Sondan birinci olmaq “prinsipiallığı” – BURA BAKIDIR

Sondan birinci olmaq “prinsipiallığı” –       BURA BAKIDIR

Şəhərimiz sağlamlıq reytinqinin sonuncu pilləsində qərarlaşır, bizim rəsmilər isə buna şübhə ilə yanaşırlar

 

Bu yaxınlarda Britaniyanın səhiyyə şirkəti olan “Treated.com” Avropanın "ən sağlam" paytaxtları üzrə təhlil apardı. Cədvəl “Numbeo”, “HPI ThinkTank”, Dünya Əhali İcmalı, Dünya Bank Qrupu və “Index Mundi” kimi müxtəlif nüfuzlu mənbələrdən toplanmış məlumatlar əsasında tərtib edilib.

 

Reytinq hazırlanarkən 10 meyar nəzərə alınıb: idmanla məşğul olma (fitness klublarına üzvlük), ömür uzunluğu, hava, su və həyat keyfiyyəti, səhiyyə xərcləri, meyvə və tərəvəzin qiymətləri, karbon qazı tullantıları, velosipedlə və ya piyada işə gedənlərin sayı, eləcə də yaşıllıqların vəziyyəti.

 

Bakı sonuncu - 46-cı yerdə qərarlaşıb və Avropanın ən sağlam olmayan paytaxtı olaraq qeydə alınıb.

 

Fevralın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı sözügedən reytinqə münasibət bildirdi və tədqiqatçıların peşəkarlığını şübhə altına aldı: “Paytaxtda müəyyən ekoloji problemlər var, lakin Bakının reytinqdəki mövqeyi açıqca qiymətləndirilmir. Bəli, Xəzər dənizinin və Abşeron göllərinin çirklənməsi ilə bağlı problemlərimiz var, amma içməli su ilə bağlı problemimiz olduğunu söyləyə bilmərik. Onun təmizlənməsi üçün müasir texnologiyalardan istifadə edilir. Ümumiyyətlə, bu reytinqin peşəkar tədqiqatların nəticəsi olmadığı qənaətinə gələ bilərik”.

Şəxsi hisslərə gəlincə, şöbə müdiri haqlı ola bilər. Amma Bakı sakinləri yekdilliklə suyun dadı və keyfiyyətindən şikayət edirlər, bəziləri evlərinə filterlər qoyur, digərləri içməli su almağı üstün tuturlar. Mənzil tikinti kooperativləri (MTK) tərəfindən tikilən evlərin sakinləri içməli suyun keyfiyyətindən dəfələrlə şikayətləniblər. Onların sözlərinə görə, mənzillərinə daxil olan suyu içmək mümkün deyil, çünki çənlər uzun müddət təmizlənmir.

 

İçməli suyun keyfiyyətinin necə yoxlandığı barədə AYNA-nın sualını cavablandıran Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayevin sözlərinə görə, binaların istismara verildiyi və istismar müddətində suyun keyfiyyəti yoxlanılır.

 

İ.Abdullayevin rəhbəri olduğu Mərkəzin şöbə müdiri Ziyəddin Kazimov isə bildirdi ki, binaların çənlərində suyun keyfiyyətinə nəzarət, yalnız Mərkəzin dezinfeksiya şöbəsinə rəsmi müraciət edildikdən sonra həyata keçirilir: “Sahibkarlıq subyektləri bunun üçün bizimlə müqavilə bağlamalıdırlar”.

 

AYNA əməkdaşı bir neçə MTK ilə əlaqə saxlayıb. “Tərəqqi” MTK-nın Mənzil-kommunal təsərrüfatı idarəsinin müdiri Mehman Abdullayevin sözlərinə görə, şirkətinin inşa etdiyi binanın çənindəki su sonuncu dəfə ötən ilin oktyabr ayında özəl bir şirkət tərəfindən yoxlamadan keçirilib. “Şərur” MTK-nın komendantı Murad Cəfərov isə çənlərindəki suyun keyfiyyətinin "Azərsu" ASC tərəfindən yoxlanıldığını deyib.

Ancaq “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, onlar MTK-ların su anbarlarını yoxlamır: “Biz əhaliyə verilən içməli suyun keyfiyyətini yoxlayırıq (bəs yeni tikililərin sakinləri əhaliyə aid deyil? – red.). Bu yoxlamaları hər gün təşkil edirik. Həm də həftəlik məktəblərdə, uşaq bağçalarında və iaşə obyektlərində istifadə olunan suyun keyfiyyətini yoxlayırıq”.

 

Yeri gəlmişkən, bu, analoji reytinqlərdə Bakının sonuncu yerdə olduği ilk hal deyil. Belə ki, 2018-ci ilin noyabr ayında “Numbeo” saytının tərtib etdiyi Çirklənmə İndeksi-2018 orta illik reytinqinə görə, Bakı postsovet məkanında ən çox çirklənmiş şəhər olaraq tanınıb. Bu faktı suyun təmizliyinə cavabdeh olan qurumlara xatırlatmaq istərdik.

Müəllif: Rəşad Rüstəmov      14 Fevral 2020 16:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin