Əsas səhifə Haqqımızda Xəbər lenti

Məktəbli partası

Məktəbli partası

Yaşadıqlarımız üçün darıxar, yaşamadıqlarımızı sevərik...

 

Keçmiş ayağımızın altında əzilib torpağa qarışdıqca arzularımız cücərməyə başlayır. Hər gün öldürdüyümüz ümidlərin xəstə yatağına yeni-yeni xəyallarımızı həbs edir və üstünü bərk-bərk basırırıq ki, qışdan çıxana qədər üşüməsinlər. Hərçənd, anlamırıq ki, mahiyyətini bilmədiyimiz gələcəyi çoxdan məzara yollamışıq.

 

Bizi üzən yaşadıqlarımızdır. Bu gün darıxdığımız nə varsa, kim varsa, hamısının qoxusunu bir vaxtlar hüceyrəsinə qədər ciyərlərimizə çəkmişik. İndi bədənimizdən ayrıldıqca vərdişə çevrilən həmin qoxular üçün darıxırıq. Nəfəs qədər əziz, amma acı viski kimi olurlar, içini yandırır: səni keçmişin qucağına atan şirin yuxu və ayılmaq istəmədiyin əyyaş gecə kimi.

 

Yaşamadıqlarımızı isə sevirik. Əlimiz çatmayan nə varsa, ömrümüzün sonuna qədər hamısının arxasıyca qaçırıq. Büdrəyib dizimizin qanadığı anlar var ha, bax məhəbbətimiz odur, yetişə bilmədiyimiz arzulardır.

 

Əlimizdə qalanları biz qazanmadıq, onları bizə verdilər. Mən bəzilərini yola çıxarkən itirdim. Sən isə hamısını büküb cehiz apardın ər evinə. İndi başını söykəməyə nə qədər təsəllin var.

 

Düşünürsən ki, mübarizə aparırsan? Sadəcə yaşayırsan. Xəyallarımızı doğma balamız kimi qucağımızda böyütməyə başladığımız gün faciəmizin bünövrəsini qoyduq biz. Öyrənmədik heç vaxt, həmişə dərs aldıq. İlk dərsimizi elə ilk dərsimizdə aldıq məktəb partasını səhv seçməklə. Sən məktəb illərində geyindiyin uniformanın qoxusunu, mən əkin sahələrində çəkdiyim arabaların ağrısını unutmamışam hələ də.

 

Tükənməz arzularımızı da elə həmin vaxt sən məktəb partlarının üstünə çəkdin ki, ömrünün axırına qədər silinməsin, mən isə qara torpağa səpdim və düşündüm ki, bir yaz səhəri yuxudan oyananda barını dərəcəm.

 

Ancaq nə sənin qələmi bərk basmağın kömək etdi ki, rəsmini çəkdiyin uşaqlıq xəyalların silinməsin, nə də mənim dibinə tökdüyüm su böyüdə bildi məsum arzuları. İndi o yerlərdə başqaları başqa xəyallardan bostan salıblar. Sənin əyləşdiyin parta isə... Rənglədilər onu keçən payız...

Müəllif: Xəzər Əlizadə      2 May 2021 23:18
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin