"KTMT-yə üzvlük ordu quruculuğuna mənfi təsir göstərə bilər"

Siyasət

27.09.2019 - 18:23

"Azərbaycana rus əsgərinin çəkməsi dəyməməlidir" 


"Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT-ya) üzvlüyü müstəqillik dövründə formalaşmış ordu quruculuğu prosesinə mənfi təsir göstərə bilər".

 

AYNA xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Müdafiə və Təhlükəsizlik Araşdırmaları İctimai Birliyinin Təşəbbüs Qrupunun sədri, hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. 


O bildirib ki, 1999-cu ildən başlayaraq, Azərbaycan ordu quruculuğu prosesində Qərb silahlı qüvvələri sisteminə inteqrasiyanı əsas tutub. 


Elə məhz buna görə də Heydər Əliyevin siyasi iradəsi ilə NATO-ya inteqrasiya Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran məqsədlərdən biri olub. Bu proses zamanı Azərbaycan Ordusunun yüzlərlə zabiti NATO təlimlərinə göndərilib, bu hərbi qurumun sülhməramlı missiyalarında iştirak edib və indi də iştirak edir. Bundan başqa Azərbaycan Ermənistanın da təmsil olunduğu bu hərbi ittifaqda üzv və ya müşahidəçi olaraq iştirakı bizim ölkəyə heç nə verməyəcək. Əksinə, Ermənistan hərbçiləri ilə bir təlim və toplantılarda iştirak etmək məcburiyyətində qalacağıq. 

Image result for Ramil Məmmədli

R.Məmmədli sözlərinə görə, məsələnin texniki tərəfinə gəldikdə isə burada vəziyyət daha da çətinləşə bilər: "Azərbaycanın KTMT-yə yaxınlaşması qeyri-rəsmi və ya rəsmi öhdəliyə gətirib çıxara bilər ki, bununla da ölkəmiz Sovet-rus hərbi texnikasını silahlanmaya daxil etmək məcburiyyətində qalar. Azərbaycan hərbi-sənaye kompleksinin yolu isə müasir qərb texnologiyalarını mənimsəməkdir. KTMT üzvü üçün isə Qərb - NATO rəqib və düşmən ittifaqdır. Azərbaycan buna getməməli və Qərblə arada olan münasibətləri gərginləşdirməməlidir. Bu mənada Rusiyadan və Azərbaycandan bəzi şəxslərin - siyasətçilərin KTMT-yə üzvlüyümüzlə bağlı fikirləri təqdir və təbliğ olunmamalıdır. Azərbaycana rus əsgərinin çəkməsi dəyməməlidir".       


Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərlinin fikrincə isə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, Avro-Atlantik inteqrasiya Azərbaycan üçün strateji seçimdir: "Həmin konsepsiyaya əsasən, Azərbaycan Respublikası Avro-Atlantik təhlükəsizlik arxitekturasinın ayrılmaz bir halqasıdır. Belə olan təqdirdə, Azərbaycanın KTMT-yə istənilən formada inteqrasiyası, Konsepsiyaya ziddir və hüquqi cəhətdən doğru addım deyildir". 


"Ümumiyyətlə, "Əsrin müqaviləsi" kimi Qərb dünyası ilə əməkdaşlıq alətlərinin mövcudluğu, Azərbaycan hüquq sisteminin Avropa hüquq sisteminin bir parçası olması və Avropa İnsan hüquqları mexanizmlərinin Azərbaycan qanunvericiliyində əks tapması, Azərbaycan hərbi hüquq sisteminin NATO standartlarına uyğunlaşdırlması fonunda, qəfildən Azərbaycanın KTMT-yə üzv olması perspektivinin hətta müzakirə mövzusuna çevrilməsi, regionun lider dövləti olan Azərbaycan üçün ilk növbədə geriyə atılmış bir addım olması qənatindəyəm", - deyə Ramil İskəndərli qeyd edib.

Müəllif: Ayna.az