Əsas səhifə Haqqımızda Xəbər lenti

Tanımadığımız həmyerlimiz - Osmanlının məşhur həkimi Mahmud Şirvani...

Tanımadığımız həmyerlimiz - Osmanlının məşhur həkimi Mahmud Şirvani...

O, həm də qiymətli daşlar, ətriyyat, ölçü alətləri ilə bağlı araşdırmalar aparıb

 

Bazar günü, yağış yağır, soyuqdur. Küçəyə çıxmaq yasaqdır, nə qədər yumşalma olsa da, həftənin son günü pandemiya səbəbindən evdə oturmağa məhkumuq. Ciddi kitab və ya ciddi məqalə oxumağa həvəsim yoxdur. İnternetdə dolaşmaq da maraqsızdır. Stefanos Yerasimosun “Sultan Sofraları. 15. ve 16. Yüzyılda Osmanlı Saray Mutfağı” (Yapı Kredi Yayınları, 2002) kitabını vərəqləyirəm..

 

Osmanlı mətbəxi hansı yeməklərdən ibarətdi, onlar necə bişirilirdi, padşahların menyusunda nələr varmış? Bu yeməkləri hazırlamaq üçün hansı inqredientlərdən, məhsullardan istifadə edilirmiş? Çox maraqlıdır - məncə.

 

Yerasimos kitabda bir çox arxiv materiallarına istinad edir. Məsələn, 25 avqust 1471 tarixində Saray üçün edilən bazarlığı verir əsərdə. O tarixdə taxtda Fatih Sultan Mehmed oturub. Baxın, Padşah mətbəxi üçün nələr alınıb o gün. Diqqət edin, alınan hər şey qeydə alınıb və günümüzə qədər arxivə düşdüyü üçün gəlib çıxıb:

Sultan Sofraları: 15. ve 16. Yüzyılda Osmanlı Saray Mutfağı by Stefanos  Yerasimos

"25 Ağustos 1471'te padişaha yönelik alımlar:

 

3 çift balık yumurtası,

2 morina balığı,

2 okka havyar (kürü -İ.N),

80 turşu limon,

2 sepet incir.

Üç gün önce de padişah için 10 çift balık yumurtası ve cinsi belirtilmemiş kuru balık alınmıştı"

 

***

 

Osmanlı İmperatorluğu və Türkiyə ilə bağlı araştırmaları ilə tanınan Stefanos Yerasimos (1942-2005) yunan əsilli türk tarixçisidir. İstanbuldakı “Güzel Sanatlar Akademisi”ndən məzun olduqdan sonra Fransaya köçür, Sorbon Universitetində doktorluq dərəcəsi alır.

 

Gözlənilmədən qarşıma maraqlı bir fakt çıxır. Məgərsə, Stefanos Yerasimos “Sultan Sofraları” kitabını hazırlayarkən Mehmed bin Mahmud Şirvaninin yazdığı yemək reseptlərindən istifadə edib. Və məgərsə, bu reseptlərin tək nüsxəsi İstanbuldakı “Bayezid Devlet Kütüphanesi”ndə mühafizə olunur.

 

***

 

Mehmed bin Mahmud Şirvani - yəni, Şirvanlı. Osmanlı Sultanlarının damaq zövqü haqda bir az oxuyub, beynimə azca istirahət verəcəkdim guya. Amma Şirvani adı diqqətimi başqa istiqamətə yönəltdi. Onun kim olduğunu öyrənməsəm rahat dura bilməzdim..

 

Şirvani 15-ci əsrin ilk yarısında Osmanlıda məşhur bir həkim olub. Franz Babinger “Osmanlı Tarih Yazarları ve Eserleri - 1982” kitabında Şirvaninin yalnız tanınmış bir həkim olmayıb, tarixi əsərlərin tərcümə etməklə də məşğul olduğunu, Padşah II. Murad tərəfindən “mütercim” (tərcüməçi) olaraq da istifadə edildiyini yazır. Şirvani həkim və tərcüməçiliklə bərabər, həm də güclü ilahiyyatçı olub.

 

Mehmed bin Mahmud Şirvaninin Türkiyənin müxtəlif kitabxanalarında ilahiyyat, tibb və əczaçılıq, Osmanlı mətbəxi ilə bağlı kitabları var. Təkcə təbabətə həsr etdiyi 11 kitab yazıb. O həm də qiymətli daşlar, ətriyyat, ölçü alətlərilə bağlı araşdırmalar aparıb. Ancaq Osmanlı tarixi Şirvanini daha çox həkim kimi tanımaqdadır, çünki Türk təbabətinin inkişafında onun əsərlərinin rolu danılmazdır.

15. Yüzyıl Osmanlı Mutfağı - Muhammed bin Mahmud Şirvani | kitapyurdu.com

Nisbəsi onun Şirvanlı olduğunu göstərir. Əslində bu heç də təəccüblü deyil, Osmanlı dövründə çox sayda Azərbaycan türkü Anadoluya gələrək burada bir çox sahələrdə çalışıb, İmperatorluğun güclənməsi və inkişafına misilsiz töhfələr veriblər. Şirvaninin hərtərəfli insan olması isə onun Saray nəzdində qəbul görməsində əhəmiyyətli rol oynayıb - həkim, ilahiyyatçı tərcüməçi, mühəndis, kimyaçı, kulinar və s. kimi məziyyətləri təbii olaraq, onu dövrünün sayılı alimlərindən birinə çevirmişdi….

 

Ümid edirəm ki, bir gün bizim tarixçilərimiz populyar formada “Osmanlıdakı məşhur Azərbaycan Türkləri” adlı bir kitab hazırlayacaqlar. Mehmed bin Mahmud Şirvaninin bu kitabda yer alacağı isə şübhəsizdir.

 

Bu da mənim Bazar günüm. Həftəsonunu məmnuniyyətlə məşhur həmyerlimizə sərf etdim…

Müəllif: İbrahim Nəbioğlu      7 Mart 2021 21:36
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin