Əsas səhifə Haqqımızda Xəbər lenti

Ekoloji cəhətdən təmiz nəqliyyata tələb: Üstəlik, özümüz istehsal edə bilərik

Ekoloji cəhətdən təmiz nəqliyyata tələb: Üstəlik, özümüz istehsal edə bilərik

Ekspert: “Yeni infrastruktur həm vətəndaşların, həm də turistlərin rahatlığını təmin edəcək”

 

Nəqliyyat paytaxtda havanın çirklənməsinin əsas mənbələrindən biridir. Bakının ətraf mühitə zərər verməyəcək və yolların boşaldılmasına kömək edəcək bir nəqliyyata ehtiyac var. Ancaq hələlik bunun hamısı planlardadır.

 

2021-2030-cu illər üçün milli prioritetlərə dair dövlət proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyinə (BNA) şəhər nəqliyyatının ətraf mühitin mühafizəsinin təmin olunmasına uyğun modernləşdirilməsi tapşırılıb. BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin “Evimizdə” verilişinin efirində Bakıya tramvayların qaytarılması istiqamətində işlərin davam etdiyini söyləyib.

 

Bundan başqa, velosiped yollarının salınması da planlaşdırılır. Bu bənd 2021-ci il üçün fəaliyyət planına daxil edilib. Velosiped yolları əvvəlcə şəhərin mərkəzindəki pilot layihədə salınacaq və daha sonra bir neçə nöqtəni birləşdirən zolaqlar yaradılacaq. Vahid bir şəbəkə isə daha sonrakı planlarda var.

Bakıda 18,5 kilometrlik velosiped yolu salınacaq

Nəqliyyat və maşınqayırma sahəsi üzrə mütəxəssis Vaqif Ədilovun AYNA-ya dediyinə görə, bir çox inkişaf etmiş ölkələrdə velosipedlər çox populyar nəqliyyat növüdür və ölkəmizdə xarici təcrübədən istifadə edərək onu inkişaf etdirməyə qərar veriblər: “Bununla birlikdə, paytaxtda bütün küçələrdə veloyollar yaratmaq mümkün olmayacaq. Ancaq tikinti işləri aparılacağı yerdə, köhnə infrastruturun tam dəyişilməsi ilə yanaşı velosiped sürmək üçün yollar nəzərdə tutulmalıdır”.

 

“Bundan başqa, paytaxtda əhalinin əksəriyyəti çoxdürmərtəbəli binalarda yaşayır, bəs onlar velosipedlərini harada saxlaya bilərlər? Bəziləri onları pilləkən zolağında qoyaraq digər sakinlərə narahatlıq yaradır. Yalnız yollar deyil, velosipedlər üçün park yerləri də yaratmaq lazımdır”, - həmsöhbətimiz bildirib.

 

Ədilovun fikrincə, digər şəhərlərdə velosiped infrastrukturunun yaradılması ilə bağlı problemlər daha az olacaq: “Qarabağda, ümumiyyətlə hər şey sıfırdan yenidən qurulacaq və tikinti zamanı velosipedçilərin də ehtiyacları nəzərə alınmalıdır. Bir məqam da nəzərə alınmalıdır - ölkədə çoxları üçün velosiped mövsümi nəqliyyat növüdür, yəni, əsasən isti fəsildə üstünlük verilir”.

 

Xatırladaq ki, bir neçə il əvvəl ölkəmizdə velosiped istehsalı üçün böyük bir zavod qurulmuşdu, lakin bu gün həmin müəssisə heç bir uğuru ilə öyünə bilməz. Mütəxəssisin sözlərinə görə, velosipedlərin detalları gətirilərək, orada yığılır: “Amma sonda yerli istehsaldansa, Çindən hazır velosiped gətirmək bizdə yığmaqdan daha ucuz başa gəlir. Velosiped üçün bütün hissələri burada istehsal etməliyik və bu, çətin olmayacaq. Bundan əlavə, prosesə yalnız bazarda olanları təkrarlamayan, yeni ideyalar təklif edən peşəkar dizaynerləri cəlb etmək lazımdır. Ölkə ucuz, rahat və keyfiyyətli velosipedlər istehsal edərsə, yenə də lazımi infrastruktur yaradılarsa, onda bu nəqliyyat növü bizdə də populyar olacaq. Və bu istehsalla xaricdə də maraqlana bilərlər”.

 

Tramvaylara gəlincə, Ədilovun sözlərinə görə, pandemiya onların tətbiqi ilə bağlı işlərin dayanması ilə nəticələnib: “Tramvay şəbəkəsi həm Bakıda, həm də ölkənin digər bölgələrində, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə inkişaf etdirilməlidir. Tramvay yalnız ekoloji cəhətdən təmiz deyil, həm də avtobusdan daha ucuz nəqliyyat növüdür. Paytaxtda böyük tələbat olacaq və tez bir zamanda öz xərclərini ödəyəcək. Qarabağda şəhərləri birləşdirən tramvay xətti çəkmək mümkündür. Bu, həm yerli sakinlər, həm də turistlər üçün səyahətləri daha rahat edəcək”.

 

Müsahibimiz hesab edir ki, bu vəziyyətdə öz istehsalımızı inkişaf etdirmək də vacibdir: “Bir müasir üçhissəli tramvayın qiyməti, təxminən 1.8 milyon dollardır, amma öz istehsalımızla, təxminən 900 min dollara başa gələ bilərdi. Ümumiyyətlə, demək istəyirəm ki, öz istehsalın (bütün hazır detalların gətirilib yığılması nəzərdə tutulmur) xaricdən almaqdan, ən az 25-30% ucuzdur. Arzu olunarsa, tramvay istehsalına başlamaq üçün iki ildən də az vaxt lazımdır, amma buna ölkəmizdə marağın olduğu görünmür, çox təəssüf. Çünki, belə bir istehsalın təşkili həm yeni iş yerləri yaradacaq, həm öz ehtiyaclarımızı təmin edəcək, həm də qonşu ölkələrə ixrac etmək üçün tramvaylar istehsal edə bilərik”.

Müəllif: Elya Belskaya      5 Mart 2021 23:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin