Ərdoğan Ankaranın Moskva-Kiyev danışıqlarının bərpasına töhfə verməyə hazır olduğunu açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, liderlər Ukraynadakı vəziyyəti və Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələləri müzakirə ediblər.
“Danışıqlar zamanı Türkiyədə baş verən zəlzələlər və birinci ilini başa vuran Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə olunub. Prezident Ərdoğan zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə Rusiya Prezidenti Putinə təşəkkür edib”, – Türkiyə liderinin ofisindən bildirilib.
Ərdoğan Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqların bərpasına töhfə verməyə hazır olduğunu açıqlayıb.
“Rusiya-Ukrayna müharibəsində daha çox itki və dağıntı olmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini bəyan edən Prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın bərpa olunmasını arzuladığını və bu işə hər cür töhfə verməyə hazır olduqlarını bildirib”, - deyə məlumatda vurğulanıb.