Fuad Çıraqov: “Belə hadisənin baş verəcəyi proqnozlaşdırılırdı. Ona görə də seçki ilində prezidentliyə namizədə qarşı baş verən sui-qəsd əslində gözlənilməz sayılmamalıdır”
İyunun 14-də ABŞ-ın sabiq Preizdenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd edilib. Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı tribunada güllələnib. Snayper silahından atılan güllə Trampın başının bir santimetrindən keçib və sabiq Prezident qulağından yaralanıb. Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb.
Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub. Sabiq Prezidentə atəş açan şəxs isə öldürülüb. ABŞ Prokurorluğunun yaydığı məlumata görə, hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Dünya gündəmini silkələyən sui-qəsd hadisəsi ətrafında müxtəlif mülahizələr səsləndirilir. Bu aktı adi cinayət hadisəsi adlandıranlar var. Amma siyasi terror olduğu fikri daha üstündür.
Trampa qarşı sui-qəsdin səbəblərinin ABŞ-dakı qütbləşmə və radikallaşmanın olduğunu deyən ekspertlər hesab edirlər ki, adi cinayət hadisəsi də olsa, siyasi terror aktı da olsa, bu, payızda keçirilən prezident seçkilərinə təsir edən amildir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov AYNA-ya müsahibəsində deyib ki, Amerika tarixində prezidentlərə, siyasətçilərə əvvəllər də sui-qəsdlər edilib:
- Amma Trampa edilən sui-qəsd digərlərindən fərqlənir. Fərq isə odur ki, əvvəlki sui-qəsd cəhdləri zamanı ABŞ cəmiyyəti bu qədər qütbləşməmişdi, radikallaşmamışdı. Həqiqətin nə olmasından asılı olmayaraq, məsələ burasındadır ki, hadisə Tramp tərəfdarlarında o inamı daha da gücləndirəcək ki, ABŞ “dərin dövləti” Trampa qarşıdır. Onlar əvvəllər buna inanırdılar, bu fikir ətrafında səfərbər olmuşdular. ABŞ siyasətində son bir neçə ildə ilklər yaşanır. Məsələn, Trampa qarşı 4 cinayət işi qaldırılıb, araşdırma, istintaq aparılır. Tramp tərəfdarları hesab edirlər ki, bu, “dərin dövlətin” işləridir və bununla Trampın ABŞ Prezidenti olmaq istəklərinin qarşısını almaq üçündür. Düşünürəm ki, bu inam sui-qəsd hadisəsindən sonra daha da güclənəcək.
Daha bir vacib məqam odur ki, ilk dəfədir Amerika ədalət sisteminə etibar tamamilə sıradan çıxır. Əvvəllər siyasi görüşündən asılı olmayaraq, demokrat olsun, resbublikaçı olsun, liberal olsun, sağçı və ya solçu olsun, Amerika məhkəməsi və hüquq sistemi ən ali ədalət instansiyası sayılırdı. Bu instansiyanın verdiyi qərara hər hansı şübhə olmurdu. Yaxud da, hansısa siyasətçiyə qarşı məhkəmə işi olardısa, onun siyasi karyerası bitərdi. İndi isə Trampa qarşı 88 epizod üzrə 4 cinayət işi açılıb, amma bu, nəinki Trampın imicinə təsir edir, əksinə, onun tərəfdarlarını daha da radikallaşdırır, mobilləşdirir.
- Qütbləşmə, radikallaşma nə ilə bağlıdır?
- 2008-ci il iqtisadi böhranından sonra ABŞ-da dərinləşən iqtisadi problemlərlə bağlıdır. Eyni zamanda, ölkədə qütbləşmə dərinləşib ki, səbəblərdən biri də məhz budur. Amerikalı aparıci icmalçılar hələ 10 il əvvəl bildirirdilər ki, ABŞ-da qütbləşmə vətəndaş müharibələri dövründəki qütbləşmələrdən səviyyəcə daha yuxarıdır. Hamı bir ağızdan deyirdi ki, siyasi konsensus, siyasi məxrəc itib. Məsələn, 2016-cı ilin prezident seçkilərində biz iki fərqli siyasi qütbün qarşıdurmasını müşahidə edirdik. Bu il 2024-cü ildir və o qütbləşmə daha da dərinləşən xətlə gedib. Bir çox şərhçilər belə hadisənin baş verəcəyini proqnozlaşdırırdılar. Ona görə də seçki ilində siyasətçiyə, prezidentliyə namizədə qarşı baş verən sui-qəsd əslində gözlənilməz sayılmamalıdır. Çünki bütün siyasi sistem Trampa qarşıdır. Prezident Baydenin özü bildirir ki, siyasi ritorika həddən artıq istidir, “biz bunu bir qədər soyutmalıyıq”. Yəni ki, Bayden öz çıxışlarında, tvitlərində bildirir ki, “Tramp ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir, hədədir”. Tramp isə əksinə, Bayden barədə bunları deyir. Əslində isə hər iki tərəf vəziyyətin bu həddə çatması üçün əllərindən gələni ediblər. Ona görə də qütbləşmədən doğan sui-qəsd sürpriz sayılmamalıdır.
- Bu hadisə payızda keçiriləcək prezident seçkilərinə hansı təsiri göstərəcək?
- Əlbəttə, təsirsiz ötüşməyəcək. Bundan Respublikaçılar Partiyası piarda istifadə edəcəklər. Artıq hesab edirəm ki, ritorikada bu, özünü göstərir. Amma Amerika cəmiyyəti üçün hadisələrin gedişi çox şeyi dəyişir.
Onu da bildirim ki, onsuz da Baydenlə Tramp arasındakı ilk debatdan sonra vəziyyət bir qədər gərginləşmişdi. Xüsusilə, Demokrat Partiyası daxilində çəkişmələr başladı ki, bəlkə Bayden namizəd olmasın, başqa bir şəxsin namizədliyi verilsin. Yəni demokratların bir qismi hesab edir ki, yaşlı, səhvlər edən Baydenin seçkilərdə qələbə qazanmamaq riski çoxdur. Üstəlik, Trampa sui-qəsd də bu məsələdə tərəddüdləri artıracaq.
- Demokratlar Baydeni dəyişə, başqa namizəd irəli sürə bilərlərmi?
- Hesab edirəm ki, ilk debat həm Bayden, həm də Tramp üçün bir tələ idi. Trampa sərf edərdi ki, debat payızda, seçkilərə az qalmış keçirilsin ki, demokratlar başqa namizəd göstərmək imkanına malik olmasınlar. Bayden isə ilk debatda uğursuzluğa düçar oldu. Amma biz görürük ki, gözləntilərə baxmayaraq, Bayden tərəfdarlarının mövqeyi qətidir, geri çəkilmək istəmirlər. Trampa sui-qəsd cəhdindən sonra proses fərqli məcraya yönələcək. Düşünürəm ki, sanki güllə Trampa atıldı, amma nəticədə Bayden və demokratlara “dəydi”. Çünki sui-qəsd cəhdindən sonra Trampın mövqeləri güclənəcək. Ola bilsin ki, demokratlar namizəd dəyişikliyi ətrafında bir daha düşünsünlər.
- Belə fikirlər var ki, Trampa edilən sui-qəsd elə Trampın tərəfdarları tərəfindən təşkil olunmuş aktdır. Məqsəd də budur ki, Trampın mövqeləri güclənsin...
- Bu iddia daha çox demokratlar tərəfindən səsləndirilir. Əgər bu səhnələşdirilmiş aktdırsa, o zaman Baydenin tərəfdarları, demokratlar gərək bunu sübut etsinlər. Müəmmalar çoxdur, amma detallar o qədər də önəmli deyil. Əsas olan nəticədir. Fakt isə odur ki, demokratlara bu sui-qəsdin mənfi təsirləri var. Tramp bu məqamdan çox ağılla istifadə etdi, yaxşı şou göstərə bildi. Sınmadığını, mətin olduğunu, qorxmadığını nümayiş etdirdi ki, bu Trampın mövqelərini gücləndirir.