“Cəza mexanizmi” aradan qaldırıldı, diqqətlər yenidən Mərkəzi Banka yönəlib

“Cəza mexanizmi” aradan qaldırıldı, diqqətlər yenidən Mərkəzi Banka yönəlib

Natiq Cəfərli: “Ətraflı düşünüb-daşınmadan Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdılar, o da ümidləri doğrultmadı”

 

Prezident İlham Əliyevin noyabrın 28-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edildi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) verildi.

 

Dəyişikliyi AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, 2016-cı ildə Palatanın yaranmasına əsas səbəb ölkədə ağır iqtisadi durum və ajotaj yaşanması idi: “İki devalvasiya baş vermiş, manat dəyərdən düşmüşdü, məzənnə tez-tez “oynayırdı”. Devalvasiya, ölkədən bəzi şəxslər tərəfindən külli miqdarda pulun çıxarılması cəhdlərini artırdı. Və sona kimi düşünülmədən, analiz edilmədən Palata yaradıldı. Məqsəd də maliyyə bazarlarında inzibati tənzimləməni həyata keçirmək idi”.

“Mərkəzi Banka o zaman həm banklar, həm də əhali tərəfindən etibarsızlıq yaranmışdı. Bunun da səbəbi var idi. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov hər iki devalvasiyadan öncə çıxıb mətbuata açıqlamasında deyirdi ki, “devalvasiya olmayacaq”. Amma əksi oldu. Bu güvəni başqa yolla bərpa etmək üçün, Mərkəzi Bankın bir sıra fəaliyətlərini öz üzərinə götürən Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bu qurum isə ancaq inzibati qərarların verilməsi ilə məşğul olduğu üçün nəticə olaraq ümidləri doğrultmadı”, - iqtisadçı bildirib.

 

Cəfərlinin fikrincə, MBNP-nin ən yaddaqalan qərarlarından biri valyutadəyişmə məntəqələrini ləğv etmək oldu: “Bu da çox mənasız və səhv addım idi. Nəticədə ölkədə 4 min nəfərin işsiz qalmasına səbəb oldu. Həmçinin “qara bazar”ın yaranmasına gətirib çıxardı. Halbuki, valyutadəyişmə məntəqələri məzənnənin müəyənləşməsində heç bir rol oynamırdı, sadəcə tənzimləmə funksiyası daşıyırdı. Daha sonra ölkədən pul çıxarılmaması ilə bağlı qərar qəbul olundu və bu da ölkəyə bir neçə zərbənin dəyməsi ilə nəticələndi. Pulköçürmələrdə ləngimələr yarandı, iş həyatında axsamalar oldu. Bir sözlə, Maliyyə Bazarlarına Nəzarət Palatası cəzalandırma mexanizminə çevrildi”.

 

Müsahibimiz diqqətə çatdırıb ki, Palata faktiki olaraq 2018-ci ilin oktyabr ayında ləğv olunmuşdu: “Onun İdarə Heyəti buraxılmış, funksiyaları zəiflədilmişdi. Sadəcə bir neçə gün öncə onun ləğv edildiyi qərarının rəsmiləşdiyinin şahidi olduq. Maliyyə Bazarlarına Nəzarət Palatasının bütün səlahiyyətləri yenidən Mərkəzi Banka qaytarıldı. Mən nə qədər Elman Rüstəmovu, Mərkəzi Bankı tənqid etsəm də, demək lazımdır ki, Mərkəzi Bank proseslərdə özünü daha peşəkar apardı. Palata isə ümidləri doğrultmadı”.

 

Natiq Cəfərli qeyd edib ki, Mərkəzi Banka etimad, son iki ildə manatın inzibati yolla tənzimləməsindən sonra bərpa olundu: “İnsanlar manatla depozitlərə yenidən yönəldilər. Hətta son zamanlar Elman Rüstəmov Prezidentlə görüşlərdə peşəkar çıxışlar etməyi bacardı. Ölkədə sürətli kadr dəyişikliklərini nəzərə alsaq, görürük ki, Elman Rüstəmov 20 ildən çoxdur Mərkəzi Bankın rəhbəridir. Onun daha böyük vəzifəyə - Baş Nazirin müavini postuna təyinatı ehtimalı var. Rüstəmovun yerinə isə onun öz müavinlərindən biri gətirilə bilər. Ya da bizim bilmədiyimiz surpriz şəxslərdən biri...”

Müəllif: Təranə Xudabaxşiyeva      2 Dekabr 2019 20:03
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin