Rusiyasız yeni geosiyasi konfiqurasiya: bölgənin qarant dövləti rolunda Türkiyə

Aktual

05.04.2022 - 10:21

Rauf Mirqədirov: “Ankara nəinki Bakının, hətta İrəvanın da təhlükəsizliyi ilə bağlı üzərinə öhdəliklər götürə bilər”

Ötən həftə Avropa İttifaqının (Aİ) Brüsseldəki Mənzil Qərargahında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Aİ diplomatik xidmətinin yaydığı məlumata görə, görüş “iki ölkə arasında bir sıra məsələlərin həlli istiqamətində səyləri irəli sürmək” məqsədi daşıyıb.

Bildirilir ki, müzakirələr zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşə hazırlıqla bağlı müzakirələr aparılıb: “Cənab Hacıyev ilə Qriqoryan arasında ayrıca ikitərəfli söhbətin də daxil olduğu substantiv müzakirələr zamanı iştirakçılar 2021-ci il dekabrın 14-də Brüsseldə liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq, Ermənistan ilə Azərbaycan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər”.

Bundan sonra Ermənistanın Baş naziri aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti ilə görüşünün hazırlandığını açıqlayıb: “Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm planlaşdırılıb. Ümid edirəm ki, bu görüşdə Azərbaycan Prezidenti ilə sülh sazişi ilə bağlı danışıqların başlanmasına dair bütün məsələləri müzakirə edərək razılaşdıracağıq. Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Ermənistan sülh danışıqlarının dərhal başlamasına hazırdır”.

Adının açıqlanmasını istəməyən avropalı diplomatlardan biri “Azadlıq" Radiosuna bildirib ki, liderlər son görüşdən sonra baş verənləri qiymətləndirəcək və Cənubi Qafqaz xalqlarının rifahı naminə təhlükəsiz, sabit və firavan Cənubi Qafqaza nail olmağın gələcək yollarını müzakirə edəcəklər. 

Yeri gəlmişkən, kommunikasiya məsələsinin də diqqət mərkəzində olacağı bildirilir. Maraqlı məqam ondan ibarətdir ki, təxminən bir ay əvvəl Azərbayan Ermənistana sülh sazişi ilə bağlı 5 bəndlik təkliflər paketi göndərib. Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana həm ictimai, həm də işləyən diplomatik kanallar vasitəsilə ötürülən 5 bəndlik təklifə cavab verib. Onun sözlərinə görə, bu cavab o deməkdir ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi Ermənistan üçün məqbuldur.

Belə bir məqamda liderlərin Brüsseldə bir araya gəlmələri gözləntiləri də artırır. Xüsusən də ötən ilin dekabrından Aİ-nin sülh yaratma prosesində artan aktivliyi, Rusiyanın Ukraynaya hərbi təcavüzü, təcavüz siyasətinə qarşılıq olaraq misli görünməmiş sanksiyalara məruq qaldığı məqamda Qarabağ məsələsinin Brüsseldə masaya yatırılması ümidləri çoxaldır. 

Əliyevlə Paşinyanın Brüssel görüşü ilə bağlı fikirlərini AYNA ilə İsveçrədə yaşayan tanınmış azərbaycanlı politoloq Rauf Mirqədirov deyib ki, bu görüşün zamanlaması əvvəlkilərdən fərqlidir:

- O mənada ki, Brüsseldə keçiriləcək görüş Rusiyanın Ukraynaya hərbi təcavüzü dövrünə təsadüf edir. Bu, görüş ətrafında ciddi əhval-ruhiyyə yaradır. Əslində söhbət Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən yox, Rusiya ilə kollektiv Qərb arasındakı qlobal qarşıdurma dövrünə təsadüf etməsindən gedir. Görüşün keçirildiyi şəhərə də diqqət etmək vacibdir. Brüssel həm Avropa İttifaqının, həm də NATO-nun paytaxtı funksiyasını daşıyır. Avropa İttifaqının bütün institutlarının ofisləri, NATO-nun Mənzil Qərargahı Brüsseldədir. Bu, çox ciddi mesajdır. 

- Mesajın əhəmiyyəti nədən ibarətdir?

- Əvvəlki görüşlərdə söhbət Avropa İttifaqının münaqişənin həllində vasitəçilikdən yox, daha çox hazırkı vəziyyətdəki humanitar problemlərə töhfəsindən gedirdi. İndi isə İttifaqın münaqişənin həllində vasitəçiliyindən gedir. Hesab edirəm ki, bu, ciddi fərqdir və Rusiyaya mesajdır. Diqqət etmək lazımdır ki, Brüssel görüşü həm də Rusiya ilə Azərbaycan arasında müəyyən gərginliyin yarandığı dövrə təsadüf edir. Bu günlərdə Azərbaycanın Baş Prokurorluğu Rusiya Dövlət Dumasının üzvü olan Mixail Delyaqinə qarşı cinayət işi qaldırıb, onu İnterpol xətti ilə axtarışa verib. Bu, indiyədək görünməmiş bir hal sayıla bilər. Çünki bundan əvvəl belə hal müşahidə etməmişik. Delyaqindən əvvəl də Azərbaycanı təhqir və təhdid edən rusiyalı siyasilər, deputatlar olub, amma onların heç birinə cinayət işi açılmayıb. Məsələn, Vladimir Jirinovski vaxtilə Azərbaycanı dəfələrlə aşağılayıb, lakin Azərbaycan Delyaqinə göstərilən münasibəti ona sərgiləməyib.

Düşünürəm ki, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan bu gün Rusiyaya qarşı müəyyən mənada 1991-ci ildə SSRİ-də baş vermiş dövlət çevrilişi ərəfəsində tutduqları mövqeyə bənzər mövqe sərgiləyirlər. Sözsüz ki, Moskvadan qorxu var. Rusiyanın ümumiyyətlə, xarici siyasətində zor təhdidinin əsas amilə çevrilməsi göz qabağındadır. Ona gör də qorxu başadüşüləndir. Amma bu ölkələr digər tərəfdən anlayırlar ki, Rusiyanın burnu Ukraynada ovulsa, nəinki Avropanın, dünyanın yeni siyasi konfiqurasiya sistemi yaranacaq. Düzdür, bu konfiqurasiya bütün hallarda yaranacaq. Rusiyanın orta və uzunmüddətli perspektivdə məğlubiyyəti qaçılmazdır. Çünki Rusiyanın iqtisadi resursları belə ağır rəqabətə tab gətirə bilməyəcək. Hər halda Ukrayna dövlətinin, Ukrayna xalqının və ordusunun Rusiya qarşısında müqavimətinin gündən-günə artması belə təəssürat və ümidlər yaradır ki, Rusiya düşündüyümüzdən daha tez məğlub olsun. Belə olan halda, yeni beynəlxalq təhlükəsizlik konfiqurasiyası yarana bilər. 

- Belə anlaşılır ki, Cənubi Qafqaz ölkələri ehtiyyatlı mövqe sərgiləməklə gözləmə mövqeyindədir...

- Bəli, gözləyirlər. Yeni konfiqurasiyanın yaranacağını hər kəs anlayır. Bu gün Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməyə hazır olduğunu bildirir. Deməli, hətta qlobal yox, regional səviyyədə - postsovet məkanında yeni təhlükəsizlik konfiqurasiyasının yaranacağının mümkünlüyünə işarədir. Əgər belə olarsa, bu, o deməkdir ki, yaxın vaxtlarda Türkiyə daha rahat və aktiv şəkildə Azərbaycanın təhlükəsizliyinin təminatı ilə bağlı üzərinə ciddi öhdəlik götürəcək. Bir qədər də uzağa baxsaq, maraqlı bir məqamı da gözardı etmək olmaz. Bu, Türkiyənin hətta Ermənistanın da təhlükəsizliyi ilə bağlı üzərinə müəyyən öhdəlikləri götürə biləcəyidir. Düzdür, hazırda bu, fantastik səslənə və görünə bilər, amma mümkündür. 

Düşünmürəm ki, liderlərin Brüsseldəki görüşündə ciddi qərarlar veriləcək. Adətən hansısa real addımlar, önəmli qərarlar veriləcək görüşdən əvvəl informativ təbliğat aparılır. Lakin Brüssel görüşündən öncə ciddi qərarların veriləcəyi ilə bağlı təbliğat getmir. Amma hesab edirəm ki, Brüsseldə tərəflər ən azı sülhə doğru hərəkətlərdə hansı siyasəti seçəcəklərini, seçə biləcəklərini aydınlaşdıra biləcəklər. Müəyyən variantları ciddi şəkildə müzakirə edib, dəyişən mövqeləri aydınlaşdıracaqlar. 

- Baş verən siyasi gedişlərə Rusiyasnın reaksiyası necə olacaq?

- Rusiyanın reaksiyası artıq var. Brüssel görüşündən öncə Putinin İlham Əliyev və Nikol Paşinyanla telefon danışığı baş tutub. Bu, boş-boşuna deyil. Sözsüz ki, Brüsseldə görüş, Avropa İttifaqının münaqişənin həllinə vasitəçilik etməsi Rusiyanın maraqlarına uyğun deyil. Rusiya münaqişənin tənzimlənməsi prosesində, daha doğrusu, konfliktin dondurulmasında moderatorluğunu axıra kimi həyata keçirmək istəyir. 

Əlbəttə, biz Qərbi bir çox məsələlərdə ittiham edə bilərik. Deyə bilərik ki, xristiandırlar, bir sıra ölkələrdə erməni lobbisinin təsirləri güclüdür, erməni təəssübünü çəkirlər, Fransa ermənipərəstdir və s. Amma Qərbin mövqeyində konkret və aydın tezis var: onlar Qarabağ münaqişəsinin həllində maraqlıdırlar. Kimin xeyirinə - Azərbaycanın, yoxsa Ermənistanən - onlar üçün fərqi yoxdur. Qərb üçün əsas olan odur ki, münaqişə həllini tapsın. Çünki Qarabağ münaqişəsinin həlli onların regionda situasiyaya təsir imkanlarını genişləndirir.

Rusiya isə anlayır ki, regionda qalması konfliktlərin varlığından asılıdır. Bunu biz Ukraynada da gördük, Gürcüstanla bağlı da müşahidə edirik. Münaqişələrin olması Rusiyaya region dövlətlərinə hərbi-siyasi güc vasitəsi ilə təsir imkanı verir. Moskvanın regionda qalması üçün əlində münaqişələrdən başqa alət yoxdur. Bu aləti Rusiyanın əlindən almaq ilk növbədə Qərbin maraqlarına cavab verir. Ona görə də hesab edirəm ki, Qərbin danışıqlarda vasitəçiliyinin olması çox vacibdir. Sözsüz ki, hazırda Qarabağla bağlı dəqiq proqnozlar vermək çətindir. Hər şey Rusiyanın Ukraynaya hərbi təcavüzünün, bu qarşıdurmanın nə ilə nəticələnəcəyindən asılıdır. 

Müəllif: Anar Bayramoğlu