Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağ klanı” – Paşinyan savaşı davam edir: Daş qayaya rast gəlib

“Qarabağ klanı” – Paşinyan savaşı davam edir: Daş qayaya rast gəlib

Mütəxəssislərin qənaətincə, müxalifətin gücü Baş naziri devirmək üçün yetərli deyil

 

“Müharibədə Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan və sarsıdıcı zərbə alan Ermənistanda daxili siyasi qüvvələr arasında qarşıdurmanın meydana çıxması və pik həddinə çatması proqnozlaşdırılan idi. Hazırda Ermənistanda daxili gərginlik siyasi xaosun dərinləşməsini şərtləndirir. Hakimiyyətlə ona müxalif qüvvələr arasında siyasi qarşıdurmanın növbəti raunduna start verilməsi Ermənistanın yeni kataklizmlərə sürükləndiyini göstərir”.

 

Ermənistanda baş verənləri AYNA-ya şərh edən politoloq Nurlan Qələndərli belə deyib. Onun sözlərinə görə, ümumiyyətlə, bu ölkədə ziddiyyətlər çoxşaxəli konfrantasiyadan qaynaqlanır, böhran üç istiqaməti əhatə edir: “Hakimiyyətdaxili gərginlik, ictimai narazılıqların fonunda vətəndaş itaətsizliyi və müxalifətin hökumətə yönəlik siyasi pressinqi. Qəzəb oxlarının Paşinyana tuşlandığı hazırkı şəraitdə hakimiyyət-vətəndaş qarşıdurması vəziyyəti daha da mürəkkəbləşdirir. Əlbəttə, müharibə məğlubiyyəti ilə yanaşı, Paşinyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirən çoxsaylı səbəblər var. Bütün bunlar sosial gərginliyin artmasını və etirazların eskalasiyasını şərtləndirir. Hakimiyyət imitasiya xarakterli formal addımlarla manevrləri davam etdirməyə çalışsa da, Ermənistanda faktiki olaraq total tənəzzül hökm sürür. Eyni zamanda, hakimiyyətin repressiya siyasətini daha da kəskinləşdirərək müxaliflərə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərməsi yeni toqquşma motivləri yaradır”.

“Təbii ki, hazırkı mərhələdə müşahidə olunan proseslər həm də bir sıra reallıqların üzərinə işıq salır. Bunlardan biri Paşinyanın demokratiya imitasiyasının iflasa uğraması, yaxud “demokrat” maskasının yırtılmasıdır. Hakimiyyətin, istefa tələbi ilə fasiləsiz vətəndaş itaətsizliyi aksiyalarına başlayan müxalifətə qarşı repressiya tətbiq etməsi, zorakılıq metodunu siyasi mübarizə vasitəsi kimi seçməsi bu reallığın əyani ifadəsidir”, - politoloq bildirib.

 

Əlavə edib ki, Ermənistanda hakimiyyət olimpində cinayətkar hərbi xuntanı əvəzləyən indiki oxlokoratiya (küçə - kütlə hakimiyyəti) ilk vaxtlar populist və demaqogiya ritorikası ilə çıxış etsə də, qısa müddət ərzində diktatura mahiyyətini nümayiş etdirməyə başladı: “Paşinyanın rəhbərlik etdiyi antidemokratik hakimiyyət sistemi öz vədlərini istisna və inkar edən davranışlarla çıxış etməyə başlamışdı. Daha dəqiq desək, ilk vaxtlardan etibarən legitimlik problemi yaşayan, siyasi xaos və kataklizmlərlə qarşı-qarşıya olan Paşinyan, yeni tiraniya formasında mövcud olan öz hakimiyyətinin dayaqlarını gücləndirmək məqsədilə, “demokratiya” görüntüsü altında diktatura sistemi formalaşdırmışdı. Bu gün Ermənistanda mövcud olan siyasi xaos fonunda baş verənlər bu reallığı tam təsdiqləyir. Həqiqət budur ki, vaxtilə uzurpasiya (qəsb) vasitəsilə hakimiyyəti ələ alan Paşinyan siyasi rəqibləri ilə mübarizə prosesində zor-güc amilinə üstünlük verir. Ona görə də hüquq, demokratiya, sivil dəyərlər və qanun anlayışları bu hakimiyyət üçün xarakterik deyil”.

 

“Bütövlükdə, bu ölkədə qarşıdurma və ziddiyyətlərin müəyyən müddət davam edəcəyini düşünürəm. Lakin hakimiyyət dəyişikliyi baş tutmayacaq. Paşinyan hakimiyyətinin həm vəzifəli şəxslərə, güc orqanları təmsilçilərinə, həm də müxalif qüvvələrə qarşı təzyiqləri intensivləşəcək və indiki Baş nazir müxtəlif vasitələrdən istifadə etməklə iqtidarını qoruya biləcək. Hakimiyyətin öz dayaqlarını möhkəmləndirməyə çalışdığı bu dönəmdə iqtisadi tənəzzülün və siyasi xaosun dərinləşməsi isə labüd olacaq”, -deyə Qələndərli vurğulayıb.

 

Politoloq Məhəmməd Əsədullazadə isə AYNA-ya açıqlamasında deyib ki, Ermənistanda baş verən siyasi xaos İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət və “Qarabağ klanı”nın bundan istifadə edib hakimiyyətə gəlmək şanslarını bir daha ortaya qoyması ilə bağlıdır: “Bu prosesdə, təbii ki, Rusiya da Qarabağ klanını dəstəkləyir. Burada Robert Koçaryan, Sej Sarkisyan və bu kimi şəxslər də çalışırlar ki, Ermənistanda vəziyyəti qəlizləşdirsin və hakimiyyəti ələ alsınlar. Bu istiqamətdə “Vətənin xilası naminə” 17 partiyadan ibarət hərəkat da qurulub və onların vahid namizədi olan Vazgen Manukyan da arxa fonda, məhz Robert Koçaryan tərəfindən idarə edilir”.

Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir... - Məhəmməd  Əsədullazadə - ONN İnformasiya Agentliyi

“Qeyd etmək lazımdır ki, hələ iki həftə bundan əvvəl Ermənistanın eks-prezidenti Robert Koçaryan Rusiyaya getdi və Rusiyada aparılan danışıqlardan sonra Ermənistana gəldi və fəallaşmağa başladı. Həmçinin, bu ərəfələrdə daha eks-prezident Serj Sarkisyan da çıxışlar etməyə başladı və hətta, müxalifətin lideri Vazgen Manukyan da Paşinyanın cəzalandırılacağını qeyd edirdi. Nəhayət, proseslər kuliminasiya nöqtəsinə gəldi və artıq orduda Rusiyanın nəzarətində olan qüvvələr hərəkətə keçdi. Baş Qərargah rəisi Qasparyan və ordu birləşmələrinin generalları birbaşa Rusiya agentura şəbəkəsinin üzvləridir. Məhz, Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlama birbaşa Rusiyanın hərbi-siyasi kompleksinə vurulan zərbə idi ki, Rusiya da bunu bağışlmadı və Paşinyana qarşı istefa tələbi irəli sürüldü”, - deyə politoloq bildirib.

 

Ekspertin sözlərinə görə, “Qarabağ klanı” və müxalifət dinc aksiyalar və seçkilərlə Paşinyanı devirməyə nail ola bilmədikləri üçün hərbi çevrilişlə buna nail olmağa çalışdılar: “Hətta, Prezident Armen Sarkisyan da Paşinyanın Qasparyanı istefaya göndərməsinə baxmayaraq, istefa sənədinə imza atmadı və Paşinyan Prezidentin də bu çevrilişin içində olduğunu qeyd elədi. Lakin Paşinyanın ətrafında Ermənistan ictimiayyəti cəmlənib və son mitinqdən sonra onu devirməyin asan olmayacağını yəqin ki, başa düşüblər”.

 

“Hesab edirəm ki, Paşinyan çevriliş cəhdində iştirak edən generalları bir müddətdən sonra neytrallaşdıra biləcək. Yox, buna nail ola bilməsə, xalqı növbəti dəfə meydanlara toplayıb Baş Qərargahı ələ keçirəcək. Hətta, bu istiqamətdə Konstitusiya Məhkəməsinin sədrinin istefaya göndərilməsi məsələsi də ortadadır”, - Əsədullazadə vurğulayıb.

 

“Ona görə də Paşinyan çalışacaq ki, hakimiyyəti öz əlində cəmləşdirsin və Qarabağ klanına qarşı həbslər həyata keçirsin. Hətta, Prezident Armen Sarkisyanın da vəzifəsindən getməsi üçün Paşinyan xalqı növbəti dəfə meydanlara çağıra bilər. Əlbəttə ki, Ermənistanda hakimiyyətin dəyişməsi və revanşistlərin hakimiyyətə gəlməsi Rusiyanın planıdır və yeni hakimiyyət Qarabağ müharibəsindən sonra formalaşan yeni nizama xələl gətirə bilər, həmçinin, 10 noyabr və 11 yanvar razılaşmaları risk altına düşə bilər. Xüsusən də yeni hakimiyyət Mehri dəhlizi ilə bağlı hədələyici çıxışlar edə bilər və sülh müqaviləsi əngəllənə bilər. Lakin Paşinyan hakimiyyətdə qalarsa, bütün bunların əksi ola bilər və Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlaya bilər”, - deyə analtik əlavə edib.

 

O, hesab edir ki, indiki situasiyada Ermənistanda siyasi böhranın davam etməsi bu ölkənin zəif dövlət kimi davam etməsinə gətirib çıxaracaq: “Əlbəttə ki, zəif Ermənistan da Azərbaycanın maraqlarına uyğundur və düşünürəm ki, Ermənistanda siyasi vəziyyətin gərgin olaraq davam  etməsi və Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın Ermənistan üzərində əldə etdiyi üstünlüyü davam etdirəcək”.

Müəllif: Mərahim Nəsib      27 Fevral 2021 14:06
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin