“Azərbaycanın Türkiyə lisenziyası ilə istehsal etdiyi silahlar başqa ölkələrə satılır”

“Azərbaycanın Türkiyə lisenziyası ilə istehsal etdiyi silahlar başqa ölkələrə satılır”

İlqar Vəlizadə: “Azərbaycanın Türkiyə ilə müəyyən mənada fərqli siyasi hədəfləri var, amma bir çox hallarda bu hədəflər eyniləşir”

 

“Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə Azərbaycana səfərlərinə sıradan bir iş kimi yanaşmaq olmaz. Çünki hər zaman bu səfərlər çərçivəsində mühüm məsələlər müzakirə olunur və bu məsələlər konkret siyasətdə və regionda gedən iqtisadi proseslərdə, layihələrin həyata keçirilməsində öz əksini tapır”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 15-də Azərbaycana etdiyi səfəri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin münasibətləri bir çox regional formatların yaranmasına gətirib çıxarıb: “Belə ki, ikitərəfli qardaşlıq və əməkdaşlıq münasibətləri Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, son dövrlərdə isə Azərbaycan-Türkiyə-İran-Gürcüstan formatlarının yaranmasına şərait yaradıb. Əlbəttə ki, belə olan halda bu münasibətlər ikitərəfli müstəvidən beynəlxalq müstəviyə keçib. Həmin bu formatların yaranması regionda gedən proseslərin dinamikasına da mühüm təsir göstərib”.

 

“O ki, qaldı Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasına, düşünürəm ki, bu, çox əhəmiyyətli iclas idi. Çünki keçən il TANAP layihəsi həyata keçirildi və bu il tam başa çatdırıldı. Ondan əlavə, bu il Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi də işə düşməlidir. Azərbaycan Prezidenti türkiyəli həmkarı ilə bu layihənin həyata keçirilməsi və eyni zamanda Cənub Qaz Dəhlizinin perspektləri ilə bağlı fikir mübadiləsi aparıb. Fevralın sonunda isə Cənub Qaz Dəhlizinin idarə heyətinin iclası keçiriləcək. Yenə də bu məsələlər detallı şəkildə müzakirə olunacaq. Bu, bizim regionda reallaşdırılan yeganə layihədir ki, Avropa İttifaqına alternativ enerji mənbələrindən qaz çatdırılması baxımından əhəmiyyətli rol oynayır”, - Vəlizadə bildirib.

Müsahibimiz Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirməsi ilə bağlı da danışıb: “Azərbaycanın iqtisadiyyatda qeyri-neft sektorunu inkişaf etdirməyə çalışmasında Türkiyə sərmayəçilərinin böyük rolu var. Eyni zamanda, azərbaycanlı sərmayədarların da Türkiyə iqtisadiyyatında fəal rol oynaması son dərəcə əhmiyyətlidir. Çünki Türkiyə bazarı bizim üçün inkişaf etmiş, əhəmiyyətli bir bazardır. Azərbaycan biznes nümayəndələrinin Türkiyədə qurduqları müştərək, yaxud fərdi biznesləri imkan verir ki, Azərbaycan istehsal etdiyi məhsulları üçüncü ölkələrin bazarlarına çıxara bilsin. Türkiyə də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Çünki Türkiyə iqtisadi cəhətdən Şimali Afrika, Yaxın Şərq və Balkan ölkələri ilə sıx təmsada olan bir ölkədir. Azərbaycan biznesinin fəaliyyəti də imkan verəcək ki, yerli məhsullar sözügedən regionlara daxil ola bilsin”.

 

“Azərbaycan hərbi müəssisələrində Türkiyə lisenziyası ilə müxtəlif növ hərbi silah-sursat istehsal olunur. Əslində, ikitərəfli hərbi-texniki müstəvidə olan koorperasiya uzun illərdir mövcuddur və konkret nəticələri də var. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyə lisenziyası ilə istehsal etdiyi hərbi texnikalar digər ölkələrə də satılır. Çünki Azərbaycanda istehsal olunan silahlar Türkiyədə istehsal olunan silahlardan qiymət baxımından daha ucuzdur. Digər tərəfdən, Türkiyənin özündə də hərbi sənayeyə böyük sərmayələr qoylur və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, reaktiv sistemlərin hazırlanması və istehsala buraxılması, milli-hərbi təyyarə layihəsi, özəl hava müdafiə sistemləri və digər layihələr var”, - politoloq vurğulayıb.

 

“Təbii ki, bütün bu layihələr Azərbaycan üçün maraqlı və son dərəcə vacibdir. Çünki Türkiyə ilə Azərbaycan arasında 2010-ci ildə hərbi əməkdaşlıqla bağlı mühüm sənəd qəbul olunub. Bu sənədə uyğun olaraq həm Azərbaycan və Türkiyə arasında hərbi sahədə həm əməkdaşlıq, həm də qarşılıqlı layihələrin həyata keçirilməsi nəzərdə tutulub və hər iki ölkənin hərbi-texniki komplekslərinin uyğunluğu barədə fikir mübadiləsi aparılıb. Yəni hər iki ölkənin hərbi kompleksləri biri-birini tamamlamalıdır. Baxmayaraq ki, Azərbaycanın Türkiyə ilə müəyyən mənada fərqli siyasi hədəfləri var, amma bir çox hallarda bu hədəflər eyniləşir. Bu hədəflərin öhdəsindən gəlmək üçün isə hərbi-texniki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, - deyə İ.Vəlizadə əlavə edib.

Müəllif: Mərahim Nəsib      27 Fevral 2020 16:02
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin