Xocalı-Gədəbəy mədəniyyəti barədə monoqrafiya nəşr olunub

Xocalı-Gədəbəy mədəniyyəti barədə monoqrafiya nəşr olunub

Bu dissertasiyanı gələcək tədqiqatların əsasını qoyan bir əsər kimi qəbul etmək lazımdır

 

Xocalı-Gədəbəy mədəniyyətinin irsi haqqında fundamental monoqrafiya nəşr olunub. Bu barədə AYNA-ya Belin Qafqaz Tədqiqatları İnstitutundan məlumat verilib.

 

“Xocalı-Gədəbəy mədəniyyətinin maddi irsi: İlk kompleks nəşri və təhlili” adlı əsər 7 ölkənin muzey və arxivlərində, 5 dildə tədqiq edilərək monoqrafiya şəklində ilk dəfə nəşr olunub. Monoqrafiyanın müəllifi Nuridə Atəşi (Nourida Ateshi) bu parlaq mədəniyyətin maddi irsini ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarını kataloqlaşdırmaqla bərəbər, Almaniya, Fransa, Avstriya, Rusiya, Gürcüstan və s. ölkələrin muzeylərindən çoxlu sayda kolleksiyaları aşkar edərək monoqrafiyada geniş təhlil edib.

 

Bütün bu tapıntılar müvafiq tiplər üzrə kataloqlaşdırılıb, onların foto albomu, qrafik təsvirləri və bir çoxunun fotoqrametriyası işlənib, onlar haqqında geniş və dəqiq məlumat verilib. Burada nəinki Azərbaycan, hətta Avropa, dünya elminə məlum olmayan bir çox yeni kolleksiyalar haqqında da ilk dəfə məlumat verilir.

 

Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin indiyə qədər qənaətbəxş olmayan tədqiqatlarının ən mühüm səbəblərindən biri Avropa, xüsusilə Rusiya muzeylərindəki bu mədəniyyətə aid kolleksiyaların, arxiv materiallarının və orijinal qazıntı hesabatlarının indiyə qədər müstəqil tədqiqinə icazə verilməməsi və digər obyektiv səbəblərdən tədqiq edilə bilməməsidir. Tədqiqata cəlb edilmiş həmin kolleksiya nümunələri, sənədlər və hesabatlar da müəllif tərəfindən məsuliyyətlə, diqqətlə və tənqidi şəkildə öyrənilib, onların bir çox səciyyəvi xüsusiyyətləri oxuculara təqdim edilib.

 

Monoqrafiya Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə “Azpoliqraf” mətbəəsində 1000 tirajla çap olunub və 640 səhifədən ibarətdir. Monoqrafiyanın hazırlanmasına böyük dəstək və dəyər verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Akademik Nailə Vəlixanlı əsərə ön söz yazıbr. Monoqrafiyanın fransız dilində böyük xülasəsi var.

 

Qeyd etmək yerinə düşər ki, monoqrafiyanın müəllifi, həmyerlimiz Nuridə Atəşi bu yaxınlarda Fransanın Lion-2 Dövlət Universitetində Xocalı-Gədəbəy mədəniyyətinin beynəlxalq tədqiqatları haqqında geniş bir dissertasiya müdafiə edərək Avropa elmində ilk qafqazşünas alim olaraq ən yüksək elmi diplom sayılan, daşıdığı vəzifəsi ilə bağlı hüquq və səlahiyyətləri tanınmaqla “Elmi tədqiqatlara rəhbərlik” diplomuna (Habilitation de Direction de Recherches) layiq görülüb. Müdafiə Şurasının dünyanın aparıcı universitetlərindən cəlb olunmuş münsiflər heyəti Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqatlarının dünya elmində bir boşluq olduğunu sübut edib və dünya elminin diqqətini Azərbaycana, o cümlədən Xocalı-Gədəbəy mədəniyyətinin aktual problemlərinə yönəldib.

 

Bu dissertasiyanı gələcək tədqiqatların əsasını qoyan bir əsər kimi qəbul etmək və onu binanın əsasını qoyan ilk təməl daşı kimi nəzərə almaq lazımdır.

Müəllif: Ayna.az      17 Fevral 2020 15:44
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin