Əsas səhifə Haqqımızda Xəbər lenti

Ah, baş(k)ımıza gələnlər…

Ah, baş(k)ımıza gələnlər…

Adın “Küləklər şəhəri” ola, sakinlərin rüzgarda əsir-yesir

 

Cənablar, Bakı təkcə mərkəzi küçələrdən ibarət deyil. Arada onun qəsəblərinə də baş çəkin. Oralarda yaşayan sadə, zəhmətkeş insanlarla həmsöhbət olun, görün problemləri nədir? Soruşun, görün bu dünyada rifah halında yaşamaq nədir xəbərləri varmı, təbiətin hamı üçün olan nemətlərindən – günəşdən, küləkdən, yağışdan zövq ala bilirlərmi?

 

Hər dəfə hava proqnozunda “Bakıda hava günəşli olacaq” eşidəndə ürəyim isinir. Ona görə ki, bunu villalardan, göydələnlərdən uzaqlarda salınmış evlərə, onların sakinlərinə ana təbiətin sığalı, qayğısı, təsəllisi hesab edirəm.

 

Bizim şəhərə yağış, qar, küləkli hava yaraşmır. Yəqin, xatırlayarsınız, təxminən bir ay əvvəl güclü külək əsən vaxtlarda xəbərlər getdi ki, “Bakıda güclü külək bir sıra fəsadlar törədib”. Qəribədir, adın “Küləklər şəhəri” ola, amma bir balaca dəli yellərin əsəndə məktəbinin, evlərinin damı uça, ağacların kökündən qopub maşınların üstünə aşa.

No description available.

Elə qarda da beləyik. Qışda qar yağdığına təzəcə sevinmişdik ki, şəhər iflic oldu. Yollar təmizlənmədiyinə görə zəncirvari qəzaların baş verməsi bir yandan, işığın, qazın, suyun kəsilməsi digər yandan sevincimizi qursağımızda qoydu. Elə buna görədir ki, şəhərimizin belə hallarını çox görmüş adamlar gənclərin qar sevincinə əllərini havada yellədərək “Eh, seviniləcək nə var?! Bakıya qar yaraşmır” deyə reaksiya verir, etinasızlıq göstərirdilər. Yazıqları qınamıram, insanın ağzı neçə dəfə yanar?! “Ha bu qışa hazırıq”, “ha gələn qışa hazırıq” deyə-deyə ömrün ahıl yaşına çatıblar, amma o hazır günü bircə dəfə də olsa, görməyiblər.

 

Nəysə, indi də bu COVID-19 bəlası yaxamıza yapışıb. Necə deyərlər, günü-günə sata-sata gedirik, “ha bir gün sonra, beş gün sonra düzələr” deməkdən yorulduq. Günlər ayları, aylar fəsilləri əvəzlədi. Artıq ikinci ilə keçmişik. Bu müddət ərzində ölkədə böyük biznes şəbəkəsi olan toylar da dayandı, kasıbın ayağını yerdən kəsən metro da. İkisi də elə kasıb üçündür.

 

Toy deyəndə ağlımıza təkcə bəy-gəlin, çoxlu qonaqlar, müğənnilər gəlməsin. Onlara xidmət göstərən neçə-neçə adamlar bu gün işsiz-gücsüz qalıblar. Kim bilir, bəlkə də neçə evdə ata balasının üzünə baxa bilmir, neçə ana dərd əlindən yorğun düşüb...

 

Varlının metroda nə işi var? Maşınına oturub rahat mənzilinə çatır. Bu mənzildən o mənzilə maşını ilə hərəkət edir, diqqətlə baxanda görürsən, heç ayaqqabısının altında da toz yoxdur. Bəs kasıb? Kasıb tozu başından aşan avtobuslarda, basabasda gedib-gəlir. Onlar maskanı təkcə virusdan qorunmaq üçün yox, həm də tozlu küçələrdə şütüyən maşınların qaldırdığı tozu udmamaq, avtobusda tozdan boğulmamaq üçün taxırlar.

 

Yeri gəlmişkən, fikir vermişəm, bizim qəsəbənin avtobusları gecələr lap ürəksıxan olur. Sanki işdən yorğun dönən əliqabarlı “fəhlə babalar” rahat mürgüləsin deyə avtobusun işıqlarını qəsdən közərdirlər. Küçələr desəniz, oralarda da işıq dirəkləri yoxdur, varsa da, lampaları yanmır. Günəş üzünü örtəndə küçələrimiz zülmətə dönür, ta ki bir də o, əlini üzündən çəkib dünyamızı işıqlandıranadək.

No description available.

Yadıma gəlir, pandemiya təzə başlayanda, guya avtobusları dezinfeksiya edirdilər. Bizim qəsəbənin camaatı isə deyirdi ki, “xüsusi məhlulla dezinfeksiyanız lazım deyil, elə bircə bizə salamat avtobuslar verin, canımız bu toz-torpaqdan, palçıqdan qurtarsın. Yayda tozdan, qışda su, palçıq əlindən üst-başımız batır”.

 

Hə, bəs yollar? Guya yollarımız yaxşıdır? Buraların eyibini Günəş örtür. Göydən yerə yağış düşəndə peşmansan ayağını darvazandan çölə qoyasan - zığ, palçıq əlindən tərpənmək olmur. O özünə həsrət qaldığımız metro işləyən vaxtı camaatımız danışırdı ki, metroya düşəndə utanırlar. Girəcəkdə bir on dəqiqə vaxt lazımdır ki, qəsəbədən ayağında daşınan palçığı təmizləyəsən, yoxsa camaat elə biləcək, rayon avtobusundan bu dəqiqə düşmüsən. Amma haqla danışaq, elə səfalı rayonlarımız var ki, Bakının bu qəsəbələrindən abaddır, çünki oraların daşlı-kəsəkli yollarını yağış yuyur, gün qurudur…

Müəllif: Aləmdə Nəsib      6 Aprel 2021 21:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin