Oktay Gülalıyevin durumu ilə bağlı son məlumat

Oktay Gülalıyevin durumu ilə bağlı son məlumat

T.Gülalıyev: "Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır"

 

Bu gün hüquq müdafiəçisi Oktay Gülalıyev qəzaya uğramasından bir ay keçir. O.Gülalıyevin oğlu Təbriz Gülalıyevin sözlərinə görə, bu müddət ərzində hələ də atasının səhhətində müsbətə doğru irəliləyiş yoxdur.

 

AYNA xəbər verir ki, T.Gülalıyev bu barədə öz "Facebook" səhifəsində yazıb: "Bu gün artıq atam Oktay Gülalıyevin müəmmalı şəkildə qəza keçirməsinnən 1 ay (31 gün) keçir. Və atam bu müddət ərzində hələ də komadan ayılmayıb".

 

"Bu qədər ağır xəsarət olmasına baxmayaraq, heç bir istintaq aparılmır. Həm qəzanı törədən sürücü ilə bağlı (azadlıqdadır), həm də "CİTY Hospital"da əməliyyatın gecikdirilməsi ilə bağlı.Bütün ömrü boyu vətən uğrunda, haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır", - deyə o qeyd edib.

 

Xatırladaq ki, O.Gülalıyev 29 oktyabrda saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçmək istəyərkən piyada keçidininin üzərində, taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə vurulub. Yaralanan hüquq müdafiəçisi əvvəlcə 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə baş verən günün səhərisi isə "City Hospital"da əməliyyat olunub. Noyabrın 1-də  “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. 

 

Səhhəti ağırlaşan O.Gülalıyev 6 noyabrda Heydər Əliyev Fondu tərəfindənxüsusi təyyarə ilə Türkiyə aparılıb və İstanbulda yerləşən Avrasiya Xəstəxanasına yerləşdirilib. Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisinin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

 

Baş vermiş hadisə ilə bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Müəllif: Mərahim Nəsib      29 Noyabr 2019 19:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin