Rusiyadakı azərbaycanlıların sayı azalacaq, amma fərqli ehtimallar da var

Maraqlı

24.09.2020 - 21:06

“Şimal qonşumuzun miqrasiya qanunvericiliyinin çətinləşdirilməsi yolu ilə gedəcəyini düşünmürəm, çünki bu ölkə miqrasiya axınının artmasında maraqlıdır”

 

Həmvətənlərimiz əmək miqrasiyası ölkəsi olaraq ən çox Rusiyanı seçirlər, çünki digər ölkələrə nisbətən oraya çatmaq və möhkəmlənmək daha asandır. Böyük əmək bazarı böyük imkanlar təqdim edir, lakin bir ölkənin miqrant üçün nə qədər rahat olması həmin ölkənin miqrasiya qanunlarından asılıdır.

 

Rusiya bu yaxınlarda, bəzi mütəxəssislərin inqilabi adlandırdığı miqrasiya məsələlərinə dair yeni bir federal qanun layihəsi üçün konsepsiya hazırlayıb. Qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi və bu ölkədəki miqrantların yeni şərtlərlə yaşayacağı ehtimal olunur.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun AYNA-ya dediyinə görə, təkliflər paketi miqrantların vergiyə cəlb edilməsi, patent alınması, qeydiyyatı və sairlə əlaqədardır: “Rusiya hökuməti miqrasiya proseslərini idarə etmək üçün daha yaxşı bir sistem tətbiq etməyə çalışır. Bu, böyük ölçüdə miqrantların həyatını sadələşdirməlidir. Hesab edirəm ki, bu yolla onların hüquqları daha çox qorunacaq”.

Azər Allahverənov: “Məlumatları rahat şəkildə əldə etmək mümkün olacaq”

“Təkliflər qəbul edilərsə, miqrantlar açıq mühasibat sayəsində qanuni şəkildə işləyəcəklər. Bəzi miqrantlar qeyri-qanuni işləyir və ya gəlirlərinin bir hissəsini gizlədirlər və bu, qanunun gözündə vergidən yayınma, gəlirin gizlədilməsidir. Yaxın gələcəkdə onların əksəriyyəti qanuni əmək relslərinə keçəcəklər. İnsanlar bu dəyişikliklərin müsbət tərəflərini düşünməlidirlər, qanuni fəaliyyətləri sayəsində onlar pensiya hesablarına da müəyyən bir məbləğ yığacaqlar”, - ekspert bildirib.

 

Qeydiyyat prosedurunun sadələşdirilməsi prosesi davam edir. Elektron nəzarətin mahiyyəti ondan ibarətdir ki, hər mərhələdə miqrantın əmək fəaliyyətinə nəzarət ediləcək, bu da miqrantın əmək istismarının qurbanı olması riskinin azaldılması deməkdir. Digər tərəfdən, Rusiya hökuməti miqrasiya qanunvericiliyindəki dəyişikliklərin ölkə vətəndaşlarının maraqlarını qorumasına çalışır. Beləliklə, yeni təkliflərə görə, bir miqrantın maaşı, müəyyən bir işçi kateqoriyası üçün müəyyən bir bölgədəki orta maaşdan aşağı olmamalıdır.

 

Allahverənovun fikrincə, bu, miqrantlar üçün boş iş yerlərinin azalmasına səbəb ola bilər: “Keçmişdə miqrantlar tez-tez aşağı maaşa işləyirdilər ki, bu da onları işəgötürənlər üçün cəlbedici işçi halına gətirirdi. Artıq ölkə vətəndaşı da bu boş iş yeri üçün müraciət edəcək, beləliklə Rusiya işsizliyə qarşı mübarizə aparacaq”.

 

“Düşünmürəm ki, qanun qəbul olunduqdan sonra Azərbaycandan Rusiyaya daha çox miqrant gələcək, çünki indinin özündə də Rusiya miqrasiya qanunvericiliyi çox liberaldır. Ölkənin əmək ehtiyatlarının əhəmiyyətli dərəcədə axınını gözləmək lazım deyil. Ancaq miqrasiya axını, bəzi miqrantların artıq Rusiya əmək bazarında rəqabətə davam gətirə bilməyəcəyi səbəbiylə azala bilər”, - müsahibimiz vurğulayıb.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya deyib ki, uzun müddət Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti artıq Rusiya vətəndaşlığını alıb: “Bəzi təxminlərə görə, bu ölkədə iki milyona yaxın azərbaycanlı yaşayır və bunların, təxminən yarısı Rusiya vətəndaşlığını alıb və ya almaq mərhələsindədir. Yeni miqrasiya qanunvericiliyi Rusiyada işləməyi bir çox əmək miqrantı üçün xeyirsiz hala gətirsə, bu, Azərbaycana mənfi təsir göstərəcək. Miqrantların böyük bir hissəsi vətənlərinə qayıtsa, ölkə problemlərlə qarşılaşacaq, çünki onlar Rusiyada işləyərək, müəyyən miqdarda pul vəsaitini evlərinə göndərir”.

 

“Bu vəsait hesabına da Azərbaycandakı ailələri sosial problemlərini həll edirlər. Xaricə göndərilən vəsait daxili bazarda alıcılıq qabiliyyətinin artmasına kömək edir. Vəziyyəti izləmək və dəyişikliklər çətinliyə səbəb olarsa, vəziyyətdən ikitərəfli səviyyədə çıxış yollarını axtarmaq lazımdır. Bununla belə, Rusiyanın miqrasiya qanunvericiliyinin çətinləşdirilməsi yolu ilə gedəcəyini düşünmürəm, çünki bu ölkə miqrasiya axınının artmasında maraqlıdır. Bəzi bölgələrdə demoqrafik bərabərsizlik var. Ölkənin normal inkişafı üçün Rusiyada 500 milyon insan yaşamalıdır”, - iqtisadçı qeyd edib.

 

“Bəlkə də yeni qanun miqrantları, inkişaf etdirilməsi lazım olan əhalinin az olduğu bölgələrə cəlb etməyə çalışacaqlar. İndi miqrantların əksəriyyəti Moskva, Sankt-Peterburq və bir sıra digər böyük şəhərlərə can atır”, - həmsöhbətimiz söyləyib.

 

Beyin axınına gəldikdə, Cəfərlinin sözlərinə görə, indi bununla bağlı qapalı bir dairə yaranıb: “Rusiyadakı bir çox savadlı insanlar Qərbə getməyə çalışırlar və onların yerlərini MDB ölkələrindən gələn beyinlər tutur. Bu dairəvi proses çoxdan mövcuddur və süni şəkildə dayandırıla bilməz. Azərbaycanı öz mütəxəssisləri üçün daha cəlbedici etmək lazımdır ki, xaricə beyin axını olmasın. Ancaq bunun yaxın gələcəkdə baş verəcəyini indidən görmək mümkün deyil”.

Müəllif: Elya Belskaya