Türkiyə üçün Suriya bataqlığı: Nə irəli getmək olur, nə də geri durmaq

Siyasət

04.03.2020 - 14:55

Ekspert: “Türkiyə ilə Rusiyanın dami müttəfiq olması qeyri-mümkündür”

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Suriya ordusu arasında qarşıdurma davam edir. Fevralın 27-dən etibarən Türkiyə İdlibdə yeni “Bahar qalxanı” əməliyyatına start verib. Qarşıdurma nəticəsində Türkiyə tərəfi 34 əsgərini şəhid versə də, Əsəd rejiminə tabe olan qüvvələrin 2557-si həlak olub. Bundan əlavə, Suriya ordusuna məxsus 135 tank, 3 helikopter, 86 döyüş topu və 9 silah bazası məhv edilib.

 

AYNA-nın mövzu üzrə suallarını Yaxın Şərq və ərəb ölkələri üzrə mütəxəssis Rufiz Hafizoğlu cavablandırıb.

 

- Rufiz bəy, Suriyanın İdlib şəhərində hadisələr getdikcə şiddətlənir. Proseslərin gedişatını necə görürsünüz?

 

- Son günlər Suriyada baş verən hadisələr, xüsusən də “Bahar qalxanı” əməliyyatı Suriya ordusunun Türkiyənin İdlibdəki hədəflərinə qarşı törətdiyi hücumlardan sonra başladı. Ümumiyyətlə, Yaxın Şərqdə, xüsusən də Suriyada vəziyyət heç də asan deyil və bu münaqişə tezliklə bitməyəcək. Çünki əvvəllər Suriyada əsas rolları Türkiyə, Rusiya və İran oynayırdısa, artıq bölgədə fərqli obrazların da gündəmə gəldiyini görmək olur. Həmin obrazlardan birini də Amerika Birləşmiş Ştatları canlandırır. Lakin bundan əvvəllər də ABŞ-ın PKK-nın ad dəyişdirmiş PYD/YPG qruplarına yardım göstərdiyinin şahidi olmuşduq. Amma məsələnin mahiyyəti sadəcə Suriya ilə bitmir. Çünki Suriya elə bir siyasi regiondur ki, bu regionda proseslərin uzanması qonşu ölkələrə, o cümlədən Türkiyəyə də ciddi təhlükələr yaradacaq.

Mərahim Nəsib