Azərbaycanın Ukraynadakı səfiri: “Mühüm sənədlərin imzalanması planlaşdırılır”

Azərbaycanın Ukraynadakı səfiri: “Mühüm sənədlərin imzalanması planlaşdırılır”

Azər Xudiyev: “Cənab Zelenskinin ölkəmizə səfərinin hərtərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminik”

 

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev AYNA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

 

- Bu həftə, dekabrın 12-də Kiyevdə GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclası keçiriləcək. Bu iclasda hansı məsələlər müzakirə ediləcək və bu görüşün nəticələri barədə gözləntiləriniz nədən ibarətdir?

 

- Bəli, dekabrın 12-də Kiyevdə GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə GUAM formatında siyasi qarşılıqlı fəaliyyət, parlamentlərarası əməkdaşlıq və sənaye əməkdaşlığının inkişafı, habelə digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri müzakirə ediləcək. GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində Ukrayna Ticarət və Sənaye Palatasının toplantı zalında "GUAM Ticarət və Nəqliyyatın Asanlaşdırılması Layihəsinin həyata keçirilməsində dövlət-özəl tərəfdaşlıq" adlı ikinci GUAM Biznes Forumu keçiriləcək. Bu tədbirdə iştirak etmək üçün iqtisadiyyat, ticarət nazirliklərini, gömrük orqanlarını və biznes qurumlarını təmsil edən milli nümayəndə heyətlərinin üzvləri dəvət olunur. İşgüzar forum GUAM-a üzv dövlətlər arasında ticarət və nəqliyyat əməkdaşlığını təşviq etmək üçün rəqəmsal texnologiyaların tətbiqinə yönələcək.

 

Elə həmin gün GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşü və Biznes Forumundan əvvəl GUAM-a üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin görüşü planlaşdırılır. Gündəliyə vətəndaşlar və müəssisələr üçün rahat mühit yaratmaq üçün gömrük prosedurlarının sadələşdirilməsi yolu ilə ticarətin asanlaşdırılması, gömrük rəsmiləşdirmə prosesinin rəqəmsallaşdırılması və müasir İT texnologiyalarının tətbiqi, gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq, habelə GUAM üzvləri dövlət idarələri arasında niyyət protokollarının imzalanması kimi məsələlərin müzakirəsi daxildir.

- Gələn il GUAM-a sədrlik Azərbaycana keçəcək. Bu, ölkəmiz üçün hansı fürsətləri açacaq, Azərbaycan GUAM-a sədrlik edən ölkə kimi hansı əməli addımları atmağı planlaşdırır?

 

- Bəli, gələn ilin yanvarından GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək. Planımız təşkilatın indiki kimi eyni fazada fəaliyyət göstərməsinə davam etməsidir. Əvvəla, əlbəttə ki, bu, milli maraqlarımızın Avropaya inteqrasiya proseslərində daha da geniş spektrdə təbliğ olunması, həmçinin iqtisadi sahələrdə mövqeyimizin artması və möhkəmləndirilməsidir. GUAM-a sədrliyimiz çərçivəsində enerji, əhəmiyyətli infrastruktur və nəqliyyat layihələrində, habelə regional təhlükəsizlik sistemində fəaliyyətlərin intensivləşdirilməsi üçün konkret tədbirlər görülür. Əlbəttə ki, investisiya cəlb etməyə xüsusi diqqət yetiriləcək. GUAM-a sədrlik etdiyi dövrdə Azərbaycan bu təşkilatın təkcə regional deyil, həm də beynəlxalq proseslərdə fəal iştirak etməsi üçün səylərini əsirgəməyəcək. Üzv ölkələrin beynəlxalq münasibətlər sistemindəki cəlbediciliyini beynəlxalq hüququn aktları ilə fəal qarşılıqlı əlaqədə sübut etməyə çalışacağıq.

 

- Artıq Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfər edəcəyi elan olundu. Bu səfər zamanı hansı məsələlərin müzakirə olunması planlaşdırılır, rəsmi sənədlər və sazişlər imzalanacaqmı?

 

- Bəli, tamamilə doğrudur. Belə məlumatlar artıq hər iki ölkənin mediasında yayılıb. Ukrayna Prezidenti cənab Vladimir Zelenskinin rəsmi səfəri bu ilin dekabr ayının ikinci yarısına planlaşdırılır. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alsaq, rəsmi səfər çərçivəsində, təbii ki, ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi sahələrdə hərtərəfli əməkdaşlıq məsələlərinə toxunulacaq. Həmçinin, səfər zamanı, təxminən 10 mühüm dövlətlərarası saziş və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.