“Koronavirusun peyvəndi tapılıb” – Çində yaşayan azərbaycanlı

“Koronavirusun peyvəndi tapılıb” – Çində yaşayan azərbaycanlı

Seymur Abdullayev: “Həyat əvvəlki qaydasına düşməyə başlayıb, artıq restoranlar, şirkətlər, fabriklər, zavodlar və digər iş yerləri fəaliyyətini bərpa edir”

 

Koronavirus pandemiyası dünyaya yayılmaqda davam edir. Covid-19 dünyaya Çindən yayılsa da, Çin hökuməti təhlükənin aradan qaldırıldığını qeyd edir. Son məlumatlarda isə artıq Çində əhalinin fövqaladə vəziyyətdən yavaş-yavaş xilas olduğu və qadağaların aradan qaldırıldığı bildirilir.

 

Virusun mənbəyi Çin olsa da, Avropa qitəsi virusun yayılma sürətinə görə artıq Çini geridə qoyub. Dünyada ümumilikdə 423 mindən çox insanda koronavirusa yoluxma qeydə alınıb ki, bunlardan 19 minə yaxını virusdan ölüb. Virusdan ən çox ölüm faktı İtaliyada (6820) və İspaniyada (3434) qeydə alınıb. Çində isə 3281 adam virusun qurbanı olub.

 

Qərb mətbuatı Çində virusun qarşısının alındığıına dair məlumatların əksini yazır. Hələ də bu ölkədə ölüm və yoluxma hallarının baş verdiyi iddia olunur. Bəs, reallıq necədir və hazırda Çində son vəziyyət nə yerdədir? Çin həqiqətənmi virusun qarşısını almağı bacarıb və buna necə nail olub?

 

Çin Xalq Respublikasında ticarətlə məşğul olan azərbaycanlı iş adamı Seymur Abdullayev AYNA-nın bu yöndə suallarını cavablandırıb.

 

Həmyerlimizin sözlərinə görə, hazırda Çində vəziyyət deyildiyi kimi gərgin deyil: “Əvvəlki günlərə nisbətən indi sakitlikdir. Düzdür, insanlar hələ də maska ilə gəzirlər. Amma buna baxmayaraq, küçələrdə, xəstəxanalarda və karantin zonalarında heç bir təhlükəli hal müşahidə edilmir. Şəhərlər yavaş-yavaş əvvəlki qaydasına düşüb və yaşam şəraiti düzəlməyə başlayıb. Yəni virusla bağlı heç bir təhlükə yoxdur”.

 

“Hətta Çinə gediş-gəliş başlayıb və gömrük keçid məntəqələrindən keçən hər kəsi müasir tibbi cihazlarla yoxlayır və cəmi 2 saat ərzində koronavirusa yoluxub-yoluxmadığını bilirlər. Əgər virus testinin nəticələri müsbət olmursa, ölkəyə keçməkdə heç bir məhdudiyyət qeydə alınmır. Yox, əksi olsa, otellərdə və digər karantin zonalarında yerləşdirirlər və 14 gün saxlayırlar”, - iş adamı deyib.

 

S.Abdullayev bildirib ki, virusun yayıldığı Vuhan şəhərində də vəziyyət qaydasına düşür: “Şəhər əvvəlki günlərinə qayıtmağa başlayıb. Artıq restoranlar, şirkətlər, fabriklər, zavodlar və digər iş yerləri fəaliyyətini bərba edib. Xəstəliklə bağlı insanlarda heç bir qorxu və təlaş yoxdur. Yolxuma hallarının qarşısı isə tamamilə alınıb. Bunun da səbəbi odur ki, Çində koronavirusun vaksinini tapıblar. Müasir tipli tibbi cihazlar vasitəsilə iki saat ərzində virusdan analiz verən insanlarda virusun olub-olmadığı bilinir. Əgər, həmin adamlarda virusa yoluxma qeydə alınırsa, dərhal peyvəndi vurulur və təhlükənin qarşısı alınır”.

 

Həmsöhbətimiz Çin hökumətinin virusun qarşısını necə almasından da danışıb: “Virus Vuhan şəhərində qeydə alınmış və yayılmağa başlamışdı. Lakin həmin şəhərdə dərhal fövqəladə vəziyyət rejimi elan edildi və şəhərə giriş-çıxış bağlandı. Çünki bu xəstəlik yoluxucudur deyə, ilkin tədbir olaraq bu üsuldan istifadə edildi. Ki, insanlar arasında təmas aradan qaldırılsın. Bundan əlavə, Çində virusun qarşısını almaq üçün tamamilə ciddi və sərt rejimə keçildi. Bunun da nəticəsində xəstəliyin yayılmasının qarşısını almaq mümkün oldu”.

 

S.Abdullayev, bu günlərdə Çində peyda olduğu deyilən yeni virus - Hantavirusla bağlı da danışıb: “Hantavirus elə də təhlükəli virus deyil. Əksər şəhərlərdə qeydə alınmayıb. Yəni koronavirus kimi sürətli yayılan virus deyil. Bu virus həmişə olub və müxtəlif zamanlarda gəmiricilərdən insanlara keçib. İstənilən halda, Çində bütün əhali maskada gəzir. Hətta yaşayış binalarının bloklarında mühafizəçilər keşik çəkirlər. Əgər küçəyə maskasız çıxan kimisə görsələr, dərhal geri qaytarırlar”.

Müəllif: Mərahim Nəsib      27 Mart 2020 10:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin