Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev Qarabağın statusu barədə: “Statusun yerini göstərmişəm”

İlham Əliyev Qarabağın statusu barədə: “Statusun yerini göstərmişəm”

“Ermənistan bu məsələni nə qədər az dilə gətirərsə, bir o qədər yaxşı olar”

 

“Status haqqında demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan bunu həll edib”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında səsləndirib. 

 

Prezident xatırladıb ki, 30 ildir davam edən danışıqlar heç bir nəticə vermədi: “Minsk Qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Ermənistan Baş nazirinin yersiz bəyanatları onların fəaliyyətlərini də iflic etmişdi. Faktiki olaraq, son iki il ərzində danışıqlar aparılmırdı. Azərbaycan bu problemi təkbaşına həll etdi”.

 

“O ki, qaldı statusa, mən bunu demişəm və yerini də göstərmişəm, bunu hər kəs bilir. Ermənistan bu məsələni nə qədər az dilə gətirərsə, bir o qədər yaxşı olar. Yalandan insanlarına ümid verməsinlər. Erməni cəmiyyətinə deyilən yalanlar onları belə acınacaqlı vəziyyətə saldı. Dağlıq Qarabağ deyilməsinin də əleyhinəyəm. Bir daha demək istəyirəm ki, Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Baxmayaraq ki, onun bir hissəsində erməni əhalisi yaşayır. Biz buna etiraz etmirik”, - deyə Prezident qeyd edib.

 

Dövlət başçısının sözlərinə görə, kimsə statusla bağlı məsləni qaldırırsa, sülhə yox, münaqişəyə daha çox xidmət göstərir: “Mən hər zaman deyirəm ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Bu gün Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə bizim əsirlərlə rəftarımız da bunu göstərdi. Qarabağda müharibə zamanı erməni əsgərləri iki yaşlı insanı qoyub qaçmışdı. Onları xəstəxanaya yerləşdirdik. Ermənistanla əlaqə saxlayıb sərhəddə qaytarmaq istədik. Onlar qadını qəbul etdilər, amma kişini yox. Dedilər ki, o, xəstədir, kimsəsi yoxdur və onu qəbul etmədilər. Qırımızı Xaç Komitəsi də buna şahiddir. Həmin vətəndaşı xəstəxanaya yerləşdirdik, amma bir müddət sonra bütün səylərə baxmayaraq, həmin şəxs vəfat etdi. Yəni, demək istəyirəm ki, biz ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə normal münasibət bəsləyirik”.

Müəllif: Ayna.az      26 Fevral 2021 13:05
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin