Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağda ermənilərə məxsus heç bir tarixi abidə yoxdur”

“Qarabağda ermənilərə məxsus heç bir tarixi abidə yoxdur”

Faiq İsmayılov: “Azərbaycanın işğal olunmuş ərazilərində işğal dövründən sonra inşa edilən tikililər abidə deyil

 

“Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərə məxsus heç bir tarix və mədəniyyət abidəsi yoxdur. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ adlı coğrafi ərazisi yoxdur. Çünki 1992-ci ildə Milli Məclis tərəfindən bu ərazi vahidi ləğv edilib və bu ərazilərin hər biri Azərbaycana məxsus şəhərlər, rayonlar və kəndlərdir. Bu da ümumi ərazimizin 20 faizini təşkil edir”.

 

Bunu AYNA-ya Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin (AİOƏTMAMTİB) sədri Faiq İsmayılov deyib. Onun sözlərinə görə, 1836-cı ildə rus çarının fərmanı ilə alban kilsəsinin erməni qriqoryan kilsəsinə çevrilməsindən sonra bu ərazilərlə bağlı bütün yazı nümunələri və dövlət sənədləri monastrlarda saxlanılırdı: “Ermənilər bunun bir qismini tamam məhv etdilər, digər bir qismini isə erməni dilinə çevirib yandırdılar. Təsəvvür edin ki, Musa Kalankatlının “Alban tarixi” adlı kitabı belə, onun ana dilində yox, erməni dilindədir. Bu da onu göstərir ki, ermənilər bu işlərlə çoxdan məşğul olublar”.

İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”

“Azərbaycanın işğal olunmuş ərazilərində işğal dövründən sonra inşa edilən tikililər isə abidə deyil. Yəni, onları abidə adlandırmaq olmaz. Çünki abidələrin müəyyən statusu var ki, həmin o statusa cavab verəndən sonra abidə kimi qeydiyyata alınır. Məsələn, Şuşada faktiki olaraq kilsələr mövcuddur. Həmin kilsələrin ikisi işğal dövründə tikilib, biri isə lap əvvəldən var idi. Daha dəqiq desək, “Türkmənçay” sülh müqaviləsindən sonra İranla Rusiya arasında Azərbaycanın əraziləri bölüşdürülür və həmin hadisədən sonra Araz çayının şimalında qalan ərazilər Rusiyanın nəzarətinə keçir. Onlar da bu ərazilərə öz qoşunlarını yeridirlər. O cümlədən də Şuşaya. Şuşada olan rus əsgərləri isə ibadət etmək və dini ayinləri yerinə yetirmək üçün uyğun yer tapa bilmirlər. Ona görə də divanxananın üzərinə zəng asır və zəngi çalaraq ibadətə toplaşırdılar. Yəni, o dövrdə ermənilərə məxsus bir dənə də olsun memarlıq üslubu olmayıb. Bu hadisədən bir neçə il sonra isə divanxananın qabaq hissəsində zəng qülləsi tikilir. Bir müddət sonra da həmin divanxananın özünü kilsəyə çevirirlər. Şuşa əhalisi hələ qovulmamışdan əvvəl də hamı ora “rus kilsəsi” deyirdi. İndiki yaşlı insanlar da o kilsəni “rus kilsəsi” adlandırırlar. Ərazilərimiz işğal olunandan sonra da ermənilər o kilsəni bərpa edərək, erməni kilsəsi kimi təqdim etməyə başladılar”, - İsmayılov bildirib.

 

O, Azərbaycan Ordusunun hazırda davam edən əməliyyatları çərçivəsində ermənilərin sözügedən kilsədən şantaj vasitəsi kimi istifadə etdiklərini qeyd edib: “Ermənilər həmin kilsənin dəmirlərini qopardaraq bunu Azərbaycan Ordusu tərəfindən atılan raketlərin izləri kimi izah etməyə çalşıdılar və dünya mətbuatına sızdırdılar ki, guya Azərbaycan Ordusu erməni tarixi abidəsinə zərbələr vurur. Mənim araşdırmalarımdan sonra məlum oldu ki, təqdim edilən həmin şəkillər 15 il əvvəl, kilsənin təmirindən qabaq çəkilmiş şəkillərdir. Yəni, ifşa edildilər. Bu gün də mən əminlilkə deyirəm ki, istər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olsun, istərsə də ətraf rayonlar (halbuki, ətraf rayonlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 4 dəfə böyükdür), bu ərazilərdə ermənilərə aid bir dənə də olsun tikinti nümunəsi yoxdur. Əgər, kimsə göstərə bilsə, mən mübahisəyə hazıram”.

 

“Çünki tarixi memarlıq abidələri ümumi quruluşuna görə, əsrlərə bölünür və hətta həmin quruluşa görə, ölçülərini də demək mümkündür. Bunu tək mən yox, digər xalqların memarlıq üzrə ekspertləri də hansı dövrə, hansı millətə aid olduğunu deyə bilərlər. Yəni, bu gün ermənilərin yaydığı dezinformasiyadır və bizim ərazilərimizə sahiblənmək üçün tariximizi dəyişməyə cəhd edirlər. Həmçinin, alban dövrünə aid abidələri məhv edir, xristian ola-ola xristian abidələrinə qarşı ciddi vandalizim aktları həyata keçirir və hətta xristian dövrü abidələrini öz adlarına çıxmaqla, barbarlığa yol verirlər. Bu baxımdan da onların həmin ərazilərə aid nələrisə olmadığını rahatlıqla demək olar”, - AİOƏTMAMTİB sədri əlavə edib.

Müəllif: Mərahim Nəsib      3 Noyabr 2020 21:04
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin