Müdafiə Nazirliyi təyyarənin Belqorod vilayətində qəzaya uğradığını təsdiqləyib
Rusiyada Su-25 hücum təyyarəsi Belqorod vilayətindəki baza aerodromuna qayıdarkən qəzaya uğrayıb. AYNA TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi (MN) təsdiqləyib.
“Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətindəki baza aerodromuna qayıdarkən qəzaya uğrayıb. Pilot dünyasını dəyişib”, - Nazirlikdən bildirilib.
Müdafiə Nazirliyi Su-25-in boş əraziyə düşdüyünü və yerdə dağıntı olmadığını bildirib.
İlkin məlumata görə, hadisəyə səbəb kimi texniki nasazlıq göstərilib.
Fevralın 23-də Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov Rusiya hərbi təyyarəsinin Valuyski şəhər dairəsində qəzaya uğradığını açıqlayıb. Qubernator dəqiqləşdirib ki, hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.