Əsas səhifə Haqqımızda Xəbər lenti

Arxadaşım…

Arxadaşım…

Arxamdan gəlmə - birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə - birdən sənə çata bilmərəm

 

İki şey var ancak ölümle unutulur,

anamızın yüzüyle şehrimizin yüzü.

 

- Nazım Hikmet

 

Böyük Nazım Hikmetin bu sözləri möhtəşəmdir. Nə anamın üzü unudulur, nə də doğulduğum şəhərin. Düz bir il əvvəl – 26 yanvar 2020-də Bakıya gəlmişdim. Böyük qardaş - Ağabəyim dediyim, qardaşımla ağsaqqal olaraq qəbul etdiyimiz bir insanın yubileyi idi. Uçub Bakıya gəldim. Ertəsi gün ancaq onun ailə üzvlərinin – övladlar, nəvələr, kürəkən və gəlinlərlə qudaların iştirak etdiyi kiçik, amma gözəl atmosferi olan özəl bir axşam oldu.

 

Şənləndik, gözəl söhbətlər etdik, ümidlərdən danışdıq, arzularımızı dilə gətirdik…

 

Bakıda koronavirusun adını belə eşidən yox idi hələ. Mənsə, prof. Limerlə bağlı bir araşdırma aparırdım. O əsnada yeni il ərəfəsində Çində ortaya çıxmış dəhşətli virus haqda xeyli oxumuş və qeydlər aparmışdım. Hətta bir məqalə belə yazmışdım.

 

Kimsənin ovqatını təlx etməmək üçün virusdan söhbət salmadım o axşam. Hələ də nəyəsə ümid edir, inanırdım ki, epidemiyanın qarşısı bir şəkildə alınacaq və taclı virus biz tərəflərə sıçramayacaq.

 

Ertəsi gün səhər tezdən bir taksi çağırıb Bulvara getdim. “Sahil” kafesinin yanından “Zhemchuzhina”ya qədər yeridim. Boş skamyalarından birində xeyli oturdum. Nələr, nələr keçdi gözlərimin önündən. Bulvar, gənclik və tələbəlik illəri, hər şeyin daha təmiz və saf olduğu illər, yaxşı insanların yamanlardan sayca çox olduğu zamanlar. Yaşadığım bütün dostluqlar və sevgilər, sevinc və üzüntülər, kişilik və xəyanətlər vərəqləndi xəyalımda…

 

Bir ildir Bakını görmürəm, bir ildir sanki paralel dünyalardayam. Hər axşam xəyalımdakı Bakı ilə yatıb, onunla oyanıram. Hər axşam bu bir il ərzində itirdiyim, məzarlarını belə görmədim əzizlərimin ruhu üçün dua edir, həyatdakı qohumlarıma, dostlarıma sağlıq arzulayıram…

 

Ağabəyimin yubiley axşamında onu Alber Kamyunun bu sözləri ilə təbrik etmişdim: “Arxamdan gəlmə - birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə - birdən sənə çata bilmərəm. Yanımda yeri və arkadaşım ol”.

 

Sabahkı ad günü üçün də eyni arzumu dilə gətirirəm - Yanımda yeri və arxadaşım ol...

Müəllif: İbrahim Nəbioğlu      27 Yanvar 2021 11:16
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin