Yeni ildən xoş gözlənti var, amma rəsmi qurum vədinə əməl etsə...

Yeni ildən xoş gözlənti var, amma rəsmi qurum vədinə əməl etsə...

Paşa Kəsəmənski: “Biz elanımız vermişik, bundan sonrası aviaşirkətlərin təkliflərinin qiymətləndirilməsinə qalır”

 

Yeni ilqabağı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 2020-ci ildən “hava azadlığını” artırması xəbəri sıravi vətəndaşların xarici ölkələri görmək arzularını yenilədi. Bu xəbər həm ənənəvi olmayan istiqamətlərə yeni təyyarə reyslərinin açılması, həm rəqabət, həm də bilet qiymətlərinin müjdəsini verir.

 

Bəs bu “hava azadlığı” nədən başlayır və nədə bitir? İqtisadçı-ekspert Qubad İbadoğlu bu istiqamətdəki şərhi maraq doğurur. O, bu qərarı Avrointeqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirir: “Bazarda hökmran mövqeyə malik olan AZAL 1 yanvardan etibarən beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə başlayır. “Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir”.

“Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən, sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcək. Yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın hava limanlarından birinə eniş edə bilər”, - deyə İbadoğlu bildirir.

 

Ekspertin sözlərinə görə, yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir: “Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirə biləcək”.

 

Qeyd edək ki, indiyədək Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi. Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər AZAL-la eyni hüquqlara sahib olacaq. Bu sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

 

“Hesab edirəm ki, gələn ildən AZAL-ın Azərbaycanın hava məkanına başqa şirkətlərin girişinə olan baryerləri aradan qaldırması Avropa İttifaqı ilə aparılan danışıqlara müsbət impuls verəcək. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji əməkdaşlıq sazişi çərçivəsində razılaşdırılmamış məsələlərdən biri də bununla bağlı idi. Odur ki, bu qərarı Avrointeqrasiya istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar”, - iqtisadçı qeyd edir.

AZAL-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Paşa Kəsəmənski AYNA-ya açıqlamasında yeniliyə dair geniş şərh verməyə ehtiyac hiss etməyib: “Biz əsas işimizi görmüş, elanımız vermişik, bundan sonrası həmin aviaşirkətlərin təkliflərinin qiymətləndirilməsinə qalır”.

 

AZAL rəsmisi bildirib ki, hələlik konkret nəsə demək olmaz: “Bunun üçün müraciət edən şirkətlərin təkliflərinə baxmaq lazımdır, yalnız bundan sonra dəqiq məlumat vermək mümkün olacaq”.

 

Qeyd edək ki, 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib. Azərbaycan hava limanları sərnişin axınına görə regionda lider mövqeyə sahibdir. 2019-cu ilin ilk 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 5,15 milyon sərnişinə xidmət göstərib ki, bunun da 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin göstəricisindən 6% çoxdur.

Müəllif: Raminə Eyvazqızı      30 Dekabr 2019 13:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin