“Rus əsgərlərinin Azərbaycanla sərhədə yerləşdirilməsi münasibətlərə zərbədir”

Siyasət

04.08.2021 - 10:23

Həkimlər Klinikalar SEO Xidməti

Anar Həsənov: “Azərbaycan anti-Rusiya koalisiyasına daxil deyil ki, Moskva Bakı üçün problem yaratmaq istəsin”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan bugünlərdə Azərbaycanla Ermənistan arasında sərhəd gərginliyinin aradan qaldırılması istiqamətində bəzi təkliflər səsləndirib. O, ölkəsinin Azərbaycanla sərhədlərinin delimitasiya və demarkasiyasına hazır olduğunu və buna etiraz etmədikərini vurğulayaraq, prosesin başladılması üçün bir neçə şərt irəli sürüb.

 

Baş nazir bildirib ki, demarkasiya işlərinin başlaması üçün ilk növbədə Azərbaycan Ordusu Ermənistan ərazisindən çəkilməli, bundan sonra isə bütün sərhəd boyunca Rusiya sərhəd qoşunları yerləşdirilməlidir. Paşinyan hesab edir ki, Rusiya sərhəd qoşunları Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirildikdən sonra sərhədlərin delimitasiya və demarkasiyasını normal qaydada aparmaq mümkündür.

 

Gərginliyin aradan qaldırılması üçün isə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq qrupunun Ermənistan-Azərbaycan sərhədində müşahidə aparması təklifini irəli sürüb.

 

Bir sıra analitiklər hesab edirlər ki, Paşinyan İkinci Qarabağ müharibəsi dövründə də, ondan sonra Ermənistanın təxribatı nəticəsində sərhəd ərazilərdə yaranan gərginliklər zamanı da KTMT-ni proseslərə cəlb etmək niyyəti güdüb. Hər dəfə nəticə əldə edə bilməyən rəsmi İrəvan KTMT-yə sədrliyə başlayacağı dövrdə yenidən buna cəhdlər edir.

 

Qeyd edək ki, Ermənistan sentyabr ayından KTMT-yə sədrlik edəcək. Görünür, Paşinyan bu fürsətdən yayarlanmağa çalışır.

 

Ermənistan Baş nazirinin fikrincə, KTMT olmazsa, bu missiyanı ATƏT-in Minsk Qrupunun müşahidəçiləri həyata keçirməlidir. Bununla Paşinyan həm də KTMT-ni və qurumun əsas ölkəsi olan Rusiyanı şantaj etməklə məşğuldur.

 

Paşinyanın Rusiya hərbçiləri və KTMT-dən müşahidəçilərlə bağlı təkliflərinin mahiyyətini AYNA-ya şərh edən Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənovun qənaətincə, erməni Baş nazirin ritorikası “güzəştli kapitulyasiyadan” qaynaqlanır: “Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatın bəndlərini icra etmək istəmir. Odur ki, ölkəsinin qapılarını türkü opponent bilən bütün dövlətlərə açmağa hazırdır. Baş nazirin “Ya KTMT, ya ATƏT müşahidəçiləri gəlsin” deməsi də bu məntiqdən irəli gəlir”.

Niyə düşmənin pıçıltısı bizim qışqırığımızdan çox eşidilir –     Moskvadan baxış

“KTMT-nin müşahidəçilərinin sərhədə yerləşdirilməsi perspektivinə inanmıram. Çünki bu təşkilatın üzvü olan dövlətlər Azərbaycanın yanındadır və rəsmi İrəvanın maraqlarını bölüşmürlər. Ermənistanın KTMT-yə sədrlik statusu isə onun söz sahibi olması demək deyil. Mən Paşinyanın Tokayev, yaxud Lukaşenko ilə təkid dili ilə danışa biləcəyini təsəvvür etmirəm”, - deyə müsahibimiz bildirib.

 

Rusiyanın bu təkliflə bağlı atacağı addımlara gəldikdə isə, politoloq hesab edir ki, məsələyə bir az geniş baxmaq lazımdır: “Rusiyanın qərbyönümlü dövlətlərlə sərhədlərə, həmin dövlətlərin anneksiya edilmiş ərazilərinə qoşun yerləşdirməsi anlaşılandır. Kreml cəmiyyəti hələ də Sovet dövrünün aqressiv vətənpərvərliyi ilə manipulyasiya edir, başqa sözlə, “bütün dünya bizə qarşıdır” – Rusiya təbliğatının cəmiyyətə göndərdiyi əsas mesajlardan biri budur. Türkiyə və İranın Ermənistanla sərhədini Rusiya sərhədçilərinin qoruması da Kremlin marağını əks etdirir. Azərbaycanla sərhəddə rus qoşunlarının yerləşdirilməsi isə nə Rusiya iqtidarının, nə də cəmiyyətinin maraqlarını əks etdirir”.

 

“Azərbaycan anti-Rusiya koalisiyasına daxil deyil ki, Kreml Azərbaycanla münasibəti korlasın və Azərbaycan iqtidarı üçün problem yaratsın. Anlamaq lazımdır ki, Kremlin sərhədi nəzarətə götürməyi İlham Əliyev hakimiyyətinə zərbə, Qərbin Azərbaycanda fəallaşması, müxalifətin tənqidinin əsaslı olması, ictimai fikrin iqtidara qarşı dəyişməsinə şərait yaradır. Kremlə məlumdur ki, Paşinyanın təşəbbüsü Azərbaycan-Rusiya münasibətlərini korlamaq niyyətlidir. Hərçənd ki, Rusiyanı ağılla anlamaq çətindir. Ancaq Kremldən gərəksiz, maliyyə məsrəfləri tələb edən bu addımı gözləmirəm”, - deyə Həsənov vurğulayıb.

 

Onun fikrincə, Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə dayanma ideyası Rusiya üçün mənasızdır: “Həm də ziyanlıdır və əhəmiyyət kəsb etmir. Bu təşəbbüsün reallaşmasında maraqlı olan ermənipərəst qüvvələrdir ki, sentyabrın 27-dən bu günə kimi onların qərar qəbuluna müdaxiləsi uğursuzdur.  Hesab etmirəm ki, Rusiya öz sərhədçilərini 1000 kilometrlik sərhədə yerləşdirsin. Ona görə ki, Rusiya üçün Cənubi Qafqazda 27 sentyabr 2020-ci ildən bu günə kimi gözlənilməyən nəsə baş verməyib ki, Kreml Azərbaycanı cəzalandırsın”.

 

“Azərbaycandan olan ekspertlərə isə məsləhət bilərdim ki, dünyaya “Biləcəri prizması”ndan baxmasınlar. Dünənə qədər Paşinyanı Sorosun adamı bilənlər, bu gün onu Kremlin sözçüsü kimi təqdim edirsə, bu, artıq klinik hadisədir. Heç kəsi şərh etmək istmirəm, amma Kremlin “təzyiqi yoxlamaq üçün” istifadə edə biləcəyi onlarla “probniy şar”ı var. Gəlin, Paşinyanın təlaşını Kremllə bağlamayaq”, - deyə politoloq fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş