Prezidentimizin “Əl-Cəzirə” kanalına verdiyi müsahibəni burda bir çox insan izlədi. Eləcə də ermənilərin Gəncədə törətdikləri terror aktları barədə də tələbə və iş yoldaşlarımı məlumatlandırmaqdayam. Onların bizi provakasiyaya sürükləməyə çalışdıqlarını da burdakı insanlara başa salıram”.

 

Avstraliya Azərbaycanlılar Assosiasiyasının prezidenti Mikayıl Oyta: “Avstraliyada yaşayan soydaşlarımız bu ölkənin təhlükəsizlik orqanlarına müraciət ediblər. Mənim imzam ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunur. Qeyd edilir ki, “Homenetmen Ararat” və “Hamazkaine Təhsil və Mədəniyyət Cəmiyyəti” terrorizmi dəstəkləmək üçün vəsait toplayır. Onlar “Banağımıza (ordumuza) kömək edək” adı altında “Facebook” səhifələrindəki paylaşımlarında 119.000 dollar topladıqlarını iddia edirlər. Vəsaitin Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağ üçün toplanıldığı bildirilir. Bu toplanan vəsait xeyriyyə məqsədləri üçün deyil, Azərbaycanın mülki əhalisinə qarşı təcavüz və terror törədən qanunsuz hərbi birləşmələrin dəstəklənməsinə sərf olunacaq”.

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Ənnağızadə: “27 sentyabr tarixindən etibarən Şimali Kiprdə yaşayan həm çoxsaylı soydaşlarımız, həm də universitetlərdə çalışan professor, müəllim heyətimiz və eyni zamanda müxtəlif sektorlarda çalışan soydaşlarımızla birgə məsələni daim gündəmdə saxlayırıq. Hər gün Şimali Kipr televiziyalarında xüsusilə ana xəbər bülletenlərində qonaq oluruq. 16 proqramda, canlı yayımda mütəmadi çıxılarda iştirak etmişəm. Dağlıq Qarabağ münaqişəsi və eyni zamanda Azərbaycanda mülki vətəndaşlara qarşı yönəlmiş düşmən hücumları barədə geniş izləyici auditoriyalarında müzakirə aparmışıq. Burdan Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna gücümüz çatan qədər ianələr köçürmüşük. Düzdür, bilirik ki, dövlətimizin buna ehtiyacı yoxdur. Amma biz bununla daim dövlət və ordumuzun yanında olmağımızı bildirmək istəyirik. Hazırda burada olan KİV-lərin aktual mövzusu Qarabağ müharibəsidir. Və biz bu müharibənin gündəmdən düşməməsinə çalışırıq. Bununla bağlı bütün media qurumları ilə iş aparırıq. Biz on ildir burada fəaliyyət göstəririk. Lakin son hadisələr bizi indi daha aktiv işləməyə sövq edib. Biz əminik ki, dövlətimiz bu haqlı davasında qalib gələcək”.

 

“Universal Travels Holidays and Event Planners” şirkətinin direktoru, Tüm Sanayeci və İş Adamları Dərnəyinin Pakistan şöbəsi üzrə sədr müavini Şəhla İsayeva: “Bildiyimiz kimi, Pakistan bizə dost və qardaş bir ölkədir. Burada heç bir erməni vətəndaşı yoxdur. Ermənistan dövlətini isə sıravi vətəndaşlar heç tanımır. Ona görə də burda hər hansı aksiya keçirməyi düşünmürük. Və buna ehtiyac yoxdur. Məncə, digər ölkələrdə ermənilərin təşkil etdikləri hər hansı aksiyalara fikir verməməlidirlər. Onlar hər an təxribat törətməkdə mahirdirlər. Amma biz bu hadisələrdən çox əvvəl də haqq səsimizi və ermənilərin bizə qarşı törətdiklərini burdakı insanlara çatdırmışıq və onların bizim problemlərimizin hamsına bələdirlər”.

 

Əlcəzairdə yaşayan həmvətənimiz, “Kokorje.art” brendinin sahibi Xumar Nəbiyeva: “Hazırda Əlcəzairdə Azərbaycan diasporu öz yerindədir və Azərbaycan vətəndaşı olaraq borcumuzu əlimizdən gələn qədər ödəməyə çalışırıq. Bu ölkənin rəhbərliyi xarici vətəndaşların nümayişə çıxmasına icazə vermir. Əlbəttə ki, qarşı tərəfdən təzyiqlər çox olur və biz onların cavabını yerindəcə veririk. Sonunadək, yorulmadan, usanmadan, Qarabağ bizim olana qədər yolumuza davam edəcəyik. Allahdan şəhid olan əsgərlərimizə rəhmət diləyirəm. Yerdə qalan igidlərimizə can sağlığı arzulayıram”.

 

İsveçdə yaşayan həmyerlimiz Rahim Telman Sadıqbəyli: “Biz burada tamam başqa fazaya keçmişik. Biz hazırda İsveç mediası ilə sıx şəkildə işləyirik. 1922-ci ildən fəaliyyət göstərən, İsveçin ən böyük informasiya agentliyi olan TT İnformasiya Agentliyinə keçən həftə müsahibə vermişik. Bundan başqa, İsveç Radiosunun “Konfliktlər” adlanan proqramına mən, Teymur Eminbəyli, İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva, Səttar Sevgi, Həlimə Quliyeva ilə birgə müsahibə verdik. Həmin proqramda bizə çox böyük və ətraflı suallar ünvanladılar. Proqram idarəçisi bizə dedi ki, keçən həftə ermənilər İsveçin mərkəzində böyük bir mitinq təşkil edib. Və o, məhz həmin mitinqə görə bizimlə görüşmək fikrinə düşdüyünü bildirdi. Onun bizə verdiyi suallar isə bunlardan ibarət idi: “Azərbaycanda muzdlu suriyalılar vuruşurlarmı? Onların rolu bu döyüşdə nə qədərdir?” Biz də bunların tamamilə yalnış məlumat olduğunu bildirdik. Ordumuzun heç bir muzdluya ehtiyacı olmadığını qeyd etdik. Gəncədki terror aktları ilə bağlı xeyli söhbət apardıq”.

Müəllif: Ülviyyə Şahin

Ramanada faciə

Dünən, 17:26 Hadisə