Əsas səhifə Haqqımızda Xəbər lenti

“Paşinyanın devrilməsi Azərbaycana sərf etmir” – STM rəhbəri

“Paşinyanın devrilməsi Azərbaycana sərf etmir” –     STM rəhbəri

Natiq Miri: “Rusiya Qarabağ məsələsi ilə bağlı çətin vəziyyətdə qalıb”

 

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən işğalçı Ermənistanın məğlubiyyəti qaçılmazdır. İşğalda olan ərazilərimizin mərhələ-mərhələ azad edilməsi düşmən ölkənin daxilində isterikanı artırıb. Müharibədə məğlubiyyət, sosial problemlər məngənəsində əzilən Ermənistanda artıq daxili hərbi-siyasi vəziyyət gərginləşib. İşğal etdikləri Dağlıq Qarabağın itirilməsini labüd görən düşmən ölkənin siyasətçiləri vəziyyətin bu həddə çatmasının bir nömrəli günahkarı kimi Baş Nazir Nikol Paşinyanı görürlər.

 

Bu günlərdə Ermənistanın İctimai Şurasının keçmiş sədri, sabiq Baş Nazir və Müdafiə naziri Vazgen Manukyan Ermənistanın hazırkı hökumətinin bütün hakimiyyəti orduya təhvil verərək istefa verməli olduğunu deyib. Daha bir sabiq Baş Nazir Hrant Baqratyan da Manukyanla razı olduğunu deyib. Onlar düşünürlər ki, Paşinyan istefa verməsə, nəinki Dağlıq Qarabağ itiriləcək, Ermənistan özü dövlət olaraq məhv ola bilər.

 

Bununla yanaşı, Paşinyandan əvvəl Ermənistan hakimiyyətində olmuş “Qarabağ klanı” adlandırılan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana yaxın olduğu bilinən KİV-lərdə Paşinyanın yarıtmaz siyasəti tənqid edilir.

 

Bir çox analitiklər bildirirlər ki, müxalifətdə olan siyasi kəsim ölkədə çevriliş planı qurub. Bu planın reallaşması üçün “Qarabağ klanı” da müxaliflərə dəstək verməkdədir. Ona görə də, Paşinyanın yaxınlarda istefa verməsi və ya zorla hakimiyyətdən uzaqlaşdırılması heç də qeyri-real görünmür.

 

Bizim üçün maraqlı olan tərəf ondan ibarətdir ki, müharibənin aktiv fazasında Ermənistanda çevriliş olarsa, bu, Azərbaycan üçün nə ilə nəticələnəcək? Analitiklərin əksəriyyəti bildirirlər ki, Paşinyan hazırkı məqamda devrilərsə, situasiya əleyhimizə ola bilər. O mənada ki, beynəlxalq güclər yeni hökumət formalaşanadək rəsmi Bakıdan vaxt istəyə bilər. Yəni, müharibə dayansın, yeni hökumətlə sülh danışıqları başlasın və s.

 

Strateji Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, politoloq Natiq Mirinin fikrincə, Ermənistan bu gün elə vəziyyətdədir ki, orada hər şey ola bilər – çevriliş də, inqilab da. Analitik AYNA-ya şərhində deyib ki, hazırkı mərhələdə Paşinyanın hakimiyyətdən getməsi bizim maraqlarımıza uyğun deyil.

 

O, hesab ki, bu gün Paşinyan devrilərsə, Ermənistanda hakimiyyətə daha radikal və millətçi, müharibə tərəfdarlarının gəlməsi ehtimalları artar: “Baxın, Paşinyanın istefasını tələb edənlər kimlərdir? Daşnaksütyun Partiyasına bağlı şəxslər, Rusiyaya xidmət edən ən ifrat şovinist və radikallardır. Bir də “Qarabağ klanı” mövcuddur ki, onların da başında Köçəryan və Sarkisyan dayanır. Əslində, Ermənistanda daxili siyasi vəziyyətin kritikləşməsi bu gün bizim üçün təhlükəlidir. Hesab edirəm ki, Azərbaycana indiki halda sərf edən variant hələ bir müddət də Paşinyanın hakimiyyətdə qalmasıdır”.

Natiq Miri: “Üçüncü dünya müharibəsinin başlama ehtimalı yox  dərəcəsindədir” – Müsahibə

N.Miri fikrini belə əsaslandırıb ki, Paşinyanın uğursuz siyasəti beynəlxalq aləmdəki ermənipərəst qüvvələrdə Ermənistana qarşı fərqli münasibət formalaşdırıb: “Ermənistana beynəlxalq ictimaiyyətdə nə qədər mənfi münasibət inkişaf edərsə, bu, Azərbaycana bir o qədər sərf edir. Azərbaycan bundan istifadə edərək bir çox həqiqətləri dünyaya söyləyir, dünyada haqlı davamıza inam yaranır”.

 

“Onsuz da əvvəlki hökumət Ermənistan əhalisinin ümidini öldürmüşdü. İki il qabaq ermənilər Paşinyanı hakimiyyətə gətirdilər, nələrinsə dəyişəcəyinə ümid edirdilər. Amma Nikolun yarıtmaz daxili və xarici siyasəti, müharibədəki acı məğlubiyyət Ermənistan cəmiyyətini daha dərin ümidsizliyə yuvarlayıb. Artıq müharibənin uduzulduğunu erməni xalqı dərk edir. Bir çox ermənilər ölkəni tərk edirlər, qaçırlar. Bunun səbəbkarı əlbəttə ki, Paşinyanın yanlış qərarları, siyasi gedişləri bilməməsidir. Ona görə, ölkədə qalan narazı kütlədən müxaliflər istifadə edərək, Nikolu devirə bilərlər”, - deyə analitik əlavə edib.

 

STM rəhbəri düşünür ki, Ermənistanda millətçilər, şovinistlər hakimiyyətə gələrsə, bu, Dağlıq Qarabağdakı hazırkı prosesləri fərqli müstəviyə daşıya bilər: “Məsələn, müharibə uzana bilər, ağrısı-acısı daha çox ola bilər. Hakimiyyətə erməni millətçiləri gələrsə, Qarabağı işğaldan azad etsək də, onlar yekun sülhə razı olmayacaqlar. Bu, o deməkdir ki, mütəmadi olaraq atəşkəs pozulacaq, Azərbaycanın sərhədini düşmən pozacaq, şəhərlərimizi atəşə tutacaq. Yəni, terror aksiyalarını davam etdirə bilərlər ki, bu da Azərbaycana sərf edən variant deyil”.

 

N.Miri Paşinyanın hazırda istefaya getməsinin Kremlin də marağında olmadığı qənaətindədir: “Təbii ki, Rusiya üçün Paşinyan məqbul deyil. Amma Moskvaya Cənubi Qafqazın qeyri-sabitliyi də lazımsızdır. Kreml anlayır ki, Paşinyan hakimiyyətdən indi gedərsə, o zaman yerinə millətçi şovinistlər gələcək. Onlar da, dediyim kimi, müharibəni davamlı edəcəklər, terrorlar törədəcəklər. Rusiya marağı olan bölgədə silah səslərini o qədər də arzulamır. Fikir versəniz, görərsiniz ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Rusiya çətin vəziyyətdə qalıb. Moskva müharibə ilə bağlı konkret strateji qərarlar verə bilmir, tərəddüd içərisindədir. Putin anlayır ki, məğlub Paşinyan iqtidarı hakimiyyətdən gedəcək. Amma Ermənistanda hansı qüvvələrin hakimiyyətə gəlməsinə dəstək vermək məsələsində də tərəddüd edir”.

 

“Azərbaycan heç nəyə baxmayaraq başlatdığı Vətən müharibəsini başa çatdırmalıdır. Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın qarşısında tarixi şərait yaranıb. Belə vəziyyətdə dövlət öz funksiyasını sonacan həyata keçirməlidir. Bu gün atəşkəs etmək, dayanmaq, yeni siyasi prosesin başladılması öhdəliyi götürmək olmaz. Ərazilərimizi tam işğaldan azad etmədən, yarımçıq vəziyyətdə danışıqlar, Dağlıq Qarabağın növbəti onilliklər həllini yubadar. Artıq ərazilərimizi azad etmək prosesini başlatmışıq, bunu tam şəkildə bitirməliyik. Ərazi bütövlüyü bərpa olmalıdır ki, sonrakı proseslərdə qalib gəlmiş güc kimi masaya oturub digər xırda detalları razılaşdırasan. Əks təqdirdə, yenə də biz mənasız və uzun danışıqlar aparmalı olacağıq. Bu, indiki məqamda bizim üçün məqbul deyil. Bu baxımdan hesab edirəm ki, Ermənistanda nə olur olsun - istər Paşinyan devrilsin, istər devrilməsin - biz anti-terror əməliyyatlarını davam etdirib, torpaqlarımızı sürətlə işğalçılardan təmizləməliyik”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu      30 Oktyabr 2020 20:04
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin