İdmançı Azərbaycanı təmsil etmək istəyir, ancaq...

İdmançı Azərbaycanı təmsil etmək istəyir, ancaq...

“Nazirlik yalnız dünya, Avropa çempionatına gedən idmançıları dəstəkləyir"

 

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı həlledici yarışa hazırlaşır. İdmançı 16 avqust tarixində Nyu-Cersi ştatında “Atlantic City”də yerləşən “Hard Rock Casino”da yarışa çıxacaq. Həlledici əhəmiyyətli döyüşdə idmançımız qalib gələrsə, ölkə tarixində ilk dəfə UFC-yə (Ultimate Fight Championship) lisenziya qazanılacaq.

 

Ancaq Elgün Xanoğlanlının yarışa hazırlaşması üçün maddi imkanı yoxdur. İdmançıya təlim məşq toplanışında iştirak etmək üçün 13 min dollar lazımdır. Elgün Xanoğlanlının dostları qərara gəliblər ki, idmançının bu məbləği toplaması üçün ona yardım etsinlər. Bu məqsədlə də sosial şəbəkələrdə idmaçıya maddi dəstək  aksiyasına başlayıblar.

 

AYNA-nın əməkdaşı idmançı ilə əlaqə saxlayaraq üzləşdiyi problem barəsində danışıb.

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR

Elgün Xanoğlanlı bildirib ki, yarışda iştirakına maddi dəstək olmaları üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən yardım istəyib: “Yarışın vaxtına çox az qalıb. Həmişə olduğu kimi, bu yarışda da Azərbaycanı təmsil edəcəyəm. Amma maddi imkanım yoxdur. Qalib olsam, UFC-yə lisenziya qazanan ilk azərbaycanlı idmançı olacağam. Bu yarışa hazırlıqlar üçün isə 13 min dollar lazımdır. Bunun üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişəm”.

 

İdmançıya maddi dəstək olub-olmayacaqlarına aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Komitədən sorğumuza cavab olaraq bildirildi ki, Elgün Xanoğlanlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə şifahi şəkildə müraciət edib: “Həmin müraciətin əsasını da təbliğat kompaniyasına yardım edilməsi təşkil edir. Lakin idmançımızın hələ ki, Komitəyə hər hansı maddi yardımla bağlı yazılı müraciəti və ya layihəsi daxil olmayıb. Belə bir müraciət olduğu halda məsələyə baxılacaq”.

 

İdmançının üzləşdiyi maddi problemlə bağlı Gənclər və İdman Nazirliyinə də müraciət etdik. Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirdi ki, əgər idmançı xaricdə yaşayırsa və kommersiya məqsədli yarışlara qatılırsa, Nazirlik bu yarışlara pul ayırmır.

 

“Nazirlik  yalnız dünya, Avropa çempionatına gedən idmançıları dəstəkləyir. Bunun üçün isə idmançı Azərbaycan milli komandasının tərkibində olmalıdır. Və yarışa getməsi ilə bağlı federasiyadan nazirliyə rəsmi məktub daxil olmalıdır. Nazirlik federasiyadan daxil olan siyahı əsasında idmançıların yol və digər xərclərini maliyyələşdirir” – deyə Nazirliyin sözçüsü əlavə etdi. 

Müəllif: Təranə Xudabaxşiyeva      14 İyul 2019 16:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin