“Azərbaycanın və Ermənistanın maraqları Moskvanı qətiyyən düşündürmür”

“Azərbaycanın və Ermənistanın maraqları Moskvanı qətiyyən düşündürmür”

Rauf Mirqədirov: “Münaqişənin həlli variantını razılaşdırmadan təhlükəsizlik məsələlərinin müzakirəsi absurddur”

 

Dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəldi. Onu öncə Prezident İlham Əliyev qəbul etdi. Ardınca Xarici İşlər naziri Elmar Məmmədyarovla təkbətək görüş və görüşdən sonra mətbuat konfransı oldu. Nazirlər bir sıra bəyanatlar səsləndirdilər.

 

Qeyd edək ki, Lavrov Bakıdan əvvəl Yerevanda olmuşdu. Orada qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi və verdiyi bir sıra açıqlamalar Azərbaycan cəmiyyətində narazılığa səbəb olmuşdu.

Nə baş verir? Rusiyanın addımları hansı gözləntilərin xəbərçisidir? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə kimi yeniliklər gözlənilir? AYNA-nın sualların politoloq Rauf Mirqədirov cavablandırıb.

 

- Rauf bəy, Sergey Lavrovun Bakı səfəri və burada səslənən bəyanatlarda sizin diqqətinizi daha çox hansı məqamlar çəkdi?

 

- Əslində, Lavrovun səfərinə xüsusi bir rəng qatmaq cəhdləri hiss olunur. Bu cəhdlər də, əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində özünü göstərir. Diqqətimi çəkən əsas məqamlardan biri kimi bunu qeyd edə bilərəm. Ümumiyyətlə, Lavrovun istər Bakıda, istərsə də Yerevanda verdiyi bəyanatlara ciddi əhəmiyyət vermək lazım deyil. Mən bundan əvvəl də Lavrovun Ermənistan səfəri ilə bağlı eyni fikirdə idim. Yəni, Lavrov Yerevanda ermənilərin, Bakıda isə Azərbaycan tərəfinin eşitmək istədiyi sözləri deyir. Bu, həmişə belə olub. Bakıda belə bəyanatları biz az eşitməmişik. Azərbaycan tərəfi ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həlli və danışıqların sürətləndirilməsində maraqlıdır. Lavrovun da Bakıda verdiyi bəyanatlar ondan ibarət idi ki, danışıqlarda müəyyən bir irəliləyişlərə ümid etmək olar. Lakin biz bu və digər məsələlərin güzəştli həllinin mümkünlüyü və tez bir zamanda sazişlərin imzalanacağı barədə açıqlamaları dəfələrlə eşitmişik. Ona görə də belə bəyanatlara xüsusi əhəmiyyət vermək lazım deyil.

 

Digər tərəfdən, Azərbaycan tərəfinin verdiyi bəyanatda 2 məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov danışıqlarda ciddi irəliləyişlərin olmadığını etiraf etdi. O, əlavə etdi ki, bu gün (dünən – red.) Bratislavada predmetli danışqlara start veriləcək və bu danışıqlar daha çox təhlükəsizlik məsələlərini əhatə edəcək. Əslində isə, bu, bir etiraf idi. Çünki təhlükəsizlik məsələləri vacib olsa da, münaqişənin həllində təməl daşı deyil. Münaqişənin həlli üçün təhlükəsizlik məsələlərinin razılaşdırılmış həlli və müxtəlif variantları var. Əslində, işğal olunmuş ərazilərin azad olunması, məlum qətnamələrin həyata keçirilməsi və Dağlıq Qarabağın gələcək statusu, tərəflərin danışıqlar nəticəsində razılığa gələ bilmədiyi məsələlərdir ki, hələ də razılığa gələ bilmirlər.

 

Əsas bu məsələni müzakirə etmək lazımdır. Təhlükəsizlik məsələləri isə növbəti mərhələdə müzakirə olunmalıdır. Təhlükəsizlik məsələlərinin müzakirəsi o vaxt aktualdır ki, ərazilərin azad edilməsi və Dağlıq Qarabağın statusu ilə bağlı müəyyən razılaşmalar olsun. Təhlükəsizlik məsələlərinin müzakirəsi, təxminən ona bənzəyir ki, evlilik haqqında prinsipial razılıq olmadan, birgə yaşayış  qaydaları müzakirə olunur. Gələcək münasibətləri müzakirə etmək bir az gülüncdür. Çünki bilmədiyin bir şey haqqında danışırsan. Bu, arabanı atın önünə bağlamaq kimi bir şeydir.

Axı başa düşməliyik ki, münaqişənin həlli variantından asılı olaraq tam fərqli təhlükəsizlik konsepsiyaları tətbiq oluna bilər. Yəni, münaqişənin həlli variantını razılaşdırmadan təhlükəsizlik məsələlərinin müzakirəsinin heç bir mənası yoxdur. Bu, yalnız aktiv danışıqların mövcudluğu illüziyasını yaradır. Yadınıza salmaq istərdim ki, məhz Yerevan təhlükəsizlik məsələlərinin müzakirəsinin ön plana çıxarılmasını vacib sayırdı. Bu, Rusiyanın da maraqlarına cavab verir. Moskva sülhməramlıların tərkibi ilə bağlı diskussiyaların açılmasını təklif edə bilər.

 

- Son günlər bir məsələ üzərində ciddi-cəhdlə müzakirələr aparılır. Bunu Lavrov Bakıda bir daha dilə gətirdi. Onun sözlərinə görə, qeyri-formal görüşlər, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı gediş-gəlişləri və xalqlar arasında humanitar münasibətlər qurulmalıdır. Bu, nə deməkdir – növbəti “xalq diplomatiyası”?

 

- Bu məsələdən qorxmaq lazım deyil. Çünki əhəmiyyətsiz bir məsələdir. Məsələn, mənim iştirak etdiyim tədbirləri “xalq diplomatiyası” adlandırmaq olmaz. Çünki mənim iştirak etdiyim tədbirlər daha çox ekspertlər səviyyəsində olan tədbirlər idi. Ki, mən münaqişənin həlli üçün ekspert səviyyəsində beynəlxalq konfranslarda iştirak edir və müzakirələr aparırdım. Amma “xalq diplomatiyası”ndan, bu cür etimad tədbirlərindən nə qorxmaq, nə də onlara xüsusi  əhəmiyyət vermək lazımdır. Ümumiyyətlə, münaqişənin həlli üçün ya müharibə aparmalısan, ya da danışıqlar. Azərbaycanda da uzun müddət cəmiyyətə verilən mesajlar ondan ibarət olub ki, “bizim hələ müharibə aparmaq imkanımız yoxdur”. Zaman-zaman bir sıra qurumlar, QHT-lər, BMT, ATƏT kimi təşkilatlar, müəyyən dialoqların aparılması üçün imkanlar yaradıb və təkliflər verib. Lakin biz müharibə istəməyib, danışıqlar da aparmayanda, həmin bu təşkilatlar bizi haqlı olaraq qeyri-ciddilikdə ittiham edir. Çünki münaqişənin həlli üçün ya döyüşməlisən, ya da danışmalı və bunun üçüncü yolu yoxdur.

 

Sadəcə olaraq Azərbaycanda şərait elə gətirib ki, insanlar pasifist əhval-ruhiyyənin güclənməsindən ehtiyat edirlər. Məncə, Azərbaycanda və Ermənistanda hər hansı bir pasifist hərəkatın yaranacağına da ümid etmək çətindir. Hətta, Azərbaycana gələn erməni jurnalistlərin yazılarında belə, hər hansı bir güzəşt elementi yox idi. Bu görüşlərin yalnız bir əhəmiyyəti var. Əgər doğrudan da konfliktin həlli ilə bağlı müsbət nəticələr əldə olunsa, onun gerçəkləşdirilməsində bu əlavə səmərəli kommunikasiya kanalından istifadə etmək olar. Çünki bu cür kanalların olmasının elə bir ciddi zərəri yoxdur, sadəcə onlara xüsusi önəm də vermək lazım deyil. Yəni başa düşmək lazımdır ki, münaqişənin həllinə elə bir ciddi təsiri yoxdur. İstənilən halda, heç kim Qafqazdan köçürülməyəcək. Ona görə də nəticə etibarı ilə birlikdə yaşamağın yollarını tapmaq lazımdır. Hamı da bunu başa düşür.

 

- “Ya döyüşməliyik, ya da danışmalı” dediniz. Təbii ki, bizə döyüşmək imkanı vermirlər. Bəs özümüz - xalq və hökumət olaraq, əslində hansı variantı istəyirik?

 

- Mən düşünürəm ki, biz xalq və hökumət olaraq döyüşmək istəmirik. Ümumiyyətlə, bu tip münaqişələr aktiv və passiv olaraq iki cür olur. 2016-cı ildə baş verən “aprel döyüşləri”ni və təmas xəttində baş verən qarşıdurmaları nəzərə almasaq, 1994-cü ilin may ayından indiyədək Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə olduğunu deyə bilərik. Hətta, ən böyük qarşıdurma olan “aprel döyüşləri”ni belə, müharibə adlandırmaq olmaz. Çünki bu, genişmiqyaslı müharibə deyildi. Bu, cəbhənin müəyyən dar bir hissəsində baş verən yerli əhəmiyyətli döyüşlər idi. Müharibə dedikdə isə, tamamilə başqa resursların və güclərin qarşıdurmaya cəlb olunması nəzərdə tutulur.

 

Bu baxımdan da, geridə qalan 26 ilə yaxın müddət ərzində münaqişənin dondurulmuş vəziyyətdə olduğunu deyə bilərik. Çünki həqiqətən də hər iki tərəf müharibə əhval-ruhiyyəsində olsaydı, bu müharibəyə start vermək çox asan olardı. Ümummilli aspektdən yanaşanda isə, belə məsələlərdə istənilən hakimiyyət ictimai rəyi nəzər alır və manipulyasiya edir. Hakimiyyətlər yalnız bəyanatlar səviyyəsində xalqa vətənpərvərlik ruhunu aşılamağa çalışır. Bu da onu göstərir ki, nə biz, nə də erməni tərəfi hökumətlər və cəmiyyətlər olaraq müharibə istəyirik. Doğrudur, indi küçədə kimə yaxınlaşsanız, hər kəs döyüşməyə hazır olduğunu deyəcək. Amma reallıqda tam əksidir.

 

Sözsüz ki, bunun da pozitiv və neqativ tərəfləri var. Pozitiv tərəfi ondan ibarətdir ki, biz də, ermənilər də yaşamağa köklənmiş xalqlarıq. Divarı başımızla yarıb keçmək istəmirik, çünki bilirik ki, divarı yara bilməyəcəyik, əksinə başımız yarılacaq. Yəni, ölmək istəmirik. Bu, hər iki xalqın mədəni səviyyəsinin yüksək olduğunu göstərir. Bu, məsələnin pozitiv tərəfidir. Neqativ tərəfi isə ondan ibarətdir ki, uzun müddətdir cəmiyyətdə müharibə əhval-ruhiyyəsi yaratmaq mümkün olmayıb. Hətta, uzunmüddətli müharibə əhval-ruhiyyəsi yaratmaq çox çətin olacaq. Çünki biz də, ermənilər də uzunmüddətli müharibə aparan xalqlardan deyilik. Heç kimə ağır itkilər vermək istəmir. Qısası biz və ermənilər, çeçenlər kimi ölmək istəmirik.

 

- Qayıdaq Rusiyanın maraqlarına. Son zamanlar yenidən aktivləşən Rusiya, doğurdanmı münaqişənin ədalətli həllini istəyir? Və Moskva nəyə nail olmağa çalışır?

 

- Ümumiyyətlə, məsələnin ədalətli həlli varmı, birinci ona baxmalıyıq. Və ədalət deyəndə biz nəyi nəzərdə tuturuq? Çünki belə məqamlarda hər kəs öz maraqlarını nəzərdə tutur. Həm də ədalət deyəndə, Azərbaycanın və Ermənistanın maraqları Moskvanı qətiyyən düşündürmür. Moskvanın regionda özünün maraqları var. Bu maraqlar da ondan ibarətdir ki, Moskva regionda öz təsirlərini qoruyub saxlamaq istəyir. Bundan əlavə, Moskvanın regionda başqa maraqları da var. Bu da hakimiyyətin təkrar istehsalı ilə bağlıdır. Belə ki, Rusiyada hazırkı vəziyyətə nəzər salsaq, görərik ki, ölkədə iqtisadi vəziyyət çox ağırdır. Hətta hakimiyyət iqtisadi vəziyyətin düzələcəyini də vəd edə bilmir. 2014-cü ildən başlayaraq Krım və Suriya hadisələri ilə bağlı Putinin reytinqi yüksəlmişdi. Lakin bu reytinq, Moskva və Sankt-Peterburq başda olmaqla ölkənin böyük şəhərlərində öz təsirini itirməyə başlayıb. Putinin isə yüksək reytinq əldə etməsi, əsasən xarici siyasətlə bağlı olub. Çünki xaricdə qələbələr əldə etmək, imperiyanın bərpası illüziyasını yaratmaq baxımından çox əhəmiyyətlidir. Bu mənada Rusiyanın xarici siyasətində Qafqazın çox vacib əhəmiyyəti var. Qarabağ münaqişəsi də Qafqaz hegemonluğunu təmin etmək üçün bir alətdir. Ona görə də Moskva münaqişənin həllini, yalnız Qafqazdakı imperiya maraqlarının təmin olunması şəklində dəstəkləyə bilər. Əks halda, bütün digər variantların reallaşmasının qarşısını alacaq...

Müəllif: Tural Talehoğlu      5 Dekabr 2019 13:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin