Xəzərdəki partlayışla bağlı son xəbər: Yaralılar MNX-ya köçürülüblər

Xəzərdəki partlayışla bağlı son xəbər: Yaralılar MNX-ya köçürülüblər

Səhiyyə Nazirliyi: Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları diaqnozu qoyulub

 

Partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında partlayış olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ilkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər.

 

“Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları diaqnozu qoyulub. Xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir”, - deyə məlumatda qeyd olunur.

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə AYNA-ya açıqlamasında deyib ki, xəsarət alanların hər hansı həyati təhlükəsi yoxdur: “İkisinə birinci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub, digəri bir nəfər isə gözündən xəsarət alıb. Heç birinin həyati təhlükəsi yoxdur, müalicələri davam etdirilir”.

 

Xatırladaq ki, bu gün saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

 

AYNA SOCAR-a istinadən xəbər verir ki, partlayış nəticəsində şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub.

 

Hadisə yerində olan şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

 

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Müəllif: Ayna.az      29 Oktyabr 2019 18:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin