“Rusiya işğalçılarının bir aya qədər fürsət pəncərəsi var”

Dünya

17.02.2023 - 10:21

Oleksandr Kovalenko: “Prezident öz passivliyinin bədəlini ölkəsinin suverenliyi ilə ödəyə bilər”

Ukraynalı hərbi-siyasi ekspert Oleksandr Kovalenkonun AYNA-ya müsahibəsi.

- Son bir neçə gündə yeni və müzakirə olunan mövzulardan biri də Moldovada mümkün dövlət çevrilişi ilə bağlı məsələdir. Sizcə, Rusiyanın bunu həyata keçirə bilmə ehtimalı nə dərəcədədir?

- Ehtimal kifayət qədər yüksəkdir. Bu, Moldovada həm siyasi mühitdə, həm də hüquq-mühafizə orqanlarında kök atan rusiyayönlü və rus agentlərinin kifayət qədər geniş şəbəkəsinin olması ilə bağlıdır. Bundan əlavə, Moldovanın müstəqilliyinə ciddi təhlükə yaradan Dnestryanı əraziyə kontingent yerləşdirilib. Və nəhayət, Moldova ilə Rusiya arasında hava əlaqəsi təmin edilir ki, bu da Rusiya xüsusi xidmət orqanlarının birbaşa agentlərinə bu respublikanın ərazisinə nüfuz etməyə imkan verir. Xatırladaq ki, 2021-ci ildə həm Ukrayna, həm də Azərbaycan tərəfindən axtarışda olan Semyon Peqov Kişinyov hava limanından tranzitlə Dnestryanıya heç bir maneə olmadan keçib. Moldova xüsusi xidmət orqanları isə hələlik heç bir reaksiya verməyib.

- Bəs nə üçün Ukrayna rəhbərliyinin əvvəllər çoxsaylı təkliflərinə baxmayaraq, rəsmi Kişinyov tanınmamış “DMR”-in Moldovanın nəzarəti altına geri qaytarılması ilə bağlı məsələnin birgə həllinə razı olmadı?

- Bu sual mənim üçün hələ də sirr olaraq qalır və qarşıya çıxan yeganə cavab Moldovanın indiki hakimiyyətini heç də ən yaxşı şəkildə təsvir etmir, yəni iradəsizliyini ortaya çıxarır. Maya Sandu Moldovada Rusiyanın təsirinə qarşı mübarizə ilə bağlı verdiyi bütün açıqlamalara baxmayaraq, hakimiyyətə gəldikdən sonra bu mübarizənin ən azı bir qədər nəzərəçarpan görünməsi üçün heç bir iş görməyib. O, passivliyinin əvəzini ödəyə bilər. Problem ondadır ki, təkcə o, ölkənin səhlənkar lideri kimi deyil, bunun bədəlini Moldovanın özü də ödəyəcək, ancaq öz suverenliyi ilə.

- Rusiya indiki vəziyyətdə Moldovaya və ya başqa ölkələrə qarşı genişmiqyaslı işğala başlaya bilərmi?

- Tammiqyaslı - yox, lakin hibrid – olduqca realdır. Amma bütün qonşu ölkələrdə bu ssenarini eyni dərəcədə həyata keçirilə bilmir, baxmayaraq ki, SSRİ-nin demək olar ki, bütün keçmiş ölkələrində Rusiyanın müxtəlif rejimlərdə fəaliyyət göstərə bilən öz agent şəbəkəsi var. Ukraynada uduzan Rusiya ən azı öz informasiya sahəsində Ukrayna uğursuzluğunu kompensasiya etmək üçün bu ölkələrdən birində əhəmiyyətini və rolunu göstərməli olacaq.

- Rus işğalçı ordusunun yeni hücumu çox və yüksək səslə elan edildi. Başladımı və yaxın bir-iki ay ərzində onun nəticələri nə ola bilər?

- Elan edilənləri heç vaxt böyük hücum adlandırmadım, çünki buna yaxın da ola bilməz. Öz miqyasına görə o, 24 fevral 2022-ci il tarixindən xeyli aşağıdır və hazırda rusların istifadə etdiyi resurs peşəkar və keyfiyyətcə daha pisdir. Digər tərəfdən, ruslar geniş cəbhədə deyil, dar ərazilərdə çoxlu sayda bölmələr cəmləyərək, əraziləri ələ keçirmək üçün irəliləməyə və sonradan ölü müdafiəyə keçməyə çalışacaqlar. Bu cür aktiv hərəkətlər üçün Rusiya işğalçı qüvvələrinin təxminən bir aya qədər fürsət pəncərəsi var və onların katalizasiyası fevralın 24-nə qədər gözlənilir. Sonra sözü Ukrayna Silahlı Qüvvələri alacaq.

- Niyə indiki anın taleyi ilə bağlı bəyanatlar fonunda Qərb Ukraynaya istədiyi hər şeyi, o cümlədən təyyarələri vermədi?

- Təyyarə elə burada və indi həll olunan məsələ deyil. Təyyarə tank deyil, pilotları ay yarımda təyyarələrə hazırlamaq olmaz. Tanklardan fərqli olaraq, təyyarələr uçuş-enmə zolaqları və Qərb tipli infrastrukturu olan aerodromlara ehtiyac duyur. Təyyarələr üçün xidmət personalının ekipajlarını formalaşdırmaq lazımdır və onların təlimi də uzun müddət çəkir. Ukrayna təyyarə alacaq, lakin 2023-cü ilin ikinci yarısından tez deyil. Və onların Ukrayna aerodromlarında yerləşdirilmə ehtimalı azdır.

- NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynada silah-sursata xərclərin hazırkı tempi hazırkı istehsal tempindən dəfələrlə çoxdur. "Məsələn, iriçaplı döyüş sursatlarının gözləmə müddəti 12 aydan 28 aya qədər artıb. Bu gün verilən sifarişlər iki il yarıma çatdırılacaq", - deyə o vurğulayıb. Bu, o deməkdirmi ki, NATO həqiqətən Rusiya ilə belə böyük müharibəyə hazırlaşmırdı?

- Hazırda Ukrayna beynəlxalq tərəfdaşlarından tərəfdaş ölkələrin ordularının tərkibində və balansında olan bütün silah çeşidlərini almır. Müvafiq olaraq, Ukraynaya göndərilən sursatların çeşidi də bütün növləri əhatə etmir. Hazırda Qərb ölkələri öz istehsalını müharibə dövrünə yaxın rejimə keçirir, sursat istehsalını artırır və s. Öz növbəsində, döyüş bölgəsindəki rus qoşunları 2022-ci ilin mart-aprel aylarında gündə 70-80 min atılan atəşin sayını 2023-cü ilin yanvar ayının sonuna qədər gündə 15 minə endirib. Ukrayna Silahlı Qüvvələri isə gündə 5-6 min sabit atəş saxlayır.

Yeganə fərq ondan ibarətdir ki, 5-6 min atəş uzaq məsafədən, yüksək dəqiqlikli artilleriyadan, 15 min isə köhnə, sovet anaxronizmlərindən atılır. Qərbdə Ukraynaya böyük miqdarda döyüş sursatı göndərilməsi məsələsini müzakirə edərkən və bu məsələni həll edərkən, Rusiyada artilleriya və onun sursatlarının proporsional təminatı ilə bağlı problemlər barədə susurlar. Bu problemlərdən danışsalar belə, indiki reallıqda həll etmək imkanları yoxdur. Odur ki, uzunmüddətli müharibəyə hazırlaşmayan tərəf varsa, o da Rusiyadır.

Müəllif: Əkbər Həsənov