İlqar Vəlizadə: “Azərbaycanın Türkiyə ilə müəyyən mənada fərqli siyasi hədəfləri var, amma bir çox hallarda bu hədəflər eyniləşir”
“Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə Azərbaycana səfərlərinə sıradan bir iş kimi yanaşmaq olmaz. Çünki hər zaman bu səfərlər çərçivəsində mühüm məsələlər müzakirə olunur və bu məsələlər konkret siyasətdə və regionda gedən iqtisadi proseslərdə, layihələrin həyata keçirilməsində öz əksini tapır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 15-də Azərbaycana etdiyi səfəri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin münasibətləri bir çox regional formatların yaranmasına gətirib çıxarıb: “Belə ki, ikitərəfli qardaşlıq və əməkdaşlıq münasibətləri Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, son dövrlərdə isə Azərbaycan-Türkiyə-İran-Gürcüstan formatlarının yaranmasına şərait yaradıb. Əlbəttə ki, belə olan halda bu münasibətlər ikitərəfli müstəvidən beynəlxalq müstəviyə keçib. Həmin bu formatların yaranması regionda gedən proseslərin dinamikasına da mühüm təsir göstərib”.
“O ki, qaldı Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasına, düşünürəm ki, bu, çox əhəmiyyətli iclas idi. Çünki keçən il TANAP layihəsi həyata keçirildi və bu il tam başa çatdırıldı. Ondan əlavə, bu il Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi də işə düşməlidir. Azərbaycan Prezidenti türkiyəli həmkarı ilə bu layihənin həyata keçirilməsi və eyni zamanda Cənub Qaz Dəhlizinin perspektləri ilə bağlı fikir mübadiləsi aparıb. Fevralın sonunda isə Cənub Qaz Dəhlizinin idarə heyətinin iclası keçiriləcək. Yenə də bu məsələlər detallı şəkildə müzakirə olunacaq. Bu, bizim regionda reallaşdırılan yeganə layihədir ki, Avropa İttifaqına alternativ enerji mənbələrindən qaz çatdırılması baxımından əhəmiyyətli rol oynayır”, - Vəlizadə bildirib.
Mərahim Nəsib