Əsas səhifə Haqqımızda Xəbər lenti

Rəqabət Məcəlləsi layihəsi təkmilləşdirilir

Rəqabət Məcəlləsi layihəsi təkmilləşdirilir

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ilin yekunlarına dair hesabatında bildirilib

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair videoformatda brifinq keçirib. Qurumdan AYNA-ya bildirilib ki, Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli ötən il ərzində görülmüş işlər barədə danışıb.

 

Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Dövlət Xidmətinin yeni əsasnaməsi təsdiq olunub və fəaliyyət istiqamətləri genişləndirilib. Bununla əlaqədar ötən müddət ərzində Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mövcud kadr potensialının qiymətləndirilməsi və peşəkar tələblərə cavab verən yeni kadrlarla komplektləşdirilməsi, optimallaşdırma işlərinin və islahatların aparılması üçün aidiyyəti sahələrin təhlili, müvafiq normativ aktların hazırlanması və sair tədbirlər həyata keçirilib.

 

Məlumat verilib ki, keçən il ərzində ümumilikdə Dövlət Xidmətinə 10 min 947 müraciət daxil olub və qanunvericiliyin tələblərinə uyğun baxılması təmin olunub.

 

Antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə həyata keçirilən tədbirlər barədə danışan rəis müavini istehlak bazarında malların (iş və xidmətlərin) satışı (malın satışda olmaması, qiymət artımı, malın keyfiyyəti və sair) ilə əlaqədar 908 müraciətə baxıldığını, qanunamüvafiq tədbirlərin görüldüyünü bildirib.

 

Qeyd olunub ki, ötən il dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların həcmi 930 milyon manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 14,2 faizinə bərabərdir. Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90 faiz təşkil edib. Dövlət Xidmətində fəaliyyət göstərən işçi qrupları tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib. Rəqabət qanunvericiliyinin daha da təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə öyrənilərək Rəqabət Məcəlləsi layihəsinin təkmilləşdirilməsi üzrə işlər aparılır.

 

Ötən il ərzində standartlaşdırma sahəsində görülən işlər barədə məlumat verilərək bildirilib ki, bu dövr ərzində 19 yeni dövlət standartı qəbul edilib, 12 dövlət standartının layihəsi hazırlanaraq rəy və təkliflər üçün müvafiq qurumlara təqdim olunub.

 

Tədbirdə, həmçinin Xidmətin strateji planları barədə də məlumat verilib. Qeyd edilib ki, qarşıda duran əsas strateji hədəflər bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini təmin edən ədalətli və azad rəqabət mühitinin qorunması, milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsi və davamlı inkişafın dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması və “2021-2023-cü illər üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş tədbirlərin icrasını təmin etməkdir.

Müəllif: Ayna.az      17 Fevral 2021 14:45
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin