Yanğının səbəbi barədə ilkin ehtimal - RƏSMİ

Yanğının səbəbi barədə ilkin ehtimal -           RƏSMİ

İlkin ehtimala görə, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb

 

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.

 

AYNA xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb.

 

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir.

 

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

 

İlkin ehtimala görə, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.

 

AYNA-nın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, yanğın söndürülsə də, hazırda ərazini güclü tüstü dumanı bürüyüb.

Ərazidə yanğınsöndürmə, təcili tibbi yardım və polis avtomobillər cəmlənib. Həmçinin zərəçəkmiş sahibkarlar və digər şəxslər toplaşıblar. 

Müəllif: Ayna.az      10 Dekabr 2019 12:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin