"Paytaxtda təhlükə davam edir" - NAZİRLİK

"Paytaxtda təhlükə davam edir" -         NAZİRLİK

ETSN rəsmisi: "O yamaclara müdaxilə olunarsa, sürüşmə baş verə bilər"

 

Hər kəsə bəlli olduğu kimi, artıq illərdir paytaxt Bakıda sürüşmə zonalarının intensivliyi müşahidə olunur. Mütəxəssislərin bildirdiklərinə görə, sürüşmələrin ən böyüyü Badamdar ərazisindədir və təxminən 300 metrlik bir ərazini əhatə edir. 2012-ci ildən bəri məhz Badamdar ərazisində dəfələrlə genişmiqyaslı sürüşmələr qeydə alınıb.

 

2018-ci ilin oktyabr ayında sözügedən ərazidə baş verən sürüşmə daha ciddi fəsadlara səbəb olub. Hadisə nəticəsində ərazidə yerləşən fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.

 

Bu il yanvar ayının 9-u səhər saatlarında isə Badamdar sürüşmə sahəsi yenidən aktivləşib. Sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Eni, təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar - 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb. Xoşbəxtlikdən bu dəfə sürüşmə yaşayış evlərindən kənar əraizdə qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin müəxəssisi Sadiq Əmiraslanov AYNA-ya müsahibəsində sürüşmənin səbəbləri, fəsadları barədə suallara aydınlıq gətirib.

- Bakının, xüsusilə Bayıl və Badamdar ərazisində sürüşmə zonası, demək olar ki, aktivdir. Elə təzəlikcə Bayılda yol sürüşmüşdü, indi də Badamdarda sürüşmə qeydə alındı. Ərazinin sürüşməyə meyilli olmasının əsas səbəbləri nədən ibarətdir?

 

- Bayılda, Bibiheybət ərazisində baş verən hadisə sürüşmə deyildi, uçqun prossesi idi və bilavasitə texnogen səbəblərdən baş vermişdi. Badamdar sürüşmə zonası isə 2012-ci ildən başlayaraq dəfələrlə aktivləşib. Səbəblər də ondan ibarətdir ki, sürüşmüş suxur kütləsi artıq keyfiyyəti, strukturu pozulmuş, müvazinətini itirmiş haldadır. Həmçinin ora yüksək maililiyə malik yamac olduğuna görə həmin kütləyə təsir edən amil onu sürüşdürür, yəni ərazidə itələyici qüvvələr daha çox üstünlük təşkil edir. Buna görə də həmin ərazidə sürüşmə prosesi yenidən aktivləşib.

 

- Ərazidə kanalizasiya sisteminin olmadığı və sürüşməyə məhz bunun səbəb olduğu iddia edilir. Bu iddialar həqiqətə uyğundurmu?

 

- Ehtimal edilən amillərdən biri budur. Hazırda baş vermiş sürüşmənin səviyyəcə yuxarı hissəsində yaşayış sahəsi mövcuddur, xeyli sayda fərdi yaşayış evləri yerləşir. Məlumatlarımıza görə, həmin ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil, sakinlər məişət sularının axıdılması üçün quyulardan istifadə edirlər. Bu proses də uzun illərdir davam etdiyi üçün süni yeraltı sular formalaşıb. Bu da sürüşmə baş verən ərazinin aşağı hissəsində özünə yol açır, orada müstəvi əmələ gətirir və sürüşməyə səbəb olur.

 

- Hazırda paytaxtda hansı ərazilər təhlükəli sürüşmə zonası hesab olunur?

 

- Zığ uzun illərdir sürüşmə-batma tipli ərazidir. Hər ay böyük dəyişikliklər baş verməsə də, ərazidə gərginlik qalmaqdadır. Həmin ərazidə yaşayış da mövcuddur. Həmçinin Masazır, Atyalı sürüşmə zonaları təhlükəli hesab olunur.

 

- Mövcud sürüşmə zonaları nə qədər təhülkəlidir və həmin ərazilərdə sürüşmənin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?

 

- Sürüşmələr dağıdıcı gücə malik olan ekzogen geoloji proseslər sırasına aid olan təbiət hadisələrindən birincisidir. Uzun illər həm paytaxtda, həm də respublikanın digər bölgələrində sürüşmə prosesləri böyük təhlükələrə səbəb olub. Bunun da qarşısının alınması üçün sürüşmələrin mexanizmi, geoloji şəraiti, baş vermə ampluası alətli tədqiqatlar nəticəsində dəqiqləşdirilir. Bundan sonra isə həmin sürüşməyə qarşı müvafiq tədbirlər həyata keçirilir. Tədbirlər də müxtəlif növ ola bilər: mühəndis-geoloji, mühəndis-tikinti, mühəndis-hidrotexniki və s.  

 

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sürüşmə baş vermədən öncə hansısa yoxlamalar aparılırmı?

 

- Nazirliyin vəzifəsi Azərbaycanın geoloji şəraitini öyrənməkdən, o cümlədən sürüşmə baş verən ərazilərdə geoloji mühiti öyrənməkdən, qiymətləndirməkdən, sürüşmə təhlükəsi olan əraziləri nəzarətdə saxlamaqdan ibarətdir. Sürüşmə təhlükəsi olan ərazilərdə mütəmadi olaraq monitorinqlər aparırıq və əvvəlcədən proqnozlar veririk. Ancaq bu, qısamüddətli proqnozlar sayılır. Respublikanın elə bölgələri var ki, orada sürüşmə baş verməsə də, sürüşməyə meyilli zonalar hesab olunur. Həmin ərazilər artıq xəritələnib, nəzarətdə saxlanılır.

 

- Həmin ərazilərdə hansısa qabaqlayıcı tədbirlər görülür?

 

- Xeyr, qabaqlayıcı tədbirlər görülmür, həmin ərazilərdə sürüşmə paş verməyib, oralar geoloji, geomorfoloji nöqteyi-nəzərdən sürüşməyə meyilli yamaclardır. O yamaclara müdaxilə olunarsa, insan fəaliyyəti nəticəsində yamaclarda dəyişiklik müşahidə olunarsa, sürüşmə baş verə bilər. Ancaq indi stabil vəziyyətdə olan ərazilərdir.

Картинки по запросу badamdar sürüşmə

- Ümumiyyətlə, sürüşmə zonalarında hansısa formada qabaqlayıcı tədbirlər həyata keçirilməsi effektiv olurmu?

 

- Təbbii ki, sürüşmə zonasında qabaqlayıcı tədbirlər görülməsi mümkündür. İndiyə kimi də sürüşmə zonalarında bir çox qabaqlayıcı tədbirlər görülüb və bu tədbirlərin müsbət nəticəsinin şahidi olmuşuq.

 

- Hazırda necə, belə qabaqlayıcı tədbirlər həyata keçirilirmi?

 

- Bu məsələ bizim sahəmizə aid olmadığına görə, bu sualınıza tam cavab verə bilmərəm. Ümumiyyətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin belə səlahiyyəti yoxdur. Faktiki olaraq, Badamdar sürüşmə zonası barədə məlumat verə bilərəm. Ərazidə tərəfimizdən intensiv olaraq monitorinqlər aparılır. Hazırda sürüşmə kütləsi üzərində strukturu pozulmuş xırda tipli uçqunlar müşahidə olunur. Gərginlik hələ də davam edir. Sürüşmə sahəsinin ölçülərində isə dəyişiklik yoxdur.

 

- Bəs yaxşı, insanlar yaşadıqları ərazidə sürüşmə təhlükəsi hiss etdikdə, yoxlama aparılması üçün hansı quruma müraciət etməlidirlər?

 

- Sürüşməni ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsinin əməkdaşları araşdırırlar. Həmçinin sürüşmənin baş verməsini, onun geoloji şəraitinin qiymətləndirilməsini bizim qurum həyata keçirir. Qabaqlayıcı tədbirlər isə digər qurumlar tərəfindən görülür.

Müəllif: Rumiyyə Miraslan      10 Yanvar 2020 19:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin