Yox millətimin imzası o imzalar içində və ya həsrətlə boylandığımız zirvələr

Yox millətimin imzası o imzalar içində və ya həsrətlə boylandığımız zirvələr

“Fərqli təhsil almış gənclərimiz təhsil sisteminə yeni nəfəs gətirə bilərlər, köhnə nəsillə uzağa gedə bilməyəcəyik”

 

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti hər il olduğu kimi, 2020-ci il üçün dünya universitetlərinin reytinq cədvəlini müəyyən edib (https://www.topuniversities.com/…/world-university-ran…/2020). Sözügedən siyahıya bu il də Azərbaycanın cəmi bir universiteti düşüb - Bakı Dövlət Universiteti (BDU). O da siyahının 801-1000-ci pilləsində qərarlaşıb.

 

Dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin siyahısında isə ölkəmizi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (453-cü yer) və Azərbaycan Dövlət İqtisad Universiteti (478-ci yer) təmsil edir.

 

Ən etibarlı reytinq Böyük Britaniyanın “Times Higher Education” jurnalı və “Thomson Reuters” agentliyinin hazırladığı reytinq hesab olunur. Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəsüflər olsun ki, Azərbaycan universitetləri bu reytinqdə yoxdur.

 

Həmçinin dünya üzrə ən yaxşı universitetlərin reytinqi “QS World University Rankings” tərəfindən açıqlanır və bu reytinq ən yaxşı reytinqlərdən biri kimi dünyada qəbul olunur. Ancaq bizim universitetlər bu reytinqdə də yer almır.

 

Maraqlıdır, reytinqli universitet olmaq bu qədər çətindirmi ki, bizim universitetlərin heç biri həmin siyahılara düşməyi bacarmır? Əgər çətin deyilsə, reytinqli universitet olmaq üçün nələr etmək olar?

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə və təhsil ekspertləri ilə bu suallarımıza AYNA tutmağa çalışdıq.

Картинки по запросу asim mollazadə

A.Mollazadənin sözlərinə görə, Azərbaycan universitetlərinin reytinq siyahılarına düşməsi üçün çox ciddi işləmək lazımdır: “Buna asanlıqla nail olmaq mümkün deyil. Nəzərə alaq ki, bizim universitetlərin əksəriyyəti təhsilin səviyyəsi ilə deyil, məhz diplom satışı ilə məşğuldur. Ona görə də universitetlərdə islahatlar həyata keçirilməlidir. Həm tədris prosesində, həm elmin inkişafı ilə bağlı universitetlərdə çox ciddi addımlar atılmalıdır. Bu proses böyük zaman tələb edir. Siyahıya baxanda görürük ki, keçmiş sovet ölkələrinin arasında, demək olar, heç bir universitet o siyahılarda yoxdur”.

 

“Biz çox ağır yüklə üz-üzə qalmışıq, bu vəziyyəti dəyişdirmək üçün də mütləq müasir təhsil sistemləri tətbiq olunmalıdır. Azərbaycanda yeganə olaraq Azərbaycan Diplomatiya Akademiyası bu istiqamətdə müəyyən işlər görür, orada müasir texnologiyalardan istifadə olunur. Sadəcə olaraq universitetin reytinqinin artması üçün bir çox işlər görülməlidir. Bunun üçün xaricdən mütəxəssislər gətirilməli, eyni zamanda Avropanın, Amerikanın nüfuzlu universitetlərindən məzun olmuş azərbaycanlı gəncləri ölkəyə dəvət etmək lazımdır. Fərqli təhsil almış gənclərimiz təhsil sistemimizə yeni nəfəs gətirə bilərlər. Bir sözlə, nəsil dəyişməlidir, köhnə nəsillə uzağa gedə bilməyəcəyik”, - deyə millət vəkili qeyd edib.

Похожее изображение

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, reytinq siyahılarında universitetlərə, bir neçə xüsusiyyətlər nəzərə alınaraq yüksək bal verilir: “Dünya universitetlərinin reytinqinin tərtib olunmasında bir neçə meyar nəzərə alınır: akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması da daxildir. Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın ali təhsil müəssisəsində sadalananların heç biri yoxdur. Yataqxanası olan universitetlərin də ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır”.

 

“Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından, dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Daha bir səbəb ölkəmizdəki universitetlərə xarici tələbə axınının az sayda olmasıdır. Məsələn, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir”, - deyə müsahibimiz vurğulayıb.

 

K.Əsədovun fikrincə, reytinq məsələsində bəzi universitet rəhbərləri də maraqlı deyillər: “Ölkədəki universitetlərin hansısa reytinq siyahısının ilk 500-lüyünə düşməməşi biabırçılıqdır. Bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektorları təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilər”.

 

Ekspert hesab edir ki, Azərbaycan universitetləri dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır: “Müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdir. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhsili bilən, dünya təhsilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar”.

Картинки по запросу Elçin əfəndi

Təhsil eksperti Elçin Əfəndi də mövcud vəziyyəti təəssüflə qarşılayır: “Daha da təəssüf doğuran məsələ odur ki, ölkəmizdən o sıralamaya 1, 2, bəzən də 3 ali təhsil müəssisəsi düşə bilir. Bunlar da əsasən, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetidir. 2019-cu ilin aprel ayında “Times Higher Education” tərəfindən açıqlanan reytinq sıralamasına, təəssüflər olsun ki, Azərbaycandan cəmi 1 ali təhsil müəssisəsi düşə bildi. Həmin ali təhsil müəssisəsi Xəzər Universitetidir. Düşünürəm ki, yaxın vaxtlarda bu siyahıya Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası kimi ali təhsil müəssisələri də daxil olacaq”.

 

Ekspertin sözlərinə görə, bizi reytinq cədvəllərində ön sıralarda yer almaq məsələsi daha çox düşündürməlidir: "Bu məqsədlə təhsilin keyfiyyətini artırmaq üçün müvafiq addımlar atmalıyıq. Tələbələr üçün ideal təcrübə mərkəzləri olmalıdır. Bundan əlavə, informasiya ilə daha zəngin yeni nəsil müəllimlərinə üstünlük verməliyik. Həmçinin informasiya texnologiyalarının bizə verdiyi geniş imkanlardan maksimum yararlanaraq, tələbələrimizin hər birinə dərsliklərin əlaçatanlığını təmin etməliyik. Çünki yüksək səviyyədə təhsil alan tələbə universitetin adıdır. Bütün bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dünyada baş tutan bütün təhsil yönümlü elmi konfranslarda, beynəlxalq olimpiadalarda, tərəfdaşlıq proqramlarında iştirak etməlidirlər. Çünki bu sadaladıqlarım da reytinq zamanı diqqətə alınan faktorlardır”.

 

“Tələbələri ancaq mühazirələrlə yükləməli deyilik, onlara konkret təcrübə verməliyik. Məsələn, Nyutonun qanunlarını tələbəyə yazdırmaqdansa, onu əyani şəkildə göstərməliyik. Amma biz təcrübə vermirik. Bütün inkişaf etmiş ölkələrə baxsaq, görərik ki, onların təhsil sistemində təcrübə əsasdır. Ona görə də yaxşı olardı ki, ali təhsil müəssisələri beynəlxalq aləmə çıxış üçün ciddi tədbirlər görsünlər. Çünki onların inkişafı ölkəmizin birbaşa adıdır”, - deyə E.Əfəndi vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      27 Sentyabr 2019 10:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin