Milli Dirçəliş Gününün öncülləri: kim harada nə işlə məşğuldur?

Maraqlı

17.11.2021 - 15:23

Onların arasında dünyasını dəyişənlər də var, separatçılıq edən də

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-Sovet Xalq Hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Azərbaycanda bu hadisələr Milli-Azadlıq Hərəkatı kimi qiymətləndirilir və Respublikamızın yenidən istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Həmin dövrdə müxtəlif ictimai-siyasi təşkilatlar mövcud olsa da, sonradan Azərbaycan Xalq Cəbhəsinin (AXC) ətrafında birləşdilər. Baltikyanı və digər Sovet respublikalarında da xalq cəbhələri yaranmağa başladı və ümumilikdə ittifaqın çöküşündə bu qurumların müstəsna rolu oldu.

Sonradan Azərbaycanda Xalq Cəbhəsi adı altında müxtəlif siyasi təşkilatlar yaransa da, dövlət müstəqilliyinin əldə edilməsindən sonra – 1995-ci ildə AXC siyasi hərəkat olaraq öz ömrünü başa vurdu. Qeyd edək ki, 1989-cu ilin iyul ayının 16-da Bakıda gizli şəkildə toplanan bir qrup şəxs tərəfindən təsis olunan AXC-nin 15 nəfərdən ibarət İdarə Heyəti seçilib.

AYNA AXC-nin yaradıcıları barədə kiçik araşdırma aparıb. Beləliklə:

AXC İdarə Heyətinin üzvü və sədri olmuş Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə, 62 yaşında vəfat edib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olan Ə.Elçibəy hakimiyyətdən getdikdən sonra, doğulub boya-başa çatdığı Naxçıvana üz tutub. Bir müddət Ordubad rayonunun Kələki kəndində yaşayan eks-prezident 1997-ci ildə Bakıya dönüb. AXCP sədri olaraq fəaliyyətini davam etdirən Elçibəy eyni zamanda Bütöv Azərbaycan Birliyini (BAB) yaradıb.

AXC İdarə Heyətinin üzvü Yusif Səmədoğlu 17 avqust 1998-ci ildə, 62 yaşında vəfat edib. Xalq yazıçısı, Ali Sovetinin deputatı olan Y.Səmədoğlu Azərbaycan dövlət müstəqilliyinin lehinə səs vermiş 43 “İstiqlalçı deputat”dan biri kimi də tarixə düşüb. Böyük Azərbaycan şairi Səməd Vurğunun oğlu olan yazıçı müstəqillik dövründə bir müddət siyasi fəaliyyətlə də məşğul olub.

AXC İdarə Heyətinin üzvü Nəcəf Nəcəfov 17 dekabr 1999-cu ildə, 44 yaşında vəfat edib. Müasir Azərbaycan mətbuatının banilərindən biri hesab olunur. 1986-1989-cu illərdə rəhbəri olduğu “Molodyoj Azerbaydjana” qəzeti erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. Sonradan “Azadlıq” qəzetini və bir qrup jurnalistlə birlikdə “Turan” informasiya agentliyini təsis edib. Bir müddət Prezidentin mətbuat katibi və Milli Məclisin deputatı olub.

AXC İdarə Heyətinin üzvü Tofiq Qasımov 26 yanvar 2020-ci ildə, 81 yaşında vəfat edib. Milli Məclisin deputatı və AXC iqtidarı dövründə xarici işlər naziri olan T.Qasımov ötən əsrin sonlarında Azərbaycanı tərk edib. Bundan sonra siyasi fəaliyyətlə məşğul olmayıb. Əvvəlcə Türkiyədə, ardınca Avropada elmi araşdırmalar aparıb. Vəfat edənə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayıb. Lütsern şəhər məzarlığında dəfn olunub.

AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadə 20 noyabr 2020-ci ildə, 66 yaşında vəfat edib. AXC iqtidarı dövründə Baş nazirin müavini, ardınca Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Uzun müddət Müsavat Partiyasının divan üzvü olub. 2014-cü ildə bu partiyanın sıralarını tərk edib. Demokratiya və insan haqları mövzusunda bir neçə kitabın müəllifidir.

AXC İdarə Heyətinin digər üzvləri:

Leyla Yunus 1992-1993-cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib. Daha sonra Sülh və Demokratiya İnstitunun rəhbəri olub. Hazırda Avropaya yaşayır.

Sabit Bağırov 1992-93-cü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində çalışıb. Hazırda QHT rəhbəri kimi fəaliyyət göstərir.

Canbaxış Umudovun müstəqillik dövründəki fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. Hazırda Azərbaycanda yaşamadığı bildirilir.

Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcısı və sədri olub. Hazırda aktiv siyasətlə məşğul olmasa da, ara-sıra mətbuata müsahibələr verir.

İsa Qəmbər Prezident səlahiyyətlərinin icraçısı və Milli Məclisin sədri olub. Uzun illər Müsavat Partiyasına rəhbərlik edən İsa Qəmbər hazırda Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədridir.

Zərdüşt Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri olub. Hazırda siyasi analitik kimi fəaliyyət göstərir.

Nemət Pənahlı 1988-ci il “Meydan hərəkatı”nın aparıcılarından biri olub. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədridir.

Sülhəddin Əkbər milli təhlükəsizlik nazirinin müavini olub. Daha sonra Müsavat Partiyası sədrinin müavini olub. Hazırda aktiv siyasətlə məşğuldur.

Rəhim Qazıyev 1992-93-cü illərdə Azərbaycanın müdafiə naziri olub. Siyasi fəaliyyətlə məşğul olduğunu iddia etsə də, aktiv fəaliyyəti müşahidə edilmir.

Əlikrəm Hümbətov 1992-1993-cü illərdə müdafiə nazirinin müavini işləyib. 1993-cü ildə özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan edib. Həbs olunub və  2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb. Hazırda Hollandiyada yaşayır və tez-tez Ermənistana səfər edərək Azərbaycan əleyhinə bəyanatlar verir.

Müəllif: Azər Niftiyev