“Bacım əsgərləri görəndə qışqırıb ki, “ana, nə qədər kamallar var burada””

Maraqlı

07.11.2020 - 18:38

Həkimlər Klinikalar SEO Xidməti

Günel Kamal: “Azərbaycan qadını, sənin dünyaya gətirdiyin, böyütdüyün, laylasına Qarabağ sədası salıb, qulağında Qarabağ sözünü zikr etdiyin oğullar olmasaydı, mən bu gün Qarabağın azadlığından danışa bilməzdim”

 

Bu gün Qarabağı yağı düşməndən azad etmək üçün aparılan döyüşlərdə, 21-ci əsrdə dünyaya göz açan övladlar da iştirak edir. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə apardıqları mübarizə, göstərdikləri əzm və şücaət düşmənin dizini yerə gətirdiyi kimi, onlara bu mövzuda inamsızlıq göstərənləri də yaman pərt edib. Cəbhədə döyüşən həmin gənclər arasında şəhidlik məqamına yüksələnlər də var. Elə bu faktın özü, vaxtilə bugünkü gəncliyin Vətən, yurd sevgisinə inamsızlıq göstərənlər üçün ağır cavab oldu.

 

AYNA-nın həmsöhbəti Günel Kamal də Qarabağı valideynlərinin xatirələrində eşidib, müəllimlərinin danışdıqlarından tanıyıb sevənlərdəndir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif ixtisası üzrə məzunudur. Ordumuzun cəbhədə göstərdiyi şücaəti eşitdikcə, 2021-ci ildə Şuşanın qoynunda şagirdlərinə dərs keçəcəyinə inamı daha da artır və artıq bundan əminlik duyur.

- Günel xanım, çox vaxt eşidirik, deyirlər ki, Qarabağı görməyənlər o qədər də dərk etmir, o torpaqları görənlər qədər sevə bilməz. Bu fikrə münasibətiniz necədir?

 

- “Sevə bilməz” sözü mənə görə yanlışdır. Mənə Qarabağı sevdirən anamın laylası qədər əziz xatirələri, müəllimlərimin səmimi Qarabağ təbliği olub.

 

- Qarabağ torpağı sizin üçün nə ifadə edir?

 

- Dilimizdə bir deyim var: "Cənnət görmək istəyən Azərbaycana gəlsin" Mənə görə Qarabağ Azərbaycanın cənnətidir. Düzdür, deyə bilərlər ki, “kim öz ayranına turş deyər?!”. Deyə bilərlər ki, “qarabağlıdır, ona görə belə deyir”. Lakin bunu deyənlər bilmirlərmi ki, Vətənin hər qarışı doğmadır? Qarabağ isə bizim üçün xüsusilə başqadır. Oranın torpağı, suyu, havası hər şeyi fərqlidir. Əsən mehi başına ana sığalı çəkir, suyu dərdinə dərmandır. Qarabağ anlatmağa sözlərin yetmədiyi məkandır.

 

- Günel xanım, istərdim, bir qədər ailənizin necə məcburi köçkün düşdüyü haqda xatirələrindən danışasınız.

 

- Atamgil çoxuşaqlı ailə olub. Atamla anam ailə həyatı qurub bir müddət bir yerdə yaşadıqdan sonra yeni ev tikməyi düşünüblər. Lələtəpənin aşağı hissəsində bünövrə qazılıb, beton tökülüb. Amma o ev yurdumuzla bağlı xəyallarımız kimi yarımçıq qaldı. Nə damı vuruldu, nə pəncərəsindən Qarabağ günəşinin işıqları evimizi isitdi. Anam deyir, “bir gün həmişəki günlərdən biri idi, işimizi görəndə bizə xəbərdarlıq gəldi ki, kənddən çıxmaq məcburiyətindəsiniz, düşmən hücum edir”. Evimizə qayıdacağımız günü səbrsizliklə gözləyirəm. Hətta, ümidim var ki, tikintisi yarımçıq qalan evimizin bünövrəsi olduğu kimi qalıb. O evi özüm tikmək istəyirəm. O evin pəncərəsindən düşən Günəş şüalarında qızınmaq, qıyıq gözlərimlə Günəşə baxmaq istəyirəm. Bir arzum da var ki, babam Əşrəf kişinin məzarı yerində olsun. Üzünü görmək qismət olmasa da, məzarını ziyarət edib “Babacan, mən gəldim” demək istəyirəm. Bu ümidlərin boy atdığı günləri yaşayıram, yaxın zamanda bu ümidlər çiçək də açacaq, inşallah.

 

- Valideynləriniz, qohumlarınız o torpaqlardandır, xatirələrində Qarabağ necə qalıb? Bu barədə sizə nələr danışıblar?

 

- Atam Qarabağ döyüşlərində iştirak edib. Ailəmizdən bacım Qarabağda gözünü açıb. 1992-ci ildə bacım dünyaya gəlib, 1993-cü ildə isə artıq atam döyüşlərdə iştirak edirdi. Anam danışır ki, bir gün atam yenidən cəbhəyə yola düşəndə bacım balaca canı, balaca əlləri ilə atamın ayaqlarını qucaqlayaraq deyib ki, “hamının atası yanındadır, amma sən bizi qoyub gedirsən”. O günlər çox ağır olub. Elə məcburi köçkün həyatı da. Anam Qarabağda yaşanan hər xatirəsini danışanda bəzən, sözün yaxşı mənasında onlara paxıllığım tutur. Atamın isə həm hərbi həyatı, həm də tələbəlik illəri Qarabağda keçib. Bu cəhətdən atam çox şanslı insan olub.

 

- Yəqin ki, xatirələriniz çoxdur...

 

- Məzəli bir xatirəmiz də var. Bu da bacımla bağlıdır. Anam deyir ki, bir gün əsgərləri cəbhəyə aparan hərbi maşınların bir neçəsi Saatlı ərazisindən keçəndə istirahət üçün maşınlar dayanıb və əsgərlər maşınlardan düşüblər. Bacım gözünü açandan atamı hərbi formada gördüyü üçün bu əsgərləri görəndə anama belə səslənib: “ay ana, nə qədər kamallar var burada”. Atamın adı Kamaldır. Təbii ki, Qarabağla bağlı xatirələr bizim yaddaşımızda qalan ən gözəl günlərin xatirələri olub. Yurddan ayrı qalan insanların ağrı-acısını heç nə dindirə bilməz. Torpağımıza qayıtsaq belə, yaşadığımız o günlərin acı xatirəsi şüurumuzda qalacaq. Təskinlik tapdığınız yeganə şey isə bizim yenidən o torpaqda qol-budaq atmağımız olacaq. Torpağımızın azadlığı üçün yuxusuz gecə keçirən hərbçilərimizə, qanı ilə torpağımıza bərəkət qatan şəhidlərimizə, övladının sağ-salamat geri dönməsi üçün dili duadan ayrı düşməyən əsgər analarına bir qarabağlı kimi təşəkkür edirəm. Azərbaycan qadını, sənin dünyaya gətirdiyin, böyütdüyün, laylasına Qarabağ sədası salıb, qulağında Qarabağ sözünü zikr etdiyin oğullar olmasaydı, mən bu gün Qarabağın azadlığından danışa bilməzdim. Müzəffər ordunun, müzəffər anaları var olun.

 

- Torpaqlar alındıqdan sonra etmək istədiyiniz, arzusunda olduğunuz xəyallarınız, planlarınız varmı? Yəqin ki, son günlərdə yaşadığımz qələbələr sizdə də bütöv Azərbaycanın yaxın zamanda bərpası ilə bağlı əminlik yaradıb, ailənizdə bu barədə söhbətləriniz olurmu? Onlar nələr planlayır, arzulayırlar?

 

- Əlbəttə, var. Mən ADPU-nun builki məzunlarındanam. İxtisasım İbtidai sinif müəllimliyidir. Özüm cəbrayıllıyam, amma Şuşada işləməyi düşünür, Cıdır düzündə gəzəcəyim günlərin xəyalını qururam. Bəzən isə hazırkı günlər mənə yuxu kimi gəlir. O qədər şirin yuxudur ki, ayılmaq istəmirəm. Anam, atam, qardaşım hamımız ora getməyi düşünürük. Məcburi köçkün həyatını yaşadığımız bu illər, sanki kiminsə evində qonaq olmuşuq. İndi isə öz evimizə getməyin zamanı çatıb. Kəndimizdəki evimizdə həyətimiz başdan-başa yaşıllıq olub. Bağ-bağça, toyuq-cücə, təndirdən yeni çıxmış sevgi ilə yoğrulan çörəyin ətri, evin istiliyi və yaşıl ağacın altında qurulan süfrə ətrafına yığılan ailə. Bunlar yenidən nəsib olacaq. Əminəm. Və mən 2021-ci ildə, hər qarışını gəzib yaddaşıma həkk etdiyim Qarabağdan doya-doya danışacam şagirdlərimə. Pandemiyadan əvvəl təcrübəyə başlayanda 4-cü sinif şagirdlərinə Qarabağla bağlı sual verməkdən çəkinirdim. Onların “Müəllimə, Qarabağı görmüsünüz?” sualını vermələrindən qorxurdum. Bu düşüncələr ağlıma gələndə sıxılırdım, boğulurdum. Amma indi belə deyil. İndi o zaman geridə qalıb artıq. Hətta “Qarabağsız illər” anlayışını yaddaşımdan silmişəm. Özümə bir şeyi təlqin edirəm – 1999-cu ildə gözümü Qarabağda açmışam. Məhz kəndimizdə Günəş üzümə sığal çəkib, dünya mənə “qoynuma xoş gəldin” deyib. Mən artıq qarabağlıykən, Qarabağsız qalan biri deyiləm. Mən artıq Qarabağda böyüyəcək, hər qarış torpağına aşiq olduğu, sevgisi yenidən çiçək açacaq bir qarabağlıyam.

Müəllif: Aləmdə Nəsib