Yeni era başlayıb, biz isə hələ də konspirologiya axtarışındayıq

Maraqlı

03.04.2020 - 11:30

Koronavirus gələcəyi gətirir, doğrudur, amma sizin düşündüyünüz gələcəyi yox, texnoloji digital gələcəyi

 

Hər gün, hər yerdə eşitdiyimiz fikir, Covid-19 sonrası yeni era başlayır. Bəli başlayır. Daha doğrusu başlayıb. Özü də indi yox, 5-6 ildir. Bilmirəm, xəbəriniz varmı. Bizim mətbuat isə hələ də konspirologiya axtarışındadır. Bəzi rus “professorların” dediyi, türk konspiroloqların dəstəklədiyi, indi də Azərbaycandakı “da vinçi kodu” həvəskarların tirajladığı, “ qoymayın, bizi müasir quldarlıq quruluşuna aparırlar” , “ay haray, vaksin adında çip qoyacaqlar, sonra bizə əmr edəcəklər” kimi sərsəmləməsinə sadəcə gülürəm.

 

Siz hansı düşüncənin sahibisiniz?

 

Birincisi, o çip çoxdan üstünüzdədir. Biometrik pasport və yeni növ şəxsiyyət vasiqəsində çip var və hansı ölkəyə getməyinizdən aslı olmayaraq, Azərbaycanda bunu bircə düymə ilə 1 saniyəyə bilirlər. Bunda pis nə var? Kimə deyirlər ki, harasa get və ya getmə? Bu vətəndaşın təhlükəsizliyi üçün lazımdır. Səfərlərdə itkin düşmə və oğurlanma halları yüzlərlə olur. Getdiyiniz uzaq ölkələrdən birində başınıza bir iş gəlsə, sizi necə tapacaqlar? Bunu anlamaq nə qədər çətindir ki?

 

İkincisi, ən böyük izlənmə cihazı boğazınızdan kəsib aldığınız, az qala aksesuara çevrilmiş, yüksək status bildirən, hər gün yeni modeli çıxan smartfondur. Özünüz könüllü sürətdə barmaq izi, göz rəngi və üz cizgilərini parol kimi istifadə edirsiz. Hamınız bal kimi bilirsiz ki, telefondakı 4 kameradan biri hətta telefon sönülü vəziyyətdə olanda belə işləyir. Yəni, sakitləşin, siz şəxsən heç kimə lazım deyilsiz, heç kim də sizi izləmək fikrində deyil. Amma lazım olanda 1 barmaq izini 1 milyard adamın içindən seçmək gərəkəndə, bundan istifadə edəcəklər. Yenə sənin, ay ortastatistik Rasim, təhlükəsizliyin üçün lazımdır.

 

Üçüncü. Hələ Ulyanov babanız deyirdi ki, oxuyun, oxuyun, oxuyun. Oxusaz , ( lap elə yerli mətbuatı, “Ayna-Zerkalo” qəzetindəki texnoloji xəbərləri) bilərdiz ki, o beyin çipi dediyiniz texnologi məhsulu çoxdan hazırdı, sınaqdan keçirdilib və o qədər də uzaq olmayan gələcəkdə uşaqlarınız olmasa da, nəvələriniz tərəfindən sevə-sevə istifadə olunacaq. Bilirsizmi niyə sevə-sevə? Çünki, o çiplər insan beyninə qoyulduqdan sonra hər kəs, hər şey edə biləcək. Bir neçə xarici dildə danışa biləcək, rəsm əsərləri çəkə biləcək, fortepianoda ifa edə biləcək, elmli olmaq şansı əldə edəcək, cinayətkarlar yalan danışa bilməyəcək, bəlkə də korlar görə biləcək, karlar eşidə biləcək.

 

Bu barədə yerli və xarici mətbuatda yüzlərlə məqalə yazılıb. Oxuyun. Oxuyun. Oxuyun... Oxuyun ki, xəbəriniz olsun.

 

Koronavirus gələcəyi gətirir, doğrudur. Amma sizin düşündüyünüz gələcəyi yox, texnoloji digital gələcəyi. Ya biz bununla ayaqlaşacağıq, ya da itib gedəcəyik. İndiyə kimi itmiş yüzlərlə xalq kimi.

 

Müşfiq Hüseynov, həkim-farmakoloq

Müəllif: Ayna.az