Belarusda Həzi Aslanovun yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO, VİDEO

Belarusda Həzi Aslanovun yubileyinə həsr olunmuş tədbir keçirilib -         FOTO, VİDEO

Tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə baş tutub

 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Belarusdakı Səfirliyi tərəfindən 14 fevral 2020-ci il tarixində Minskdə yerləşən “Böyük Vətən Müharibəsi Muzeyi”ndə Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi ilə bağlı dövlət rəsmilərinin iştirakı ilə təntənəli yığıncaq keçirilmişdir. AYNA xəbər verir ki, tədbirdə Belarus Parlamentinin nümayəndələr palatasının insan hüquqları, milli münasibətlər və Kütləvi İnformasiya Vasitələri üzrə daimi komissiyanın sədri, “Belaya Rus” ictimai birliyin rəhbəri Qenadiy Davıdko,  Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi Sədrinin birinci müavini Viktor Quminski, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun nümayəndələri, Müdafiə Nazirinin müavini Serqey Patapenko, Belarus XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Miqidoviç, Belarus Veteranlar Cəmiyyətinin sədri general-mayor İvan Qordeyçik, Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Belarus komsomolunun I katibi, millət vəkili Voronyuk Sergey, Belarus Ali Hərb məktəbinin və Fövqəladə Hallar Nazirliyinin kursantları, Belarus ictimaiyyətinin nümayəndələri və yerli diaspora iştirak etmişdir.

 

Tədbir Səfirliyin təşkilatçılığı və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilmişdir. Tədbirin aparıcısı Həzi Aslanovun hərbi təhsil illəri və böyük vətən müharibəsi dövründə keçdiyi şərəfli döyüş yolu barədə məlumat vermişdir.

 

Tədbirdə çıxış edən səfir Lətif Qəndilov bu tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Həzi Aslanovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə imzaladığı Sərəncama əsasən və Böyük Qələbənin 75 illiyi çərçivəsində qeyd olunduğunu söyləmişdir. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan bu tədbirlərin Böyük Qələbənin 75 illiyi ilə üst-üstə düşməsi Azərbaycan dövlətinin, xalqının, onun rəhbərliyinin və şəxsən İlham Əliyevin bu tarixi günə nə qədər böyük önəm verməsinin göstərici olduğunu xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycanda Böyük Vətən müharibəsinin xatirəsinə aid hər bir abidənin dövlət tərəfindən qorunduğunu və xalqımız tərəfindən ona qayğı göstərildiyini qeyd etmişdir.

 

Səfir Lətif Qəndilov 1941-ci ildə 3 milyon əhalisi olan Azərbaycandan Böyük Vətən müharibəsində iştirak etmək üçün 600 mindən çox Azərbaycanlının cəbhəyə getdiyini, onlardan 300 mininin Böyük Qələbənin əldə olunması uğrunda canlarını fəda etdiklərini bildirmişdir: “Bu isə döyüş bölgələrindən uzaq yerləşən ölkənin 10 nəfərindən birinin həlak olması deməkdir”.

 

Səfir Azərbaycan hərb məktəbinin təmsilçiləri - “Rus artilleriyasının Allahı” ləqəbini daşıyan general-leytenant Əliağa Şıxlınskinin və artileriya generalı Səməd Bəy Mehmandarovun qoyduğu ənənələrin Həzi Aslanov tərəfindən layiqincə davam etdirildiyini bildirmişdir. L.Qəndilov Həzi Aslanovun qəhrəmanlığını öz sözləri ilə yox həmin dövrdə Qəhrəmanımız barədə mətbuatda yayılmış çoxsaylı məqalələrdən yalnız birindən kiçik hissəni oxumaqla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

 

L.Qəndilov yalnız 1944-cü ilin iyul ayında Həzi Aslanova Ali Baş Komandan İosif Stalin tərəfindən 8 dəfə təşəkkür elan edildiyini xatırlatmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanımızın qorxmaz və heç bir çətinlik qarşısında geri dönməyən bir şəxs olduğunu, məhz bu xüsusiyyətlərə malik şəxsin 34 yaşında general-mayor rütbəsinə layiq görülməsinin mümkün olduğunu vurğulamışdır.

 

Tədbirdə çıxış edən V.Quminski bildirmişdir ki, keçmiş SSRİ-nin çoxsaylı xalqlarının birlikdə çətin sınaqlardan keçərək faşizm üzərində böyük qələbə qazanmaları qürurvericidir. Müdafiə Nazirinin müavini Serqey Patapenko çıxış edərək, SSRİ xalqlarının çiyin-çiyinə döyüşdüklərini və Azərbaycan oğul və qızlarının qəhrəmanlıqları ilə fərqləndiklərini bildirmişdir. S.Patapenko ətraflı şəklidə Həzi Aslanovun döyüş və həyat yolu barəsində məlumat vermişdir.

 

Belarus XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Miqidoviç Belarus XİN-i və şəxsən öz adından Belarusun azad olunmasında iştirak etmiş Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun 110 illiyinin keçirilməsinə görə təşəkkürlərini bildirmişdir. Həzi Aslanovun ölməz qəhrəmanlıqları ilə Böyük Vətən Müharibəsinin şərəfli səhifələrini yazdığını söyləmişdir.

 

“Belaya Rus” ictimai birliyinin sədri Qenadi Davıdko öz çıxışında, Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun ruhu qarşısında baş əymək üçün burada yığışdıqlarını söyləmişdir. Səhnədən asılmış 14 Sovet İttifaqı Qəhrəmanın şəklinə işarə edərək bildirmişdir: “Vətən onlardan həyatlarını istədi onlar da tərəddüd etmədən verdilər”. 

 

Belarus Veteranlar Cəmiyyətinin sədri İvan Qordeyçik tədbirin keçirilməsinə görə Səfirliyə təşəkkürünü bildirmişdir: “Biz Azərbaycanla sıx şəkildə əməkdaşlıq edirik. Biz hamımız baş düşürük ki, Sovet İttifaqı Qəhrəmanı olmaq nə deməkdir. Əhalisinin 3/1 hissəsi cəbhəyə gedən Azərbaycanın 128 Sovet İttifaqı qəhrəmanı vardır”.

 

Səfir L.Qəndilov sonda bir daha çıxış edərək tədbirdə iştirak etdiklərinə görə hər kəsə öz təşəkkürünü bildirmiş və bu tədbirin yalnız Həzi Aslanovun deyil Böyük Qələbənin əldə olunmasında həlak olmuşların və müharibə iştirakçılarının xatirəsinə də həsr edildiyini bildirmişdir.

 

Tədbirin davamında Həzi Aslanova həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilmişdir. Tədbir iştirakçıları filmləri böyük maraqla izləmiş və alqışlarla qarşılamışlar. Tədbirin sonunda Səfirlik tərəfindən ziyafət təşkil olunmuşdur.

 

Tədbir Belarusun sb.by internet səhifəsində, “Belarus Sevodnya” qəzetində işıqlandırılmış, CTB və MИР televiziya kanallarında isə geniş süjetlər təqdim olunmuşdur.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      20 Fevral 2020 18:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin