Əsas səhifə Haqqımızda Xəbər lenti

Keçən il birinci siniflərə qəbul olan uşaqların sayı açıqlanıb

Keçən il birinci siniflərə qəbul olan uşaqların sayı açıqlanıb

Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib

 

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

 

Eyni zamanda, bildirilir ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

 

Azərbaycanda ötən il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

 

2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb. 

 

2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif  "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.

Müəllif: Ayna.az      2 Yanvar 2021 20:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin