Əsas səhifə Haqqımızda Xəbər lenti

“Gərək ingilis, amerikalı olam ki, sözümü dinləsinlər?” – VƏZİYYƏT CİDDİDİR

“Gərək ingilis, amerikalı olam ki, sözümü dinləsinlər?” –         VƏZİYYƏT CİDDİDİR

COVID-19 ilə bağlı son statistik rəqəmlər ürəkaçan deyil, çıxış yolu söyləyən ekspertlərin isə fikirləri toqquşur

 

Koronavirus (COVID-19) infeksiyası ilə bağlı həm dünyada, həm də bizdə statistika ürəkaçan deyil. Artıq əhali arasində söz-söhbət başlayıb ki, yenidən sərt karantin rejimi tətbiq ediləcək. Elə infeksionist həkimlər də bildirirlər ki, belə davam edəcəyi təqdirdə, yenidən sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz olacaq.

 

AYNA-ya danışan infeksionist həkim Kəmalə Hüseynova hesab edir ki, yoluxma sayında yenidən artım olduğuna görə, sərt karantin rejiminin tətbiq edilməsi lazımdır: “Düzdür, insanlara bir müddətlik azadlıq verildi. Lakin görünən odur ki, yoluxma sayında artım müşahidə olunur. İctimai nəqliyyatdakı sıxlıq halları da yoluxma sayının artmasında öz təsirini göstərir. Qış mövsümü xəstəlikləri də insanların sıx toplaşdığı yerlərdə daha çox artır və bunu da nəzərə aldıqda, yenidən sərt karantin qərarı verilsə, bunu düzgün hesab etmək olar”.

Kəmalə Hüseynova - Terapevt-infeksionist | Diabetik Ayaq Mərkəzi

Qış aylarında sərt karantin tətbiq edilməsi nəticəsində insanların evə qapanması və immunitetlərinin daha da aşağı düşməsi ehtimalına toxunan həkim bildirir ki, onsuz da qış aylarında respiratur xəstəliklər çoxalır və buna görə də insanlar immuniteti gücləndirmək üçün vitaminlər qəbul etmələri, təbii üsullardan faydalanmalıdırlar.

 

Sosioloq Əhməd Qəşəmoğlu isə daha çox əhalinin maarifləndirilməsindən yanadır. Onun AYNA-ya dediyinə görə, ən vacib məsələ müasir tələblərə uyğun olaraq əhalini hazırlamaqdır: “Bunu heç kim eşitmək istəmir və deyirlər ki, biz koronavirusla mübarizə aparırıq, karantin tətbiq edirik. Karantin çıxış yolu deyil, əhali virusla yaşamağa hazırlanmalı, qaydalara ciddi riayət etməyə inandırılmalıdır. Mən gərək ingilis, ya amerikalı olam ki, mənim sözümə qulaq assınlar? Bir mütəxəssis olaraq 20 ildə böyük elmi mərkəzlərin direktoru vəzifəsində çalışmışam. Aylardır deyirəm ki, əhali virusla mübarizəyə hazırlanmalıdır. İnsanlar qorunmursa, yalnız karantin çıxış yolu deyil. Karantinin də öz fəsadları var. Biz karantin tətbiq etməklə, cərimələri artırmaqla, virusla mübarizədə hazırlıqsız olan əhali arasında virusa yoluxma sayını azaltmağa çalışırıq. Lakin əsas olan xalqı hazırlamaqdır, belə olduqda insanlar arasında maarifləndirmə zəncirvari hal alır. İnsanlar bir-birilərinə qarşı daha tələbkar davranırlar. Yoxsa ictimai nəqliyyatda maska taxmayan insana irad bildirirsən, az qalır, səninlə dava eləsin. Ətrafdakı insanlar da onu qınamaq əvəzinə irad bildirənə yüklənir”.

Əhməd Qəşəmoğlu: BMT əhali artımının sürətini azaltmaq üçün maarifləndirmə  yoluna üstünlük verir

Ekspert rayonlardakı tələbələri ilə mütəmadi olaraq əlaqə saxladığını və oradakı vəziyyətlə maraqlandığını deyir: “Məlum olur ki, rayonlarda koronavirusla mübarizədə vəziyyət heç də ürəkaçan deyil. Tələbələrim hazırda rayonlardadırlar. Onlarla mütəmadi olaraq əlaqə saxlayıram. Kəndlərdə olan tələbələrim söyləyir ki, burada bir nəfər maska taxanda camaat onu lağa qoyur. Aldığım məlumata görə, müxtəlif rayonlarımızda koronavirus infeksiasının yayılma təhlükəsinə baxmayaraq, insanlar bir yerə toplaşır, yas keçirirlər. İrad bildirəndə də deyirlər ki, filankəs vəzifəli şəxsdir, onun məclisində iştirak etmək lazımdır, həmin məclisə toxunmaq olmaz. Bu, nə deməkdir ki?!”

 

“Azərbaycanda ən işlək struktur icra hakimiyyətidir. Hər kənddə icra nümayəndələri, eyni zamanda da “rəy liderləri” var. Rəy liderləri həmin ərazidə - kənddə camaat arasında rəyi formalaşdıran şəxslərdir. Həmin şəxs sadə çayxana işçisi də ola bilər. İcra nümayəndəsi də rəy liderlərini bir yerə yığmalı, camaat arasında bu istiqamətdə danışıqlar aparmağa təşviq etməlidir”, - deyə Qəşəmoğlu bildirir.

 

O, indiyədək görülən tədbirlərin əhəmiyyətli nəticə vermədiyini düşünür: “Fevral ayından karantin tətbiq edirik, bəs əhalini nə zaman hazırladıq? Küçələrdə, dayanacaqlarda iki-üç məlumat asmaqla, “özünüzü qoruyun” deməklə məsələ həll olunmur. İndiki vaxtda əhalini maarifləndirməyin öz metodları var. Bu, müasir tələblərə uyğun olmalıdır, 50 il əvvəlki metodlardan istifadə etmək olmaz. 50 il bundan əvvəl küçəyə bir afişa yazıb asmaqla insanların diqqətini çəkmək olardı, təsir göstərirdi, lakin hazırda bu, effektiv metod deyil. Adicə ictimai nəqliyyatda bir çox insan maskanı formal olaraq istifadə edir – çənəsinə taxır. Və yaxuda da müşahidə edirəm ki, insanlar maskanı istifadə edir, təkrar cibinə qoyur, lazım olduqda yenə istifadə edir. Bu, çox təhlükəlidir. Əgər maskaya kimdənsə virus düşübsə, onu cibinə qoyub təkrar taxdığında yoluxma riski artır”.

 

Sosioloq bu prosesdə effekt almaq üçün bir neçə məqamı vaxtında araşdırmağı, həllinə çalışmağı vacib sayır: “Əvvəla, araşdırmalıyıq ki, niyə əhali bu məsələdə belə səhlənkardır. Bunun bir neçə səbəbi var. Əhalini KİV vasitəsilə inandırmaq lazımdır. Koronavirusla bağlı təbliğat olduğunu düşünənlər var. Araşdırmaq lazımdır ki, niyə belə düşünürlər, bunun təbliğat olduğunu insanların beyninə yeridənlər kimdir. Bəlkə, elə düşmən mexanizmidir? Ermənistanın da bu dəqiqə marağındadır ki, bizdə virus daha çox yayılsın. Mütəxəssislər də bildirdi ki, virusa yoluxma sayında artımın müşahidə edilməsi, ordunun apardığı işə təsir göstərə bilər. Digər bir qism insan isə “Allah özü bilər, bizi özü qoruyur”, - deyə düşünür. Bəs, bu, harada yazılıb ki, sən necə istəyirsən, elə də davran, Allah səni özü qoruyur, qoruyacaq? Din xadimləri də bu məsələdə lap əvvəldən çox böyük iş görməliydilər. Dəfələrlə deməyimizə rəğmən, din xadimlərinin bu işini görmədik. Onlar camaata deməli idilər ki, şəriətimizdə murdar, haram anlayışları var. O şeylərə şəriətdə murdar deyilir ki, ondan xəstəlik gəlir. O şeylərə də haram deyilir ki, onlardan təhlükə var. Deməli, bu gün koronavirusla mübarizə aparmamaq haramdır? Din xadimləri hardadırlar, bəs? Niyə iş görmürlər?”.

 

“Digər bir məsələ də əhalinin immunitetinin güclənməsini təmin etməyimizdir. Rayonlarımızda ucuz qiymətə satılan məhsullar Bakıda olduqca bahadır. Yay boyu camaat meyvələrə baxa-baxa qaldı. Halbuki, rayonlarla əlaqə saxlayırdım, orada məhsul ucuz qiymətə olsa da, Bakıda bahadır. Bu işdə mexanizmi elə qurmaq olardı ki, həmin məhsul Bakıya gətirilsin, camaat meyvə-tərəvəzlə təmin edilsin. Bu halda rayonlardakı insanlar da 190 manatı gözləməyəcəkdilər, öz məhsullarını satıb pulunu qazanmış olacaqdılar. Lakin bunlar olmur, bütün gözlər Prezidentə tikilib. İndi Prezident həm müharibə aparacaq, həm də bu işlərlə məşğul olacaq? Məmurların işi nədən ibarətdir? Onlar niyə bunları eləmirlər? Bu suallarımız da açıq olaraq qalır. Eyni zamanda QHT-lər, ictimai təşkilatlar ictimai rəyi formalaşdırmaq üçün kifayət qədər iş görə bilərdi. Onlar elə küçələrdə insanlarla danışardı, dostyana yanaşardı, izah edərdi”, - müsahibimiz vurğulayır.

 

Qəşəmoğlunun sözlərinə görə, bəzi məqamlara diqqət yetirdikdə görünür ki, bizdə sağlamlıq mədəniyyəti hələ formalaşmayıb: “20 ildir ki, mən bu barədə yazıram, Azərbaycanda sağlamlıq mədəniyyəti sahəsində iş görmək lazımdır. İnsanlarımızıda bir natəmizlik var. Bu, insanlarımızı pisləmək deyil, sadəcə problemin varlığını ifadə eləməkdir. Kiminsə də xalqı pisləmək haqqı yoxdur, sadəcə müəyyən problemlər var və onların həlli istiqamətində işlər görülməlidir. Bunlardan biri də elə bizim sağlamlıq mədəniyyətimiz sahəsindədir. Bazarlarda yerdə, toz-torpağa bulaşan məhsullar satılır, küçələrdə kanalizasiya boruları işləmir, çirkab sular bir də görürsən ki, evlərə axır, yekə-yekə adamlar küçəyə tüpürür. İndiki halda bu cür davranışlar ümumiyyətlə, yolverilməzdir. Bunlar özü ciddi problemlərdir və bu sahədə müvafiq işlər aparılmalıdır”.

Müəllif: Aləmdə Nəsib      27 Oktyabr 2020 21:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin