Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və keçirilmə vaxtı dəqiqləşib

Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və keçirilmə vaxtı dəqiqləşib

Azərbaycan yığmasının Olimpiya Təsnifat Turnirində oynayacağı yer dəqiqləşib

 

Voleybol üzrə Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və keçirilmə vaxtı dəqiqləşib. AYNA xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komandalar gələn ilin yanvarında müəyyənləşəcək. 

 

Azərbaycanın qadınlardan ibarət yığmasının da mübarizə aparacağı turnir Hollandiyada baş tutacaq. Yanvarın 7-12-də keçiriləcək yarış Apeldorn şəhərində təşkil olunacaq. Sonuncu vəsiqə üçün hələ Olimpiadaya vəsiqə qazanmayan 8 ən yaxşı komanda mübarizə aparacaq. Bu “səkkizlik” sonuncu Avropa çempionatının nəticələrinə əsasən dəqiqləşib. Azərbaycan milli komandası qitə birinciliyini 10-cu yerdə başa vursa da, artıq vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın ön sıralarda qərarlaşması voleybolçularımızın Apeldorna yolunu açıb. 

 

Nəticədə turnirdə Azərbaycan və meydan sahibi Hollandiya ilə yanaşı, yeganə lisenziyaya Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya iddia edəcəklər. 

 

Kişilərin mübarizəsində isə Azərbaycan olmayacaq. Yanvarın 5-10-da keçiriləcək turnir Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq. 

 

Qeyd edək ki, kişilərin yarışında Yaponiya, Braziliya, ABŞ, İtaliya, Polşa, Rusiya və Argentina, qadınların mübarizəsində isə Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Tokio-2020-də iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq. (APA)

Müəllif: Ayna.az      27 Sentyabr 2019 15:23
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin